AZ

Ulu öndərin dövlətçilik irsinə ehtiram

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib. 

Məclisin açılışında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, müasir Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. O qeyd edib ki, Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Zəfər sayəsində Konstitusiyanın hüquqi qüvvəsi və vətəndaşlarımızın Əsas Qanunda təsbit edilmiş hüquqları işğaldan azad olunmuş Azərbaycanın ərazisində tam bərpa edilib.

Çıxış edənlər Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan uğurlu sosial, mədəni iqtisadi və intellektual sərmayələrin xalqımızın istiqlaliyyət qazanmasına zəmin yaratmasından ətraflı söhbət açıblar. 

Konfransın praktiki hissəsində “Konstitusiya nəzarət orqanlarının subsidiarlıq prinsipi”, “Azərbaycan Respublikasının əmək qanunvericiliyinin təkmilləşdirilməsi zamanın tələbidir”, “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” və digər hüquqi mövzular üzrə məruzələr səsləndirilib, hüquq elminin aktual məsələlərinə toxunulub və geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda sədr Fərhad Abdullayev xüsusilə qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi irsinin davamı kimi Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu və milli maraqlara söykənən siyasət, həyata keçirilən dövlət proqramları və genişmiqyaslı layihələr ölkəmizin dayanıqlı inkişafına, həmçinin Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət edir.

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla