AZ

“Qəbələ”nin məşqçisi: “Hamı “futbolumuzda sistem olmalıdı” deyir, amma...” - LAYİHƏ

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan futbol məşqçisi Rakif Əliyev yaxınlarda növbəti doğum gününü qeyd etdi. Biz də onunla söhbətə doğum gününü təbrik etməklə başladıq. Keçmişə qısa səyahətdən sonra Azərbaycan futbolunun bugününə, uşaq futbolunun vəziyyətinə və problemlərinə toxunduq. Hazırda “Qəbələ”nin məşqçilər korpusunda yer alan Rakif bəylə müsahibəni sizə təqdim edirik.

“Qəbələ”nin


- Rakif bəy, əvvəlcə sizi oxucularımıza daha yaxından tanıdaq. Özünüz haqqında məlumat verin. Futbolla tanışlığınız necə başladı, ilk məşqçiniz kim oldu, hansı klublarda oynamısız?
- Mən 1983-cü ildə Ağdaş rayonunda anadan olmuşam. Amma bir müddət sonra ailəmizlə birlikdə Mingəçevirə köçmüşük. Futbolla tanışlığım isə 1994-cü ilə təsadüf edir. Rövşən Əhmədovun rəhbərliyi altında futbolla məşğul olmağa başlamışam. Tale elə gətirdi ki, sonradan Bakıya köçdük. Paytaxtda da futboldan ayrılmadım, məşqlərə davam etdim. Burda uşaq məşqçim Emil İsgəndərov oldu. 17 yaşım tamam olanda, yəni 2000-ci ildə birinci divizionda oynamağa başladım. 13 il müxtəlif komandalarda futbol oynadım. Bu sırada “Ədliyyə”, “Qaradağ Lökbatan”, “Neftçala” kimi komandalar var. Ən sonda isə “Bakılı”da oynadım.



- Məşqçilik fəaliyyətinə keçid necə alındı? Hansı klublarda çalışmışız? İndiki işinizlə bağlı nə deyə bilərsiz?
- Elə məşqçiliyə də “Bakılı”da başladım. 2013-cü ildə 33 yaşım vardı, hiss edirdim ki, bir qədər yaşlaşmışam. Həmin vaxt bizdə məşqçi postunda boşluq oldu. Məşqçimiz Nadir Qasımov istefa vermişdi. Mən də ali məktəbi bitirmişdim, futbolçularla da ünsiyyətim yaxşı idi. Klubun prezidenti Misir Əbilov bütün bunları nəzərə alaraq məni baş məşqçi postuna təyin etdi. Bu təyinatdan sonra komandamız yaxşı çıxış etməyə başladı. Bir neçə oyunda qələbə qazandıq. Bundan sonra məni məşqçi kimi saxladılar, elə orda işlədim. Bir müddət sonra yeni baş məşqçi təyin etdilər. Amma o da postundan ayrıldı, məşqçilik yenidən mənə həvalə olundu. İkinci dövrdəki fəaliyyətim də uğurlu alındı. Belədə qərar verdim ki, elə məşqçiliyə başlayım. 2015-ci ildə isə Nail Kərimov məni “Qəbələ” Futbol Akademiyasına dəvət etdi. Orda Stenli Brard məni işə götürdü, onunla işlədik. Daha sonra Halim Fıçıcı direktorumuz oldu. 2018-ci ildən isə Kazbek Tuayevin məktəbində işə başladım. 2020-ci ildə Tacəddin Doğan məni “Qarabağ”a dəvət etdi, orda da akademiyada çalışdım. Doğandan sonra Aftandil Hacıyevlə də işlədim. Bildiyiniz kimi, bu ildən yenidən “Qəbələ”yə qayıtmışam. Amma bu dəfə əsas komandaya. Bir ay Elmar Baxşıyevlə çalışmışam, o klubdan ayrılandan sonra isə Kaxaber Sxadadzenin məşqçilər korpusunda çalışıram.



- Əsas mövzumuz uşaq futboludu. Ölkəmizdə uşaq futbolunun hazırkı vəziyyətini necə qiymətləndirirsiz? Hansı problemlərimiz var ki, onları həll etməliyik?
- Az öncə qeyd etdiyim kimi, uzun illər “Qəbələ” akademiyasında Stenli Brard və Halim Fıçıcı ilə işləmişəm. “Qarabağ” akademiyasında da Tacəddin Doğan və Aftandil Hacıyevin rəhbərliyi altında işləmişəm. Bütün rəhbərlərimin uşaq futbolu haqda təcrübələrindən yararlanmışam. Böyük futbolda da Elmar Baxşıyevin və Kaxaber Sxadadzenin uşaq futboluna yanaşmasına diqqət etmişəm. Demək olar ki, hamısının uşaq futbolunun inkşafı üçün əmək sərf etdiyini görmüşəm. Azərbaycanda yüksək liqamıza futbolçu verən “Qəbələ” futbol akademiyasında böyük işlər görüldüyünü deyə bilərəm. Premyer-liqada çıxış edən klubların hər birində ən azı 2-3 oyunçu var ki, “Qəbələ” akademiyasında yetişib. Bu, böyük bir nəticədi. Bunu inkşaf etdirmək üçün gərək yüksək liqamızda klub sayı çox olsun ki, bu uşaqlar 19 yaşdan sonra itməsinlər. Həqiqətən də Azərbaycanda müəyyən yaşa qədər çox istedalı oyunçular var. Mən sizə deyim ki, “Qarabağ”ın U-15 komandası var ki, orda hətta ehtiyatda olan oyunçular da həddən artıq istedadlıdı. Digər akademiyalarda da fərqli yaş qruplarında tək-tək bildiyim çox istedadlı uşaqlar var. Sistemli şəkildə yarışların təşkilinə diqqət etməliyik. U-14 yaş qruplarından yuxarı bütün liqalarımızın yarışları əvəzedicilərin yarışı kimi keçirilməlidi. Yəni bunların yarışları bölgə-bölgəyox, premyer-liqanın oyunları kimi keçirilməlidi. O zaman aşağı yaş qruplarına diqqət də böyük olacaq. Misal üçün, mən “Qarabağ”ın U-15 komandasında çalışarkən çempionatın bir çox oyunlarında 10-15 qolla qalib gəlirdik. Bu zaman nə o futbolçular inkşaf edir, nə də məğlub olan digər komandanın oyunçuları. Elə komandaların öz yarışları olmalıdı və onlar da premyer-liqada çıxış edən komandalara oyunçular verməlidi. Bəzən olur ki, elə komandalar da yüksək liqa akademiyalarına qalib gəlir, amma çox az hallarda. O komandaların marağı olmalıdı ki, akademiyalara oyunçu vermək üçün çalışsınlar. Əks halda istedadlı uşaqlar özlərində qalır, sonra onlar da it-bat olurlar. Daha sonra uşaqların məşq keçdikləri, eləcə də yarışların keçirildiyi meydançalar heç də ürək açan deyil. Çox az sayda normal meydançalarda məşqlər və yarışlar keçirilir. Bəzən deyirlər ki, uşaq futbolunda nəticə önəmli deyil. Mən bununla heç cür razılaşa bilmirəm. Uşaqlarda stimul yaratmaq vacibdi. Ən azı qalib gələn yaş qruplarını AFFA xaricdə beynalxalq yarışlara göndərməklə mükafatlandırmalıdı. Məşqçilərimizin təhsilinə diqqət yetirməliyik, klublarda daim marifləndirici kurslar olmalıdı. Hakimlərimiz də daim marifləndirilməlidi. Bəzən elə olur ki, hakimlər nə 17 oyun qaydasını bilir, nə də ki getdikləri yarışın Əsasnaməsini. Misal üçün elə olur ki, hakim hansı liqada neçə dəqiqə oynanılmalıdı, neçə əvəzetmə və neçə dəfə “stop” olmalıdı - bunu bilmir. Bunlar hələ sadə misallardı. Əks halda bir neçə il də geridə qala bilərik. Azərbaycanda demək olar ki, hamı “futbolumuzda sistem olmalıdı” deyir. Amma hansı sistem olmalıdı, necə olmalıdı - onların dərinliklərini demirik.



- Uzun müddət uşaq futbolunda çalışmısız. Uşaqların istedadını, məşqlərə yanaşmasını yaxşı bilirsiz. Bizi gələcəkdə nə gözləyir? İstedadlar və onların futbola münasibəti sizi qane edirmi?
- Azərbaycanda uşaqlar, valideynlər futbolu çox sevirlər. Onlar 6-7 yaşından böyük ümidlərlə uşaqları futbola yazdırırlar, daha sonra 10-12 il uşaqla daim maraqlanırlar. Uşaqların məşqlərinə, oyunlarına daim gedirlər. Çətinlik çəkən valideyinlər də olur, istər uşaqların yaxşı qidalanmaları üçün, istərsə də məşqə aparıb-gətirməkdə. Bəzən dərs vaxtları ilə məşq vaxtları arasında elə böyük zaman qalmır, amma uşaqlar qaça-qaça, yolda yemək yeyə-yeyə gəlirlər ki, məşqə çatsınlar. Bu ardıcılıqla 17-19 yaşa kimi davam edirlər, amma bu yaşdan sonra klublarımızın az, onların maliyyə durumu zəif olduğundan artıq futbolu atırlar. Uşaqlara diqqət böyük olsa, onlara daim düzgün öyrədilsə, niyə bizdə futbol inkişaf etməsin?! Uşaqlar çoxlu yarış keçirməlidi, beynalxalq yarışlara getməlidirlər, düzgün texniki, taktiki, fiziki məşqlər, nəzəri dərslər keçirilməlidi ki, onlar böyüdükdə savadlı oyunçu olsunlar. Bunun üçün də şərait lazımdı. Bu gün U-17 (2008-ci təvəllüdlü uşaqlar) millimiz Belarusiyada Belarusa 0:4, Özbəkistana 0:2 məğlub olur. Komandanın 8-9 futbolçusu İspaniyada “Marcet” akademiyasından dəvət alıb, amma yenə də məğlub oluruq. Çünki bizim uşaqlar İspaniyada yoldaşlıq oyunları oynayırlar. Bu da heç yaxşı bir şey deyil. Uşaqlar təyziq altında oyunlara çıxmalıdılar. Belə baxıram ki, hələ 5-10 il də belə gözləməli olacağıq.



AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
Mənbələr
Şərh ()
Bağla