AZ

“Qalatasaray”da superkubokla bağlı yeni plan - Okan Burukun maaşı ikiqat artırılacaq

“Fənərbaxça” ilə apardığı amansız çempionluq mübarizəsində bir addım öndə görünən “Qalatasaray”dan xəbərlər var.

Rəhbərlik superkubokla bağlı yeni qərar qəbul edib. Bilindiyi kimi, ötən ay “Fənərbaxça”nın meydana U-19 komandası ilə çıxması və ilk dəqiqədə qol buraxdıqdan sonra meydandan çəkilməsi ilə “Cim-Bom” superkubokun qalibi olmuşdu. Maraqlıdı ki, hələ də komanda ictimaiyyət önündə bu kuboka sahib çıxmayıb.

Əvvəlcə belə güman olunurdu ki, futbolçular superkubokdan sonrakı ilk ev oyununda həmin kuboku havaya qaldıracaqlar. Amma belə olmadı. İlk ev oyunu aprelin 15-də “Pendikspor”a qarşı keçirildi. Sən demə, oyundan bir neçə saat öncə rəhbərlik belə qərar verib ki, kubokun təqdim olunması futbolçuların konsentrsiyasına təsir edə bilər. Bu üzdən mərasim təxirə salınıb. Hələ də bu qərar qüvvədədi. Komanda çempionluq mübarizəsi apardığı üçün rəhbərlik futbolçuların konsentrasiyasını pozmaq istəmir. Ona görə də son qərar belədi ki, superkubok mövsümün sonunda çempionluq kuboku ilə birlikdə futbolçulara təqdim olunacaq. Yəni “Qalatasaray”ın planı baş tutsa, komanda mövsümün sonunda çempionluğa həsr olunan tədbirdə birdən-birə iki kubok qaldıracaq.

Baş məşqçi vəzifəsində heç ikinci mövsümünü belə tamamlamayan, amma indidən bir çox rekordların sahibi olan və fanatların böyük sevgisini qazanan Okan Burukla bağlı da xəbər var. 50 yaşlı mütəxəssisin klubla müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcək. Bir müddət öncə 5 futbolçu – Muslera, Torreyra, Barış Alpər Yılmaz, Əbdülkərim Bardakcı və Kaan Ayhanla yeni müqavilə imzalayan rəhbərlik Burukla bağlı da yekun qərarını verib. Mayın 25-də “Qalatasaray”da prezident seçkisi keçiriləcək. Başqan Dursun Özbək ötən həftəsonu seçkidə yenidən namizəd olacağını açıqladı. Türkiyə mətbuatının yazdığına görə Özbəklə Buruk yeni müqavilə ilə bağlı şifahi razılıq əldə edib. Seçkidən dərhal sonra ilk növbədə Burukun müqaviləsi yenilənəcək. Onun maaşı isə ikiqat artırılacaq! Təcrübəli mütəxəssis 2022/23-də illik 17 milyon lirə qazanmışdı. Çempionluqdan sonra onun müqaviləsinin şərtləri yenilənmiş və maaşı 30 milyon lirəyə çatdırılmışdı.

Buruk bu mövsüm də ümidləri artıqlamasıyla doğruldur. O, klub tarixinin xal rekordunu, eləcə də Türkiyə çempionatı tarixinin ardıcıl qələbə rekordunu yeniləyib. Ona görə də rəhbərliyin bu məşqçiyə jesti anlaşılandı. Gələn mövsüm üçün Okan Buruk illik artıq 60 milyon lirə qazanacaq!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla