AZ

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurdular

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasına yekun vurulub.

Sportnet.az xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışın son günündə 200, 1000, 1500 metr məsafələrdə kayak-kanoe və akademik növdə mübarizə baş tutub.

İbrahim Məmmədzadə və Sərhad Fərhadlı (2010-2011) ikinəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda bürünc medal qazanıblar.

Akademik növdə 1500 metr məsafəyə yarışda Nurlan Paşayev 2-ci, bu növdə mübarizə aparan Vacib Babayev və Qiyas Əhmədov cütlüyü isə (500 metr) 3-cü olublar. Fariz Babayev və Nurlan Paşayev cütlüyü 1500 metr məsafəyə yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Niyaz Məlikov-Emil Zeynalov cütlüyü isə kayak qayığı ilə 1000 metr məsafədə (2008-2009) gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan avarçəkənləri yarışı 9 medalla başa vurublar. Əlimurad Hacızadə (qızıl), Nurlan Paşayev (gümüş), Vacib Babayev və Qiyas Əhmədov cütlüyü (bürünc), Amil Ramazanov (bürünc) medal əldə ediblər.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyanın prezidenti Vüqar Əhmədov, baş katib Fərhad Əliyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Serbiya Avarçəkmə Federasiyanın İdarə Heyətinin rəhbəri Duşan Kovaçoviç təqdim ediblər.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla