AZ

Heç kəs unudulmur, heç nə yaddan çıxmır!

Bu günlərdə Prezident İlham Əliyev həm tarixilik, həm də Azərbaycanın dərinməzmunlu sosial siyasətinin ardıcıllığının və cəmiyyətin bütün təbəqələrini əhatə etməsinin təsdiqi baxımından xüsusi önəm daşıyan növbəti Sərəncam imzalayıb. Söhbət dövlət başçısının imzaladığı “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamdan gedir. Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Azərbaycanın dərinməzmunlu sosial siyasəti

Sosial sfera respublikamızın dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Azərbaycan bütün parametrlər baxımından sosial dövlətdir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında dəfələrlə bildirib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Müəyyənləşdirilən bu strateji xəttə uyğun olaraq BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan və müvafiq hesabatları təqdim edən Azərbaycan son 20 ildə işsizliyi və yoxsulluğu 5 faizədək azaltmaqla mühüm uğurlara imza atıb. 

İlk növbədə onu vurğulamaq lazımdır ki, ölkəmizin sosial siyasəti davamlı səciyyə daşıyır. Bu da onunla bağlıdır ki, ardıcıllıqla həyata keçirilən dərinməzmunlu sosial siyasət ölkənin güclü iqtisadi potensialına əsaslanır. Son 20 ildə respublikamızda iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib, geniş əhatə dairəsinə malik islahatlar aparılıb. Bütün bunlar da son nəticədə ölkəmizin iqtisadi müstəqillliyinin tam təmin olunmasına gətirib çıxardıb. Hazırda respublikamız MDB məkabanında ən rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Ölkəmiz heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil və qarşıda duran bütün məsələləri öz gücünə həll etmək iqtidarındadır. Son 20 il ərzində ölkəmizdə ümumi daxili məhsul dörd dəfə, büdcə gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox genişlənib. Ölkənin xarici borcu ilbəil azaldılır.  Hazırda respublikamızın xarici borc öhdəliyi ümumi daxili məhsulun 10 faizindən də aşağıdır ki, bu da kifayət qədər optimal bir göstəricidir. Paralel şəkildə ölkəyə sərmayə qoyulu getdikcə artır. Dövlət başçımızın bildirdiyi kimi, respublikamızda sərmayə mühiti kifayət qədər münbitdir. Son 20 il ərzində respublikamızda daxili və xarici mənbələrdən müxtəlif istiqamətlərə yönəldilən sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.

Belə dinamik iqtisadi inkişafın nəticəsi olaraq ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb. Ölkədə minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata,  orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata yüksəldilib.

Xüsusilə son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunaraq minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta pensiya 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə artıb.  Bu islahatlar üzrə ayrılan illik əlavə vəsaitlər 7 milyard manata çatıb. 

Döyüşlər respublikamızdan uzaqlarda getsə də...

Azərbaycanın sosial siyasətinin ən xarakterik cəhəti ondan ibarətdir ki, ölkəmizdə ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün vətəndaşlar, cəmiyyətin bütün təbəqələri dövlət tərəfindən dəstəklənirlər. Dövlət başçısının imzaladığı Sərəncam Azərbaycan cəmiyyətinin və dövlətinin çox böyük hörmət bəslədiyi insanları əhatə edir. Yaxşı deyiblər ki, heç kəs unudulmur, heç nə yaddan çıxmır. Düzdür, İkinci Dünya müharibəsində döyüşlər respublikamızdan uzaqlarda gedib. Ancaq Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi,  Azərbaycan bizim ümumi qələbəmizə sanballı töhfə verib. Müharibənin elə ilk günlərindən bütün Azərbaycan cəmiyyəti faşizmə qarşı mübarizəyə köklənib. Müharibə illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Respublikamızı təmsil edən diviziyalar Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçərək düşmənə sarsıdıcı zərbələr vurublar. Həmvətənlərimizin  130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni qəhrəmanlıq səhifələri yazıblar...

İkinci Dünya müharibəsi illərində Azərbaycanda arxa cəbhənin qəhrəmanlığı da hər cür xoş sözə layiqdir. Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-yə qarşı ildırımsürətli müharibə planı hazırlanmışdı. Müharibənin ilk illərində ittifaqın bir sıra şəhərləri və oradakı müəssisələr, o cümlədən də silah-sursat zavodları işğal altında qalmışdı. Belə şəraitdə respublikamızdakı sənaye müəssisələri gecə-gündüz fəaliyyət göstərərək cəbhə üçün zəruri olan müxtəlif məhsullar, həmçinin silah istehsal etməyə başladı. Müharibə illərində Azərbaycan cəbhənin yanacaqla ən mühüm təchizatçısı olub. Faşist Almaniyasının planlarından biri məhz Bakını işğal etmək idi. Təsadüfi deyil ki, Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Əgər neft Bakısı işğala məruz qalsa idi, müharibənin yekunu tamam fərqli ola bilərdi.

Respublikamızda qısa müddətdə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə böyük işlər aparıldı. Bakı, sözün əsl mənasında, döyüşən ordu üçün silah-sursat istehsalı mərkəzinə çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər. Akademik Yusif 

Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradıldı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə olundu. 1941-ci ildə respublikamızda 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Statistik məlumatda bildirilir ki, müharibə illərində keçmiş ittifaqda hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

3 minə yaxın şəxs birdəfəlik maddi yardım alacaq

Respublikamızda bəlli kateqoriyadan olan insanlara qayğı siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub. Onun əsasını qoyduğu ənənə son 20 ildə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il ölkəmizdə 9 May Qələbə Günü ərəfəsində veteranlar üçün mükafatlar ayrılır, onların problemləri həll olunur. Dövlət başçısının imzaladığı yeni Sərəncama əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2,0 (iki) min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1,0 (bir) min manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulub. Bu sənəd qeyd edilən kateqoriyadan olan vətəndaşlara göstərilən xüsusi qayğının növbəti təzahürüdür. 

Sərəncamın ümumilikdə 3 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 30-u İkinci Dünya müharibəsi iştirakçılarıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, qurum tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

M.ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla

Reytinq