AZ

Sandro Tonalinin cəzası daha iki ay müddətinə uzadıldı

“Nyukasl”ın italyan dayaq yarımmüdafiəçisi Sandro Tonalinin qanunsuz mərc qoyuluşlarına görə cəza müddəti daha iki ay müddətinə uzadılıb.

Arena.az bu barədə “Nyukasl”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Bununla belə, 2024/2025 mövsümündə bu iki ayın buraxılacağı vurğulanır. Beləliklə, Tonali 2023-cü il oktyabrın 27-də ona verilmiş on aylıq cəzadan dərhal sonra meydana qayıda biləcək.

Bundan əlavə, italyan yarımmüdafiəçi 20 min funt-sterlinq (23,3 min avro) məbləğində cərimə ödəməlidir.

Vurğulanır ki, İngiltərə Futbol Assosiasiyası (The FA) Tonalinin özünün daha əvvəl bir neçə qanunsuz mərc qoyuluşu barədə məlumat verməsini müstəsna amil olaraq təsdiqləyib.

Hazırda Tonali giriftar olduğu qumar asılılığından müalicəsini davam etdirir.

Sandro 2023-cü ilin iyulunda “Milan”dan “Nyukasl”a özü də istəmədən transfer edilib. Tonalinin özü karyerasını “Milan”a həsr etmək arzusunda olsa da, “rossoneri” rəhbərliyi onun transferində israrlı olub. “Nyukasl” italyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Sandro Tonali “sağsağanlar”ın heyətində bütün yarışlarda 12 oyun keçirib, 1 qol vurub.

Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 15 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı italyan dayaq yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla