AZ

Baş Prokurorluq delimitasiyaya görə Paşinyana cinayət işi açır- oyun, ya real proses...

Image

Mehman Muradlı: “Ermənistanda Paşinyana gücü çatan qüvvə olsaydı, nəinki ona cinayət işi açardı, hətta çoxdan onu hakimiyyətdən salardı”

Ermənistan Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidmətinə bəyanat göndərərək baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə bildirib:

“Müraciət sənədlərin, o cümlədən bir sıra əmlak arayışlarının yoxlanılması üçün Milli Təhlükəsizlik Xidmətinə göndərilib, yoxlanışdan sonra cinayət işinin başlanması məsələsi müzakirə olunacaq”.

Bundan əvvəl vəkil Ara Zohrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Ermənistan Baş Prokurorluğuna müraciət edərək Nikol Paşinyanın məsuliyyətə cəlb olunmasını tələb ediblər. Bu, onların Ermənistanın suveren ərazilərinin Azərbaycana təslim olması hesab etdikləri delimitasiya prosesinin başlaması ilə bağlıdır.

Maraqlıdır, Ermənistan prokurorluğu doğrudan da Paşinyanı məsuliyyətə cəlb etmək istəyir, yoxsa bu, guya ölkənin demokratik əsaslarla idarə olunmasına dəlalət  bir demokratiya imitasiyasıdır?

Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada hüquqi addımlardan daha çox, siyasi konyuktura əlamətləri görünür: “Biz müharibədən sonra Paşinyana qarşı bir neçə dəfə belə addımların atıldığının şahidi olmuşuq. Nəticə olubmu? Yalnız piardan başqa heç nəyə yaramayıb. Ermənistan hazırda parlament üsul-idarəsi ilə idarə edilir. Ən mühüm qərarlar parlamentdə qəbul olunur. Qanunverici orqanda isə mütləq çoxluq Paşinyanın partiyasının əlindədir. İcra orqanının başında isə Paşinyanın özü dayanır. Belə olan təqdirdə bu təşəbbüslərin Paşinyanla bağlı hansısa hüquqi ölçü götürülməsi ilə nəticələnəcəyinə inanmaq sadəlövhlükdən başqa nəsə deyil. Bununla Paşinyan həm daxili, həm də xarici ictimai rəyə oynayır. Göstərmək istəyir ki, sərhədlərin dəqiqləşməsi ilə bağlı atdığı addımlar asan deyil, risqlidir. Paşinyan müharibəni uduzdu, amma dərhal seçki keçirib, yenə qalib gəldi. Ermənilər Qarabağı tam tərk etdi, Paşinyan yerində qaldı. Delimitasiya ilə bağlı atılan addımlar miqyas baxımından onlardan kiçikdir. Deməli, ermənilərin mütləq çoxluğu müharibəni deyil, sülhü dəstəkləyir. Ermənistanda Paşinyana gücü çatan qüvvə olsaydı, nəinki ona cinayət işi açardı, hətta çoxdan onu hakimiyyətdən salardı. Bu baxımdan da atılan hüquqi addımlar demokratiya imitasiyasından başqa nəsə deyil”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
38
Mənbələr
Şərh ()
Bağla