AZ

“Villa Park”da çox gözlənilməz nəticə

Cümə axşamı Konfrans Liqasının (KL) ilk yarımfinal oyunları keçirildi.

“Football-plus.az” xəbər verir ki, “Aston Villa”nın evdə “Olimpiakos”a uduzması gözlənilməz, “Fiorentina”nın “Brügge”ni məğlub etməsi is’ gözlənilən nəticə sayılmalıdı.

yarımfinal, ilk oyunlar
Aston Villa - Olimpiakos 2:4
Uotkins, 45+1. Diabi, 52 - Əl-Kaabi, 16; 29; 56-p. Esse, 67.
Aston Villa (İngiltərə): Olsen, Keş, Lanqle, Konsa, Din, Makqinn, Beyli (Zanyolo, 85), Duqlas Luis, Diabi (Ayroqbunam, 85), Rocers (Duran, 75), Uotkins.
Olimpiakos (Yunanıstan): Tsolakis, Rodiney, Retsos, Karmu, Orteqa (Riçards, 46), İborra, Fortunis, Podense (Andre Orta, 70), Şikinyo, Esse, Əl-Kaabi.

Əvvəlki mərhələdə “Lill”i penalti seriyasında üstələməklə mübarizədən kənarlaşdıran “Aston Villa”nın rəqibi “Olimpiakos” da “Fənərbaxça”nı bu yolla məğlub edə bilmişdi. Hazırda İngiltərə premyer-liqasında 4-cü yerdə möhkəmlənən birmingemlilər doğma “Villa Park”da keçirdikləri son 6 matçda uduzmamışdılar (4 qələbə, 2 heç-heçə). Amma mayın 2-də bu stadionda gözlənilməz nəticə qeydə alındı. İspaniyalı mütəxəssislərin ilk duelindən Xose Luis Mendilibar qalib çıxdı.

Tarixində ilk dəfə qitə kuboklarının yarımfinalında oynayan “Olimpiakos” ev sahiblərinin həmlələrinin qarşısını alandan sonra rəqibi şoka salmağa başladı. Əl-Kaabi 16-cı və 29-cu dəqiqələrdə dubl etdi. Mərakeşli hücumçunun ilk qolu VAR-ın müdaxiləsindən sonra qeydə alındı. Amma Unay Emerinin komandası əsla belə vəziyyətlə barışmaq istəmirdi. Uotkins fasilə ərəfəsində fərqi azaltdı, Diabi isə ikinci hissənin əvvəlində hesabı bərabərləşdirdi. Lakin çox keçmədən Duqlas Luis cərimə meydançasında topa əllə toxundu. 30 yaşlı Əl-Kaabi isə penalti ilə het-trik etdi. O, “Olimpiakos”un tarixinə bir avrokubok mövsümündə 10 qol vuran ilk futbolçu kimi düşdü. Essenin 67-ci dəqiqədə uzaq məsafədən endirdiyi zərbə də qolla nəticələndi. “Aston Villa”nın hücumlara ara verməyəcəyi gözlənilirdi. Duqlas Luisi matçın ən uğursuz oyunçusu adlandırmaq olar. O, 84-cü dəqiqədə penalti zərbəsi ilə topu dirəyə tuşladı. Bununla da Emerinin komandasının evdə 2:4 hesablı məğlubiyyəti rəsmiləşdi.

Fiorentina - Brügge 3:2
Sottil, 5. Belotti, 37. Nzola, 90+1 - Vanaken, 17-p. Tyaqo, 63.
Fiorentina (İtaliya): Terraçano, Dodo, Marines, Ranyeri, Biraqi, Bonaventura (Barak, 88), Artur (Lopes, 70), N.Qonsales, Sottil (Kuame, 52), Belotti (Nzola, 88), Beltran (İkone, 70).
Brügge (Belçika): Yakkers, Sabbe, Mexele, Spileers (Ordonyes, 90+3), Meyer, Odoi (Balanta, 90+3), Vanaken, Nvadike, Skuras (Nilsen, 66), Tyaqo, Xutqla (Vetlesen, 79).

KL-in ötən mövsümünün finalçısı olan “Fiorentina” ardıcıl ikinci dəfə həlledici oyunda iştirak şansına malikdi. İtaliya klubu son 32 ildə ilk dəfə avrokubokların yarımfinalına çıxan “Brügge” ilə ev oyununda çətinə düşdü. Bunu gözləmək olardı: Belçika klubu bütün turnirlərdə keçirdiyi son 7 matçda qələbə qazanmışdı. Ev sahibləri Sottilin baxımlı qolu ilə hesabı erkən açsalar da, 12 dəqiqə sonra qonaqlar penalti ilə cavab qolunu vurdular. Fasilə ərəfəsində Belotti cərimə meydançasının mərkəzindən hesabı 2:1-ə çatdırdı.

61-ci dəqiqədə “Brügge” meydanda azlıqda qaldı. Maraqlıdı ki, Nvadikenin ikinci xəbərdarlığı almasından az sonra qonaq komanda hesaba tarazlıq gətirdi. Amma yarım saatdan artıq müddətdə on nəfərlə mübarizə aparmaq belçikalıların işini daha da çətinləşdirməyə bilməzdi. Florensiyalıların daha da artan hücumlarına davam gətirə bilməyən “Brügge” Nzolanın 90+1-ci dəqiqədə vurduğu qolla uduzdu.

Cavab oyunları mayın 8-9-da keçiriləcək.

Bombardirlər: Əl-Kaabi (Olimpiakos), Zahavi (Makkabi T-Ə) - 8, Petkoviç (Dinamo) - 7.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla