AZ

''Real''ın rekordlarla zəngin olan növbəti çempionluğu

Dünən La Liqanın 34-cü turunda ''Real'' öz meydanında ''Kadis''i Braim Dias, Bellingem və Xoselunun qolları ilə 3:0 darmadağın etdi.

Bu oyunun ardından ''Barselona'' səfərdə ''Jirona''ya məğlub olduğundan çempionluğun taleyi həll olundu. Sona 4 tur qalmış ən yaxın izləyicisi ilə xal fərqini 13-ə yüksəldən ''Kral klubu'' tarixinin 36-cı çempionluğunu qazandı. Dünənki oyun günündən sonra ortaya bir sıra maraqlı faktlar çıxdı. Əvvəlcə qeyd edək ki, ''Real'' ''böyük beşlik''də çempionluq sayına görə lider olan ''Yuventus''a çatdı. 3-cü pillədə ''Bavariya'' (33) qərarlaşıb. Karlo Ançelotti 64 yaş 329 günlüyündə La Liqa tarixində çempionluq sevinci yaşayan ən yaşlı məşqçi oldu. Əvvəlki rekord da onun özünə məxsus idi. İtaliyalı çalışdırıcı 2 il öncə 62 yaş 336 günlüyündə bu uğuru yaşamışdı. Bundan başqa Ançelotti ''Real''da 12-ci titulunu qazandı və bu göstəricidə klub tarixində rekordçu olan Migel Munyosa (14) bir qədər də yaxınlaşdı. Prezident Florentino Peres üçün də bu titul əlamətdar oldu. ''Real'' onun prezidentliyi dönəmində 34-cü titulunu qazandı. Bununla da Peres ''Real''da titul sayında əfsanəvi Santyaqo Bernabeunu geridə qoyaraq liderliyə yüksəldi! Luka Modriç də iki göstəriciyə nail oldu. O, 38 yaş 238 günlüyündə meydana çıxmaqla 59 illik rekordu yenilədi və klub tarixində La Liqada forma geymiş ən yaşlı futbolçuya çevrildi. Əvvəlki rekord 1965-də 38 yaş 233 günlüyündə forma geymiş Ferents Puşkaşa məxsus idi. Eyni zamanda Modriç ''Real''da 25-ci titulunu qazandı və klub tarixində bu göstəricidə lider olan Marselo ilə Kərim Benzemaya çatdı. Sonda onu da bildirək ki, Madrid nəhənginin La Liqada məğlubiyyətsiz seriyası 28 oyuna yüksəldi (22 qələbə, 6 heç-heçə). Bir mövsümün gedişində daha öncə ''Real''ın yalnız bir dəfə - 1989/90-da bu cür seriyası olub. Fərqli mövsümlər nəzərə alındıqda isə ''Real''ın ən yaxşı göstəricisi 30 məğlubiyyətsiz oyundu (1988 may - 1989 aprel).

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla