AZ

"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."

Prezident İlham Əliyev may ayının 1-də  “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edib.
 
Ölkə Başçısı çıxışında sülhün və təhlükəsizliyin bütün dünyada təşviq olunması istiqamətində mühüm mesajlar verib, önəmli məqamlara toxunub. Cənab Prezidentin forumda verdiyi mesajlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və gücünün əyani göstəricisidir.
 
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
 
Deputat bildirib ki, son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu, ilk növbədə, ölkəmizin geosiyasi əhəmiyyəti ilə bağlı olan məsələdir. Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Başqa sözlə desək, real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, eyni zamanda, həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır. Bütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu səbəbdən müxtəlif mədəniyyətlərin və qitələrin qovuşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir. “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində olduqca böyük və əhəmiyyətli bir platformadır. Bu baxımdan qeyd etməliyik ki, 110 ölkənin nümayəndəsinin iştirak etdiyi  VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhün və təhlükəsizliyin təşviq olunmasına ciddi töhfə verəcək.
 
Millət vəkili Tamam Cəfərova qeyd edib ki, hazırda dünyada çətin və mürəkkəb proseslər, siyasi, iqtisadi katakilizmlər yüksələn xətlə inkişaf edir. Dünyanın bir çox yerində davam edən açıq müharibələr və örtülü münaqişələr getdikcə daha da alovlanır. Dünyada belə mürəkkəb situasiyaların mövcud olduğu bir şəraitdə Azərbaycanın milli maraqlarından irəli gələn xarici siyasəti və məsələləri həll etməkdə qazandığı təcrübə bir çox ölkələr üçün olduqca vacib bir nümunədir. Azərbaycanın ötən illərdəki təcrübəsini beyəlxalq ictimaiyyətlə bölüşən cənab Prezident çıxışında qeyd edib: “Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Azərbaycanın torpaqları 30 il ərzində işğal altında olub. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi. Çünki implementasiya mexanizmi yox idi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik.Məhz Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır”.
 
Artıq, Azərbaycan və Ermənistan arasında münasibətlərdə müsbət tendensiyanın mövcud olduğunu deyə bilərik. Azərbaycanın işğal altında olan 4 kəndinin qaytarılması və sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanması və sürətlə davam etməsi iki ölkənin sülhə doğru yaxınlaşdığını deməyə əsas verir.  Bəzi dövlətlər və güc mərkəzləri öz maraqları naminə Cənubi Qafqaza müdaxilə etməyə çalışaraq, keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar. Lakin, Azərbaycan bütün bu cəhdlərin qarşısını qətiyyətlə almaq iqtidarında olan güclü dövlətdir. Artıq, Ermənistan da başa düşür ki, Azərbaycan bölgədə sülh, sabitlik və əmin-amanlığın bərqərar olmasını istəyir. Bu isə yalnız, iki ölkə arasında normallaşma prosesi vasitəsilə mümkün ola bilər. Ötən onilliklərin təcrübəsi göstərir ki, regionda sabitliyə nail olmaq üçün kənar müdaxilələrin qarşısını qətiyyətlə almaq lazımdır. Millət vəkili Tamam Cəfərova belə deyib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla