AZ

Əməkdar artisti qəzəbləndirdilər: “Adam başını götürüb qaçmaq istəyir”

Əməkdar artist QƏZƏBLƏNDİ:  "Zəfər çalan xalqın nümayəndələrinə bu yaraşmır"

“Kobud şəkildə desək, hazırda toylarımızın zayı-zibili çıxıb. Toya gələnlərin əksəriyyəti foyedə siqaret çəkir, çay içir, qeybət edirlər. Saat 9-10-dan sonra şeypurla ortaya bir qrup daxil olur və aləmi bir-birinə qatır, tullanıb-düşürlər. Xarici mahnılar da bir tərəfdən səsləndirilir. Bunun adı nədir, bilmirəm. Heç cür dərk etmək olmur”. 

Bu fikirləri “Yeni Sabah”a açıqlama verən Əməkdar artist Ağalar Bayramov deyib. Qiraətçi toylarda vağzalının başqa musiqi ilə əvəzlənməsindən gileylənib: 

“Vağzalı min illərin yaddaşından süzülüb gəlir. Onu eşidəndə qocalar ağlayır, gənclərin gözü oğrun-oğrun öz yarını axtarır. Vağzalı qədər kövrək musiqi yoxdur. Bu musiqinin də bəstəkarı xalqdır. Adam gündə yüz dəfə də ona qulaq asarsa, vağzalıdan doymaz. Bu baxımdan həmin musiqinin yerini heç nə verə bilməz. Adət-ənənələrin belə tapdanması torpaq itkisindən betərdir. Bir əhvalat danışım. İllər əvvəl bir şəxsin çox məhşur restoranların birində toy məclisini idarə edirdim. Mərhum ifaçılar Məmmədbağır Bağırzadə və Ağaxan Abdullayev də burada iştirak edirdi. Bəy isə Londonda təhsil alırdı. Birdən bəyin dostlarından biri gəlib, ingilis mahnısı sifariş verdi. Ardından bəyin atası içəri girdi ki, Ağalar müəllim, bu nədir belə? Dedim oğlunuzdan soruşum. Mikrofonu əlinə aldı və oğluna söylədi ki, oğul, bu toyu mən sənə edirəm, nə vaxtsa öz övladına toy etsən öz bildiyin qaydada keçirərsən. Sonra mərhum ifaçılar muğam oxumağa başladılar. Bu hadisədən illər ötüb-keçdi. Həmin bəy övladı dünyaya gələndə məni evinə dəvət edib dedi ki, Ağalar müəllim və ata mən sizdən üzr istəyirəm, səhv etmişəm. Bildirdi ki, Londonda ingilislərə toyun kasetini göstərəndə və həmin xarici mahnı oxunan hissəyə çatanda ingilislər belə rəqsləri yox, öz adət-ənənələrimizi görmək istədiklərini söyləyiblər. Bəy əlavə etdi ki, həmin an mən utanıb yerə girdim”. 

A.Bayramov valideynlərə səslənib:

“Burada əsas vəzifə valideynlərin üzərinə düşür. ata-analar adət-ənənənin itməməsi, uzun illər boyu yaşayıb, nəsildən-nəsilə keçməsi üçün çalışmalıdırlar. Hazırda keçirilən toylarda məna yoxdur. Ümumiyyətlə toy məclislərinin son bir neçə saatı toy deyil. Adam baş götürüb qaçmaq istəyir. Çadır toylarında belə bir vəziyyət müşahidə edilmir. Həzin musiqilər, rəqslər adama ləzzət edir. Mən oynamamağın tərəfdarı deyiləm. Sadəcə, diskoteka mahnılarının əvəzinə daha ritmik Azərbaycan mahnıları seçmək olar. Məsələn “Dağlar qızı Reyhan”. Olmaz ki,  bəylə gəlin həzin musiqilə rəqs edərkən, xarici parça deyil də, “Bir almanın iki üzü, biri sənsən biri mən” mahnısının sədaları altında oynasınlar? Yenə cavanları haradasa başa düşmək olur. Bəs 40-50 yaşında qonaqlara nə deməli? Onlar da axşam olan kimi, atılıb- düşməyə başlayırlar.

Zəfər çalan xalqın nümayəndələrinə bu yaraşmır”. 

Aytac Şahin 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
50
Mənbələr
Şərh ()
Bağla