AZ

Digər 4 kənd də Azərbaycana qaytarılır? – “İrəvan çıxılmaz vəziyyətdədir, bilir ki…”

Azərbaycanla Ermənistan aprelin 19-da Qazaxla sərhəddə delimitasiya və demarkasiya ilə bağlı razılığa gəliblər. Razılığa əsasən, Qazaxın 4 anklav olmayan kəndi Azərbaycana qaytarılıb.

Bəs bu razılıqdan sonra Azərbaycanla Ermənistan nəyi itirib, nəyi qazandı? Bu razılıq ümumi delimitasiya prosesinə necə təsir edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya ilə bağlı razılığa gəlmək son aylar artıq gözlənilən məsələ idi:

“Yəni Ermənistan müxtəlif platformalarda Azərbaycanın iştirakı olmadan keçirdiyi görüşlərdə istədiyi nəticəni əldə edə bilmədi. Məhz bundan sonra İrəvan başa düşdü ki, Azərbaycan və Türkiyəsiz onun təhlükəsizliyinə təminat olmayacaq. Atdığı addımların növbəti dəfə boşa çıxdığını görən Paşinyan özü üçün pis hesab etdiyi variantlardan yaxşısını seçdi. Yəni o, heç də öz istəyi olmadan işğal altındakı kəndlərimizi qaytarmaq haqqında qərar qəbul etdi.

Paşinyan yaxşı bilir ki, səkkiz kəndin məsələsi həll olunmasa, yəni onlar Azərbaycana qaytarılmasa, heç bir qüvvə Bakını bu torpaqları digər variantla azad etməsinə mane olmayacaq. Bu zaman ordunun bu səkkiz kəndlə kifayətlənəcəyinə də heç kim zəmanət verə bilməzdi”.

Politoloq deyib ki, regionda və dünyada gedən geostrateji proseslər getdikcə daha çox Ermənistanın əleyhinə işləyir:

“Bu vaxta qədər biz regiondakı proseslərin həlli istiqamətinə Rusiya-Ukrayna müharibəsi prizmasından baxırdıqsa, indi Gürcüstandakı hadisələr də bu sıraya daxil olub. Yəni Tiflisdə son günlər baş verən və oktyabrda keçiriləcək seçkilərin nəticələri də Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Rusiyanın nəzarətində olası Gürcüstan İrəvanı bütün dünyadan təcrid etmək üçün növbəti ciddi alət olacaq. Deməli, Paşinyan bu perspektivləri görərək özünü gələcək hadisələrdən sığortalamaq istəyir.

Ermənistan üçün vəziyyət o qədər çətindir ki, indi o, Azərbaycan və Türkiyə ilə yaxınlaşmağı öz təhlükəsizliyinin açarı kimi görür. Delimitasiya və demarkasiyanın davam etməsi və ardınca Zəngəzur dəhlizinin açılması həqiqətən Ermənistan üçün xilas rolunu oynaya bilər”.

Ə.İbrahimov deyib ki, hazırda İrəvan Rusiya və Azərbaycan arasında seçim etməyə məcburdur:

“Ya Gürcüstanın ardınca Rusiyanı seçərək köhnə münasibətlərə qayıtmaq və beləliklə, müstəqillik xülyalarına birdəfəlik vida etmək, yaxud Azərbaycanla və həmçinin Türkiyə ilə yaxınlaşaraq yeni nəfəslik tapmaq. Son hadisələr onu göstərir ki, İrəvanda məhz ikinci yolu seçmək istəyirlər. Amma burada da problemlər var. Belə ki, müxalifət Azərbaycan və Türkiyə ilə yaxınlaşmaya qarşı çıxır və Paşinyanı yenə də satqınlıqda günahlandırırlar.

Düşünürəm ki, Ermənistanın xaricdə olan dəstəkçiləri də Azərbaycan və Türkiyə variantını indiki halda Paşinyan üçün daha məqbul kimi qəbul edirlər. Çünki onlar yaxşı başa düşürlər ki, nə ABŞ, nə Aİ zərurət yaranarsa onu Rusiyanın əlindən ala bilməyəcəklər. Məhz bu ehtiyatı Baş nazirə də çatdırıblar.

Ermənistanla Azərbaycan arasındakı problemlərin həll olunması, nəhayət, sülh müqaviləsinin imzalanması İrəvanı qarşıdakı kataklizmlərdən qoruya, regionu çoxdan gözlədiyi sülh və əmin-amanlığa qovuşdura bilər. Təbii ki, hakimiyyət buna özündə güc və qüvvə taparsa”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
Mənbələr
Şərh ()
Bağla