AZ

Ukraynada müharibə Azərbaycanın benzin idxalına təsir etməyə başlayır...

Image

Məlum olduğu kimi, Rusiya bu il martın 1-dən benzin ixracına qadağa qoyub. Qadağa altı aylıq dövrü əhatə edəcək. Lakin son proseslər üzündən bu qadağanın daha da uzanması gözlənilir. Belə ki, Ukrayna Rusiyanın neft emalı müəssisələrini sıradan çıxararaq orada yanacaq qıtlığı törədir və qiymətləri bahalaşdırır.

Rusiyanın içərilərində və sərhəddən çox uzaqda olan neft emalı müəssisələrinə Ukraynanın silsilə dron hücumları Kremli, Ukraynada apardığı müharibədən başqa, öz ərazisini qorumaq haqqında da düşünməyə vadar edir. “Politico” nəşri yazır ki, bu hücumlar həm də gözlənilməyən sonuclar doğurub. Belə ki, dünyanın ən iri neft dövlətində neft qıtlığı yaranıb. Rusiya istehlakçıları üçün dizel qiymətləri kəskin artıb. Hökumət rəqəmlərinə görə, təkcə ötən həftə dizel yanacağının qiymətləri 10 faizə yaxın bahalaşıb. Təchizat azaldığından və getdikcə daha çox müəssisə işini dayandırdığından benzin qiymətləri ilin əvvəlindən bəri 20 faizdən çox artaraq son yarımilin ən yüksək həddinə çatıb. Ötən həftə Ukrayna sərhədindən təxminən 500 kilometr uzaqda Rusiyanın enerji nəhəngi “Rosneft”ə aid iki yanacaq anbarı dronlarla vurularaq ciddi dağıntıya məruz qalıb. Yanacaq məhv edilib. Rusiyanın doqquz regionunda 12-dən çox neft emalı müəssisəsi il başlayandan bəri buna bənzər hücumlara hədəf olub. Kiyev rəsmiləri neft sənayesinin legitim hərbi hədəf sayıldığını deyirlər. Britaniya hərbi kəşfiyyatının keçmiş zabiti Filip İnqrem  bildirir: “O, ağcaqanad kimidir – nə tapa, nə öldürə bilirsən, özü də hər gecə yenə gəlir, yorulub əldən düşürsən. Bu, ön cəbhə üzərindəki basqını götürmək üçün çox yaxşı yoldur”. Onun sözlərinə görə, bu strategiya qarşıdakı onilliklər ərzində zabitlərə təlim keçən akademiyalarda öyrəniləcək.  Nəticədə Moskva yanacaq ixracatını, az qala, tarixi minimum səviyyəsinə endirib. Bu, Moskva üçün həm siyasi, həm də hərbi problemdir. Ucuz yanacaq Rusiyanın savaş aparmasından ötrü vacib olmaqla yanaşı, hökumətin xalqa təqdim etdiyi əsas məqamlardan biridir. Çünki bu hal  artmayan maaşları və zəif rublu tarazlayır. Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun təhlilçisi İqor Yuşkov yerli mediaya müsahibəsində qiymətlərin tezliklə aşağı düşməyəcəyini və hətta ölkənin qonşu Belarusun anbarlarında saxlanan benzini idxal etməli ola biləcəyini deyib. Ötən il Moskva daxili bazarda yaranan qıtlıq üzündən benzin və dizel ixracını yasaqlamışdı. Rusiya sürücülərin işini asanlaşdırmaq və kənd təsərrüfatı sektorunu, görüntü üçün də olsa, gücləndirməkdən ötrü elə tarixən daxili yanacaq bazarını tənzimləyib, qiymətləri aşağı səviyyədə saxlayır. Amma dünyada yanacaq bahalandığından neft alış-verişi ilə məşğul dəllallar Rusiyanın daxili bazarı üçün nəzərdə tutulan ucuz benzini xaricə satmaqla gəlir götürürdülər. Noyabrda bu qadağanı yüngülləşdirən Moskva martda Ukraynanın hücumlarına görə onu yenidən tətbiq etməli olub.

Qərb ölkələrinin çoxu Rusiyadan benzin və dizel kimi neft məhsulları almağı dayandırsa da, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Amerika və Şimali Afrikanın bir neçə dövləti ucuz qiymətlərdən yararlanmaq və ya yenidən ixrac məqsədilə yenə həmin məhsulları alır. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Rusiya iqtisadiyyatı üzrə eksperti Mariya Şaqina qeyd edir: “Kiyev Moskvanın texnoloji zəif damarını tapıb və Ukraynanın Rusiya neftayırma zavodlarına dron zərbələri Qərb sanksiyalarının təsirini sürətləndirir. Bu zavodlar artıq Qərb avadanlığı, ehtiyat hissələri və proqram təminatını yeniləməkdə çətinlik çəkirlər”. Ancaq Ukraynanın Kremlin qanlı müharibəsini qidalandıran yanacaq və pul axınının qarşısını almaq cəhdləri ABŞ-ın xəbərdarlığına tuş gəlib. Müdafiə naziri Lloyd Ostin kimi yüksəkvəzifəli rəsmilər bu hücumlarla bağlı açıq xəbərdarlıq səsləndiriblər. ABŞ rəsmilərini dünya enerji bazarları təlaşlandırır. Moskva da bütün müharibə ərzində fəal şəkildə Ukrayna infrastrukturunu hədəf alaraq ölkənin elektrik şəbəkəsini sıradan çıxarıb və milyonlarla insanı elektriksiz qoyub. İndi Rusiyanın yanacaq ixracına tətbiq etdiyi qadağanın və baş verənlərin Azərbaycana təsirinin olub-olmmamasına gəlincə,   2023-cü ilin rəsmi statistikasına görə, il ərzində Azərbaycana 86 min ton 95 markalı, 2 min tondan çox isə 98 markalı benzin idxal olunub. Ötən il Azərbaycana idxal olunan yüksək oktanlı benzinin ümumi həcmi 88 min tondan artıqdır. Keçən il ölkədə idxal olunan yanacağın həcmi 2022-ci illə müqayisədə 13,5 faiz azdır. Bu proses son bir neçə ildir ki, davamlı olaraq baş verir. Azərbaycanın yüksək oktanlı benzin idxalı rekordu vaxtilə 98 min ton olub. Rusiyadan ölkəmizə gətirilən yüksək oktanlı benzinin ümumi idxal həcmindəki çəkisi 47 faiz olub.  Amma bu rəqəmin sıfır həddinə enməsi qaçılmaz görünür. Onu a qeyd edək ki, Azərbaycan 95 markalı benzin idxalını bir çox ölkələrdən həyata keçirir. Bu ölkələr sırasında Belarus, Rumıniya, Yunanıstan, hətta Gürcüstan da var. Düzdür, Gürcüstan özü benzin istehsal etmir. Lakin, SOCAR-ın Gürcüstandakı yanacaqdoldurma məntəqələri orada topdan alış həyata keçirir. Azərbaycan da açıq bazar prinsipi ilə buradan yüksək oktanlı benzin alır. Ona görə də, Azərbaycanda yanacaqla bağlı hansısa problem gözlənilmir. 

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla