AZ

Çərçivə sülh sazişi və dəhlizlə bağlı anlaşma - Tarixi qərar belə açıqlanacaq

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Qazaxıstanda Azərbaycanla Ermənistan xarici işlər naziri arasında gözlənilən görüşdə tərəflərin çərçivə sülh sazişi üzərində müzakirələr aparacağı ehtimal edilir. Sizin gözləntiləriniz nədən ibarətdir?

- Qazaxıstanda aparılacaq danışıqların nəticəsində çərçivə sülh sazişinin imzlanmasına doğru ciddi bir addım atıla bilər. Tərəflərin heç bir vasitəçi olmadan bu müzakirələri aparması önəmlidir. Qazaxıstanın isə vasitəçi olmadan görüş üçün belə bir platforma yaratması təqdir olunur. Qazaxıstan türk dövləti olaraq Azərbaycanla sıx əlaqələrə, qardaşlıq münasibətlərinə malikdir. Ermənistanla da Qazaxıstan arasında normal münasibətlər var. Bu türk dövləti Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə hər zaman ədalətli mövqe tutub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb. Bununla yanaşı Qazaxıstan Ermənistanla da gərgin münasibətdə deyil. Bir müddət öncə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistanda səfərdə olması da bunun göstəricisidir. Böyük ehtimalla Tokayev İrəvanda olarkən Nikol Paşinyanla Azərbaycanla aparılacaq danışıqlar üçün müəyyən təkliflər edib. Heç şübhəsiz ki, Azərbaycan Prezidenti ilə razılaşdırılmış qaydada bu müzakirələr aparılıb.

- Bununla da Qazaxıstanı sülh platforması üçün yeni bir məkan kimi səciyyələndirmək olarmı?

- Artıq Qazaxıstan Azərbaycanla Ermənistan arasında danışıqlar üçün yeni bir platforma kimi meydana çıxır. Ümid edirik ki, bu platforma daha davamlı olacaq. Bu günə qədər hər iki tərəfin yer aldığı Brüssel, Moskva, Praqa, Vaşinqton, Berlin, Tiflis kimi platformalardan Almatı davamlı danışıqlar üçün əlverişli məkan olacaq. Qazaxın anklav olmayan 4 kəndinin geri qaytarılması da məhz bu müstəvilərdə aparılan danışıqların nəticəsi hesab edilir. İlk addım atılır. Xarici işlər nazirlərinin Almatı görüşündə tərəflər heç bir kənar vasitəçi olmadan bütün məsələləri müzakirə etmək imkanı əldə edəcək. Məhz bunun nəticəsi olaraq çərçivə sülh sazişinin imzalanması ehtimal edilir.

- Zəngəzur dəhlizinin açılmasının da gündəmdə olduğu, Tokayevin səfərindən bu istiqamətdə müzakirələrin aparıldığı ehtimal edilir. Orta Dəhliz konsepsiyasına uyğun olaraq Qazaxıstanın Zəngəzur dəhlizinin açılmasında təsirini necə dəyərləndirmək olar?

- Qazaxıstanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ciddi maraqları var. İlk növbədə Orta Dəhliz konsepsiyasının işlək vəziyyətə gətirilməsi üçün Azərbaycanla Ermənistanın da ortaq mövqeyi olmalıdır. Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı, Ermənistanın da maraqlarına uyğundur. Bu maraqları uzlaşdırmaq üçün danışıqlar aparılmalıdır. Bu danışıqlar da Almatı görüşündə geniş şəkildə aparıla bilər. İlk növbədə burada xarici işlər nazirləri səviyyəsində, daha sonra isə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri müstəvisində bu müzakirələr aparılması mümkündür. Reallıq odur ki, Qazaxıstan Orta Dəhlizin açılmasında maraqlıdır. Rusiya-Ukrayna müharibəsi fonunda Qazaxıstan özünün ticarət əlaqalərini başqa bir müstəvidə davam etdirmək niyyətindədir. Bunun də optimal yolu Orta Dəhlizdir. Orta Dəhliz isə Zəngəzur dəhlizinin bir hissəsidir.

- Belə çıxır ki, Almatıda Zəngəzur dəhlizi məsələsi gündəliyin əsas müzakirə mövzularından biri olacaq...

- Çox güman ki, Almatıda Zəngəzur dəhlizinin açılması mövzusu geniş danışılacaq. İstisna edilmir ki, Qazaxıstan bu vasitəçiliklə maraqları uzlaşdırmaq niyyətindədir. Beləliklə, tərəflər arasında ortaq nöqtələr tapılacaq. Bunun nəticəsi olaraq isə tezliklə Zəngəzur dəhlizinin açılması reallaşacaq. Burada da Qazaxıstanın töhfələri mühüm yer tutacaq.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
98
Mənbələr
Şərh ()
Bağla