AZ

Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Observer” qəzetinə müsahibəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı maraqlı fikrilər səsləndirib. Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan COP29 zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər.

 

Prezidenbtin köməkçisi artıq bununla bağlı ilkin müzakirələrin aparıldığını bildirib: “Biz müxtəlif tərəfdaşlarla Olimpiada zamanı olduğu kimi COP29 müddətində də atəşkəs haqqında müzakirələr aparırıq. Ancaq müzakirə ilkin mərhələdədir. Bu, əlavə məsləhətləşmələr və müzakirələr tələb edəcək”.

 

Hikmət Hacıyevin məlum açıqlması COP29 və onun bəşəriyyət üçün əhəmiyyəti ilə bağlı yeni məqamları üzə çıxarıb. Məlum olub ki, hər zaman sülhpərvər və humanist siyasəti ilə diqqət çəkən Azərbaycan dövləti, COP29-u da bütün dünya üçün sülh və xilas vasitəsinə çevirmək niyyətindədir. Bugünə qədər COP29-un timsalında planetimizin ekoloji təhlükəsizliyini təmin etməyə, yer kürəsini yaşam üçün daha baxımlı hala gətirməyə çalışan Azərbaycan, bu fəaliyyəti həm də dünyadakı müharibələri müvəqqəti də olsa dayandırmaq üçün fürsət halına gətirməkdədir. Bu isə COP29-un sadəcə ekoloji deyil, həm də sülh missiyasına xidmət etdiyini, çoxtəyinatlı məqsəd daşıdığını göstərir.

COP29 zamanı dünyadakı müharibələrin dayandırılması təklifi Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi mühüm töhfə, tarixi xidmətdir. Bu təklifin münaqişədə olan dövlətlər tərəfindən necə dəyərləndirilməsindən asılı olmayaraq, ölkəmiz bununla bütün dünyaya nümunə sayılacaq bir davranış sərgilədi. Rəsmi Bakı və Azərbaycan xalqı bir daha sübut etdi ki, onlar milli maraqlarla yanaşı, həm də ümumbəşəri maraqlar haqqında düşünür, bütün xalqların sülh və təhlükəsizlik şəraitində yaşamasını arzu edir. Sadəcə arzu etmir, həm də bunun üçün konkret və mütəmadi fəaliyyət ortaya qoyur, bütün beynəlxalq təşkilatları, supergücləri bu barədə düşünməyə, bununla bağlı mövqe ortaya qoymağa vadar edir. Bu, heç şübhəsiz Azərbaycan dövlətinin, Azərbaycan xalqının, onun Müzəffər Ali Baş Komandanının uğurudur.

 

Sessiya zamanı  müharibələrin dayandırılması təklifi COP29-un hər mənada – həm ekoloji, həm də sülh anlamında həyat qurtardığını, bəşəriyyətin ekoloji durumunun yaxın-uzaq gələcəyi ilə yanaşı, bugünü, qeyri-ekoloji böhran və problemləri ilə bağlı da öz üzərinə konkret məsuliyyət aldığını göstərir.

Bəşəriyyətə bir neçə günlük də olsa dinclik qazandırmaq, onları sülhün ilıq nəfəsi ilə tanış etmək, dünyadakı silahları müvəqqəti də olsa susdurmaq –bütün bunlar Azərbaycanın COP29 çərçivəsində nail olmağa  çalışdığı əsas məqsədlər sırasındadır. Və bunlar elə müqəddəs və ülvi məqsədlərdir ki, onu arzulamağın özü belə mənəvi-əxlaqi qalibiyyət, böyük və inkaredilməz uğurdur.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
Mənbələr
Şərh ()
Bağla