AZ

Bakı Beynəlxalq Caz Günü silsiləsinin ilk tədbiri "Jazz fantaziyaları" proqramı ilə başladı - FOTO

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüs və təşkilatçılığı, eləcə də ADA Universitetinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi altında Bakı Beynəlxalq Caz Günü tədbirlər silsiləsi baş tutdu.

Bakı Beynəlxalq Caz Günü silsiləsinin ilk tədbiri Bakı Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Dövlət "Qaya" Ansamblının təqdim etdiyi "Jazz  fantaziyaları" proqramı ilə başladı. Konsertə başlamazdan əvvəl Dövlət "Qaya" Ansamblının direktoru Turan Məmmədəliyeva səhnəyə dəvət olundu və ansamblın təqdim edəcəyi proqram barədə söz açdı.

"QAYA təqdim edir: Jazz fantaziyaları" proqramı  Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının mövzuları əsasında işlənilmiş fantaziyanın ifası ilə başladı. Xatırladaq ki, dahi Azərbaycan klassiki Ü.Hacıbəylinin bu ölməz əsərinə Azərbaycanın bir çox caz ifaçıları və heyətləri müraciət etmişlər. Hələ 1970-ci illərdə əfsanəvi "Qaya" kvartetinin işləməsində Ü.Hacıbəylinin musiqili komediyalarının mövzuları əsasında teatrlaşdırılmış caz-estrada improvizəli səhnəcilklər ifa edilirdi. 2015-ci ildən isə Dövlət "Qaya" Ansamblının direktoru, Xalq artisti Rauf Babayev "Arşın mal alan" layihəsinin üzərində çalışmağa başladı. O, bu layihəni müzikl tamaşası şəklində nəzərdə tutaraq, xor və vokal nömrələri özü işləyib, instrumental nömrələr isə ansamblın üzvü, bəstəkar və aranjimançı Nazim Əhmədova həvalə etdi. Təəssüf ki, layihənin təqdimatı pandemiya və Rauf Babayevin vəfatı səbəbindən təxirə salındı və bir neçə il sonra - 2024-cü il yanvar ayında baş tutdu. Caz və estrada üslubunda işlənilmiş məşhur nömrələr - Əsgərin ariyası, Gülçöhrənin ariyettası, qızların xorları, Vəli ilə Tellinin dueti, Asyanın mahnısı, Əsgər ilə Süleymanın dueti dinləyicilərə xüsusi zövq verərək, uğurla qarşılandı.

Konsertin ikinci bölməsində "Qaya" Dövlət Ansamblı məşhur caz və estrada standartları əsasında a kapella və müşayiətli kompozisiyalar ifa etdi. Onlar sırasında "İt had to be you" dueti (Günay Əhmədova və Cahangir Pərişani), a kapella oxunan "İllər ötsə də", "Baxsayağı",  V.Kosmanın "Autumn Leaves", D.Gillespinin "Night in Tunisia", D.Ellinqtonun "Don't mean a thing"   və digər kompozisiyalar dinləyicilərin atəşin alqışlarını qazandılar.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla