AZ

"Ailə tutumu uşağın məktəbdəki dərs perfomansına təsir edən ən önəmli faktdır" - PSİXOLOQ İZAH ETDİ

"Uşaqların dərs oxumağa meylinin olmamasının bir çox səbəbi var". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla İsmayılova deyib.

O bildirib ki, fiziki narahatlıq, emosional sıxıntı, sosial təzyiqlər və ya tədris metodları ilə bağlı problemlər bu istəksizliyə səbəb ola bilər. Uşağın bu vəziyyətə düşməsinin səbəbini anlamaq problemin həlli yolunda ilk addım olacaq.

Texnologiyanın istifadəsi günü-gündən artır. Bu da uşaqların dərsə həvəsini azaldır. Ev tapşırığı olub-olmamasından asılı olmayaraq həftə içi televiziya və ya planşetdən istifadə məhdudlaşdırılmalıdır. Planşet, telefon və kompüter müəyyən həddə istifadə edilməli olan materiallardır.

Texnoloji cihazlardan düzgün istifadə uşaqların dərsə həvəsinə müsbət təsir göstərə bilər. Öyrənilən dərslərlə bağlı texnoloji materiallardan istifadə etməklə öyrədici oyunlar oynana, bacarıqların inkişafına dəstək verilə bilər.

İlkin olaraq, araştırmalar göstərir ki, ailə tutumu uşağın məktəbdəki dərs perfomansına təsir edən ən önəmli faktdır. Bununla birlikdə başqa araştırmalar məktəbdəki, dərs perfomansı aşağı olan uşaqları olmayanlardan ayıran səbəbin ailənin uşağın təhsilinə diqqətsizliyi olduğunu deyir.

Məktəbdən öncə öyrənmə doğulduğumuz evlərdə başlayır. Baxım verənlərimizi model alaraq, onların bizə qarşı olan münasibətləri bizi də həyata qarşı hazırlayır. Öz öhdəliklərini yerinə yetirə bilməyən bir ailədə böyüyən uşağın da öz öhdəliklərini yerinə yetirməməsi, dərslərinə istəksiz olması gözləniləndir. Eyni zamanda, bəzən ailə daxilində yüksək gözləntilər, həddindən artıq basqı uşaqlarda dərs zamanlarının stressli keçməsinə və məcburiyyət hiss etmələrinə yol açır. Ən əsası da, uşaqlara qarşı istifadə etdiyimiz dil çox önəmlidir. Oxu adam ol, çoban olacaqsan ve s. kimi uşağın özgüvənini zədələyəcək sözlərdən istifadə etməyimiz uşağın məktəbə olan motivasiyasını aşağı salır. Bəzənsə uşağın öz maraqları oldugunu unudaraq, sadəcə öz istəklərimizi onlara aşılayırıq. Uşaqları öz maraqlarına yönəltməmək onların dərs prosesini monoton və darıxdırıcı görməsinə səbəb ola bilər.

İkinci önəmli faktor isə təhsil sistemində olan yetərsizliklərdir. İstifadə edilən öyrətmə üsulları hər uşaq üçün keçərli olmaya bilir. Təhsil üçün istifadə edilən materiyallar bəzən uşağın yaşına, tutumuna uyğun olmur, hətta ehtiyacdan artıq olduğu üçün uşaq yüklənir. Fənlərin çətinliyi, dərs mühiti, stress və motivasiyanın olmaması ən böyük səbəblərdən biridir. Ev tapşırıqlarının çoxlugu uşaqda məktəbdən sıxılmağa səbəb olur. Bu da uşaqda həvəssizlik yaradır".

Onun sözlərinə görə, bu prosesdə valideynlərin tutumları çox önəmlidir: "Öncəliklə uşaqları diqqətlə dinləyib, özlərini rahatlıqla ifadə edə bilmələri üçün təhlükəsiz şərait yaratmaq, səbəblərini anlamaq və həll yolu üçün uşaqla birlikdə addımlar atmaq lazımdır. Onların maraqlarına yönəlmiş fəaliyyətlərlə zaman keçirməsinə şərait yaratmaq lazımdır. Evdəki tapşırıqları yerinə yetirmək üçün xüsusi vaxt intervallari təyin etmək lazımdır. Valideynlərin öz öhdəliklərini yerinə yetirməkdə ardıcıllığı uşaqları üçün öyrənməyə gəldikdə yaxşı nümunədir. Əgər uşağın dərs oxumaq istəməməsi uzunmüddətli və radikal bir vəziyyətə çevrilibsə, bir mütəxəssisə müraciət etmək faydalı ola bilər. Valideynlərin övladlarına dərs oxumaq üçün təzyiq göstərməkdənsə, onlara dəstək olması onların bu sahədə daha uğurlu olmasına kömək edir.

Uşaqlar özlərini uğursuz hiss edərlərsə, oxumaq istəməyə bilərlər və ya dərsdən sıxıla bilərlər. Motivasiya üçün uşağın başa düşüldüyünü ifadə edən sözlər, məsələn, "Bəli, bu mövzuda çətinlik çəkə bilərsiniz, sizi çox yaxşı başa düşürəm, amma bacararsınız", "Zəhmətinizə görə təşəkkür edirəm, əlinizdən gələni edirsiniz" istifadə edilməlidir. Uşaqlar ev tapşırığı və dərsləri ilə bağlı mənfi davranışlar göstərdikdə, valideynlər bu davranışı aradan qaldırmağa yanaşmaq əvəzinə, yalnız uşağı anlamağa çalışmalıdırlar.

Müəllimlər də uşaqların dərsə meylinin az olmasını başa düşmək və dəstəkləmək üçün bir çox strategiya hazırlaya bilərlər. Uşağın diqqətini cəlb etmək üçün təlim üsullarından hansının daha təsirli olduğunu müəyyən etmək faydalı olardı. Uşaqların dərsə marağını yaratmaq üçün diqqətini cəlb etmək lazımdır. Uşaqların bir-biri ilə əməkdaşlıq edərək öyrəndikləri qrup çalışmaları tələbənin oxumaq motivasiyasını artıra bilər. Dərslə bağlı uşaqlara kiçik vəzifələr verməklə onun dərslərdə fəal iştirakını təşviq etmək olar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
Mənbələr
Şərh ()
Bağla