AZ

Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...

Mayın 1-də Bakıda işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi baş tutmuşdur. Azərbaycan paytaxtının ilk dəfə 2011-ci ildə ev sahibliyi etdiyi Dialoq Forumunun budəfəki mövzusu – “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” – əslində, bu platformanın əsas qayəsini ortaya qoyur. Hələ 2008-ci ilin 2-3 dekabrında Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzulu konfransda Prezident İlham Əliyev müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə konfransın qloballaşmasına yol açmış oldu. Həmin konfransda  Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyev “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü. Konfransda “Bakı Bəyannaməsi” qəbul olundu və tarixi proses başlandı. Daha sonra 2009-cu ilin oktyabrında İslam ölkələri mədəniyyət nazirlərinin paytaxtımızda keçirilən konfransında “Bakı Prosesi” – sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı sənəd qəbul olundu.
 
Beləliklə, “Bakı Prosesi” mədəniyyətlərarası dialoq platformasında altıncı dəfə dünya ölkələrini bir araya gətirib. 2008-ci ildə Prezident Əliyevin irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü sərhədləri aşan və dünyada parçalanmanı aradan qaldırmaq məramı daşıyan uzaqgörən addım idi. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir.
 
Ölkəmizin əhəmiyyəti yüksək beynəlxalq foruma ev sahibliyi etməsi təsadüf deyildir. Prezidentin dediyi kimi, ölkəmizdə dözümlülüyün və tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, güc mənbəyidir. Çox  zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda mədəniyyətlərarası dialoq, dünya mədəniyyəti və sivilizasiyalarının qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzinə çevirmişdir. Azərbaycan dövlətçiliyi sübut etmişdir ki, mədəniyyət vasitəsilə körpülər qurmaq, yeni-yeni əlaqələr formalaşdırmaq, sülhü, humanizmi, multikultralizmi yaymaq və ayaqda saxlamaq olar.
 
Ölkəmiz əsrlər boyu tolerantlığı ilə seçilib. Beynəlxalq aləm Azərbaycanın etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib. Azərbaycan milli dəyərlərə sadiqlik, dünya mədəniyyətinə verdiyi töhfələrlə diqqət çəkib. Ulu Öndər Heydər Əliyev hesab edirdi ki, hər şeydən əvvəl Azərbaycan gəncliyi qədim adət-ənənələri öyrənməli, xalqımızın dünya elminə və mədəniyyətinə necə böyük dəyərlər, necə zəngin nümunələr bəxş etdiyini bilməlidir. Son 30 il ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara imza atıb. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan kimi xarakterizə olunur. Ölkəmizin coğrafi mövqeyi, Şərqlə Qərb arasında bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Məhz bu baxımdan da Azərbaycanda hər zaman müsbət mədəniyyətlərarası dialoq mövcud olub.
 
Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Azərbaycan bu böyük tədbirə ev sahibliyi etməklə regionda və dünyada qarşılıqlı etimadı gücləndirməyə, problemləri danışıqlar yolu ilə həll etməyə çalışır.Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”.
 
30 il torpaqları işğal altında qalan bir ölkənin sülh, mədəni dialoq təşəbbüsləri ilə çıxış etməsi digər ölkələr üçün örnək olmalıdır. Məhz Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Bütün bu proseslər ölkəmizin sülhpərvər siyasətinin nümunəsidir.
 
Ölkəmizin başçısının da qeyd etdiyi kimi multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir.  Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqlar öz Prezidentinin ətrafında sıx birləşdi. Onlar yeganə vətənlərinin Azərbaycan olduğunu bütün dünyaya çatdırdılar. Məhz bu birlik nəticəsində Azərbaycan 30 il Ermənistan işğalında olan torpaqlarını azad etdi. Ölkə başçısı da Forumda bəyan etdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin edib: “Ermənistanın 30 illik işğalına son qoyuldu. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq işğala son qoyulmamışdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini azad etdi. Ötən ilin sentyabr ayında isə ölkəmiz ərazi bütövlüyü, suverenliyini tam şəkildə bərpa edib. Bütün bunlara baxmayaraq Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürən tərəf oldu. Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında iki tərəf arasında hazırda sülh danışıqlar davam edir”.
 
Azərbaycan Prezidentinin iradəsi Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunmasına, xalqların və dövlətlərin normal münasibətlər müstəvisində inkişafını təşviq edir.
 
Dünyanın bir tərəfində müharibələr, qanlı toqquşmalar, vətəndaş qarşıdurmaları, terror əməliyyatları, işğallar getdiyi bir zamanda, Azərbaycan humanist ideyaların öndə gedənlərindən biri kimi çıxış edir.
 
Türkan Şadlinskaya,
Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla