AZ

"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi

“503 saylı avtobus Sumqayıtdan gəlib, Saray qəsəbəsindən keçir. Avtobus elə vəziyyətdə gəlir ki, bizi götürə bilmir. Götürsə də çox pis vəziyyətdə gedirik. İnsanlar az qalır ki, bir-birinin üstünə çıxsınlar. Avtobuslar bizə xidmət edə bilmirlər, çünki Sumqayıtdan dolmuş vəziyyətdə gəlirlər”
 
 
Bunu Moderator.az-a açıqlamasında Saray qəsəbə sakini Mətanət Məhərrəmova deyib. O daha sonra vəziyyətin dözülməz olduğunu bildirib.
“Mən Elmlər metrostansiyasının yaxınlığında işləyirəm. İşdən çıxıb Avtovağzala gedirəm. Avtobus dolmamış tərpənmir. Sözsüz ki, biz gözləməli oluruq. İnterval deyilən bir şey var, avtobus intervalla işləməlidir. Dəfələrlə aidiyyatı qurumlara müraciətlərim olub, amma hələ də məsələ öz həllini tapmayıb. Onlar mənə yazıblar ki, 508 saylı avtobusu reysə buraxıblar. Amma heç bir şirkət gəlib iştirak etməyib ki, o avtobusu götürsün. Biz nə etməliyik? İstəyimiz odur ki, Saray kəndinin özündən Bakı istiqamətində avtobus olsun. Biz Sumqayıtdan gələn avtobusların ümidinə qalmayaq. Onlar bizə istəsələr belə xidmət göstərə bilmirlər. Avtobus sahibkardadır, o da planı yükləyib sürücüyə, sürücü də məcburdur ki, müştərilərin sayını artırsın. Biz də acınacaqlı vəziyyətdə işimizə gəlməli oluruq. Avtobusda sıxlıqdan o gün bir qızın ürəyi getdi. Qadın bilmir, kişi bilmir, o deyir itələmə məni, bu deyir toxunma mənə” deyə sakin bildirib.
 
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Moderator.az-a bunları bildirib.
“Hazırda Abşeron rayonunun Saray qəsəbəsindən keçməklə Sumqayıt şəhərindən Bakıya 503 nömrəli avtobus marşrutu fəaliyyət göstərir. Marşrut xəttinə gündəlik 12 avtobus buraxılır. Avtobuslararası interval 10-12 dəqiqə təşkil edir. 
 
Hazırda isə qəsəbə sakinlərinin Bakıya daşınmasının təmin edilməsi üçün günün səhər və axşam saatlarında avtobusların iş qrafikində dəyişikliyin edilməsi və nəzarətdə saxlanılması tapşırılıb.
Qeyd edək ki, marşrut xətlərinin optimallaşdırması işləri çərçivəsində Saray qəsəbəsi sakinlərinə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsi istiqamətində islahatlar aparılır. Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə birləşdirən avtobus marşrutunun yaradılması nəzərdə tutulur. Bununla bağlı daşıyıcının müəyyən edilməsi üçün müsabiqə elan edilib” deyə mətbuat katibi deyib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla