AZ

15 gündə Makron Bakıdan qaçmış səfirinin "qulağına" nələr dedi…

Image

Sahil Kərimli: “Cənubi Qafqazda yaradılan realllıqlarla nəinki Fransa, bütün dünya barışmalıdır”

Fransa ilə Azərbaycan arasında gərginləşən münasibətlər fonunda məsləhətləşmələr üçün geri çağırılmış səfir Ann Buayon Azərbaycana qayıdıb. 

Hazırda Ann Buayon Bakıda diplomatik fəaliyyətini davam etdirir. Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda aprelin 16-da məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa prezidenti Emmanuel Makron qəbul edib. Amma bu məlumatdan məlum olur ki, səfir geri qayıdıb və bu da Yelisey-Bakı münasibətlərində yaranmış gərginliyin azaldılmasına yönəlik addım kimi qiymətləndirilir. Görünür, Makron administrasiyası Cənubi Qafqazda yaranan yeni reallıqları qəbul etmək məcburiyyətində qalıb. Xüsusən də Ermənistanla Azərbaycanın ilk dəfə sərhədləri dəqiqləşdirməyə başlaması, dirəklər basdırılması, Qazaxın anklav olmayan kəndlərinin bir güllə atılmadan qaytarılması rəsmi Parisdə diqqətlə təqib olunub.

Səfirin geri qayıtması daha hansı amillərlə izah oluna bilər?

Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransa hökuməti səfirin geri çağırılması məsələsi ilə müəyyən diplomatik gediş etmək istəyirdi: “Bu da məlum idi ki, səfirin geri çağırılması daimi xarakter daşımırdı. Səfirlər adətən belə diplomatik krizislər  zamanı müəyyən məsləhətləşmələr aparmaq üçün, diplomatik münasibətlərdə bəzi düzəlişlər etmək məqsədilə  geri çağırılır. Fransanın Bakıda olan səfirini müvəqqəti geri çağırması da bu xarakteri daşıyırdı. Fransa Azərbaycan dövlətinin qətiyyəti, birmənalı siyasi iradəsi qarşısında başqa addım da ata bilməzdi. Səfir bir neçə gün məsləhətləşmədən sonra yenidən Azərbaycana qayıtdı. Mən hesab etmirəm ki, səfir müəyyən qədər təlimatlandırılıb və Azərbaycanla gərginləşən münasibətlər bundan sonra da bir az yumşalacaq. Çünki Fransa dövləti Azərbaycana qarşı daim qərəzli, bəzən də düşmənçilik siyasəti həyata keçirib. Biz bunu uzun illərdi müşahidə edirik. Ermənistanın işğalçılıq siyasətinə qarşı Fransa daim Ermənistanın bu mövqeyini dəstəkləyib. Belə olduğu halda da 44 günlük vətən müharibəsində və ondan sonrakı dövrdə Fransa Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Bu, ilk növbədə Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan siyasət yürütməsindən irəli gəlir. Fransa heç cür Azərbaycanın qətiyyətli, milli maraqlar çərçivəsində həyata keçirilən siyasəti ilə barışmaq istəmir. Eyni zamanda Fransa Cənubi Qafqazda baş verən proseslərdə öz hegemonluğunu, varlığını qoruyub saxlamaq istəyir. Bununla da Ermənistandan bir alət kimi istifadə edərək Azərbaycana təzyiqlər etməyə çalışır. Bundan sonra, təbii ki, müəyyən qədər diplomatik yumşalma gözlənilir. Amma Fransa dövlətinin siyasəti dəyişməz qalacaq. Çünki o, nəinki Cənubi Qafqazda, bütün dünyada hegemon, işğalçı siyasət yürüdən ölkədir. Fransanın müstəmləkəçilik siyasətini bütün dünya yaxşı bilir. Onun qanlı tarixi keçmişini də unutmamaq lazımdır. Bütün bunları nəzərə alaraq demək olar ki, Fransanın dövlət kimi mahiyyəti bundan ibarətdir. Eyni zamanda da biz burada Makron hakimiyyətinin yarıtmaz, düzgün olmayan siyasətini vurğulamalıyıq. Məlumdur ki, Makron hakimiyyəti zamanı bu siyasət daha çox özünü göstərdi. Fransanın onsuz da itirilən nüfuzu daha aşağıya enəcək bir vəziyyətdədir. Mən hesab edirəm ki, Fransa Azərbaycanın qətiyyətli və haqlı, ədalətli siyasəti qarşısında yenə geri çəkilməyə məcbur oldu. O artıq başa düşdü ki, Azərbaycanla təzyiq və təhdid dililə danişmaq olmaz. Cənubi Qafqazda yaradılan realllıqlarla nəinki Fransa, bütün dünya barışmalıdır. Azərbaycanı haqq - ədalət yolundan heç bir qüvvə döndərə bilməz”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla