AZ

“Bradley”in “Iron Fist” ilə təchiz olunmuş yeni versiyası təqdim edilib

ABŞ Ordusu “Bradley” piyada döyüş maşınının (PDM) “Iron Fist” (Dəmir Yumruq) aktiv müdafiə kompleksi ilə təchiz olunmuş yeni versiyasını təqdim edib.

“Poliqon” “The War Zone” nəşrinə istinadən xəbər verir ki, ABŞ Ordusunun Quru Döyüş Sistemləri Proqramı Ofisində (Program Executive Office for Ground Combat Systems – PEO GCS) yenilənmiş maşının keçən həftə təqdim edildiyini söyləyiblər.

“M2A4E1, Iron Fist aktiv müdafiə kompleksinin inteqrasiyası sayəsində Bradley-in ən qabaqcıl və sağ qala bilən versiyasıdır”, – deyə qurumdan bildiriblər.

“Bradley” PDM-də quraşdırılmış “Iron Fist Light” kompleksi qoruyucu sursatları olan iki buraxma qurğusu, dörd radar və kameradan ibarətdir. Hücum edən döyüş sursatı kameralar və ya radar vasitəsilə aşkar edildikdən sonra sistem hədəfi məhv edən qəlpəli-fuqas döyüş başlıqlı döyüş sursatını buraxır.

Qeyd olunur ki, “Iron Fist” kompleksinin quraşdırılması yalnız yeni köməkçi güc qurğusu (auxiliary power unit – APU) ilə təchiz edilmiş Bradley PDM-in M2A4 modifikasiyasında mümkün olub.

Nəşrdə ehtimal edilir ki, aktiv müdafiə kompleksi döyüş maşınına hücum edən kamikadze dronları da məhv edə bilər.

“Iron Fist” kompleksindən başqa, M2A4E1 PDM yüksək görüntü aydınlığı və ətraf mühitə nəzarət bloku ilə təkmilləşdirilmiş tuşlayıcı gecə nişangahı da alıb.

ABŞ Ordusu, həmçinin silahlanmasında olan digər zirehli maşınlara da aktiv müdafiə kompleksləri əlavə etməyə çalışır. Son illərdə M1 “Abrams” tanklarına “Trophy” sistemləri əlavə edilir.

“Hard-kill” aktiv müdafiə sistemi indi isə tanklara və digər zirehli maşınlara dronlara qarşı əlavə qorunma vermək üçün hazır bir üsul təklif edir.

Beləliklə, “Bradley” kimi platformalara aktiv müdafiə komplekslərinin əlavə edilməsi ağır zirehli maşınların ən azı müəyyən şərtlər altında gələcək döyüş meydanlarında aktuallığını qorumağın yollarından biri olduğunu göstərir.

Əhəd Vahidoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla