AZ

Yeni problem: alimlər kosmik sirri açmağa çalışır

Yeni

Kainatın cazibə qüvvəsində uyğunsuzluq aşkar edilib. Bir qrup alim uyğunsuzluqları aradan qaldırmaq üçün hətta dahi fizik Eynşteynin düsturlarını belə dəyişdirməli olublar.

Reyting.az
"Phys" elmi nəşrinə istinadla bildirir ki, Vaterloo Universitetinin və Britaniya Kolumbiyası Universitetinin birgə tədqiqatçılar qrupu kainatın cazibə qüvvəsində onun kosmik miqyasda qəribə davranışı izah edəcək potensial nöqsanı aşkarlaya biliblər.

Xatırladaq ki, son 100 il ərzində fiziklər və fizika elmi kainatda cazibə qüvvəsinin necə işlədiyini müfəssəl izah etmək üçün etibarlı mənbə olaraq ancaq Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə istinad edirdilər. Dəqiqliyi saysız-hesabsız sınaq, həmçininmüşahidələrlə təsdiqlənmiş, zəngin biliklər bəxş edən ümumi nisbilik nəzəriyyəsi cazibə qüvvəsinin sadəcə, üç fiziki ölçüyə deyil, həmçinin də dördüncü ölçüyə - zamana təsir etdiyini göstərir.

Bu layihənin əsas aparıcı müəllifi və Vaterloo Universitetinin Riyazi Fizika Departamentinin məzunu kimi tədqiqatlara cəlb olunan Robin Ven görüləcək maraqlı işlərdən söz açıb:

"Biz çox çalışmalı olacağıq. Müşahidələrimiz bir daha sübut edir ki, sözügedən cazibə modeli, yəni yenidən öyrəndiyimiz model elmə məlum olan və qəbul edilən "Böyük partlayış" nəzəriyyəsindən tutmuş sirlər yuvası qara dəliklərin təsvirinə qədər hər şeydə mühüm rol oynayıb. Lakin hər şey düşündüyümüz kimi deyilmiş. Biz kosmik miqyasda, qalaktika qrupları miqyasında, eləcə də ondan kənarda cazibə qüvvəsini anlamağa çalışdığımız zaman tanıdığımız ümumi nisbilik nəzəriyyəsinin oturuşmuş proqnozlarını aşkarcasına inkar edən çox qəribə elmi uyğunsuzluqlarla qarşılaşırıq. Məhz bütün bunlara əsasən demək olar ki, cazibə qüvvəsi artıq dahi Eynşteynin nəzəriyyəsi ilə mükəmməl uyğunlaşmır. Biz bu uyğunsuzluğu “Kosmik nasazlıq” adlandırırıq. Cazibə qüvvəsi milyardlarla işıq ili məsafələrində ehtimal edirik ki, bir faiz zəifləyir”.



Nəşrin yazdığına görə, iyirmi ildən çoxdur ki, fiziklər və astronomlar ümumi nisbilik nəzəriyyəsinin ziddiyyətlərinin izahını verəbiləcək riyazi model yaratmağa çalışırlar. Bu elmi çalışmaların, səylərin bir çoxu isə tətbiqi riyaziyyatçıların və astrofiziklərin arasında müntəzəm olaraq davam etmiş fənlərarası əməkdaşlığın nəticəsində tək bir məkanda reallaşdırılıb. Kainatın fiziki qanunlarını öyrənən, həmçinin qabaqcıl qravitasiya tədqiqatları sayəsində böyük bir tarixi təcrübələrə malik olan Vaterloo Universitetində həyata keçirilmiş yeni tədqiqat cazibə qüvvəsindəki nöqsanı tam aşkarlamaq və bunun səbəbinin elmi izahını verməkdən ötrü səylə çalışırlar.

Kanada Dövlət Universiteti Vaterloonun astrofizika professoru, eləcə də Perimetr İnstitutunun tədqiqatçısı Niayeş Afşordi mövzu barədə danışıb:

"Təxminən bir əsr əvvəl astronomlar kainatın genişləndiyini kəşf etdilər. Onlar da Albert Eynşteynin nəzəriyyəsinin isbat etdiyi maksimum və demək olar ki, tam işıq sürəti ilə hərəkət edirlər. Lakin bizim nəticələrimiz göstərir ki, eyni miqyasda Eynşteynin nəzəriyyəsi yetərli olmaya bilər. Yəni nə isə qüsur və yaxud boşluq var. Yeni "Kosmik nasazlıq" modeli isə Eynşteynin riyazi düsturlarını ümumi nisbi nəzəriyyənin mövcud uğurlu tətbiqlərinə təsir etmədən bəzi kosmoloji ölçmələrdəki uyğunsuzluqları tamamilə aradan qaldıracaq şəkildə dəyişdirir, həm də genişləndirir".

Həmkarının söylədiklərini təsdiq edən və onun fikirlərinə şərik çıxan Ven isə deyib:

"Gəlin, biz müşahidə edilən qravitasiya proseslərini və cazibə qüvvəsində mövcud olan həmin "Kosmik nasazlıq" problemini Albert Eynşteynin nəzəriyyəsinə kiçicik qeyd kimi düşünək. Bəs sonra nə olacağı məlumdurmu? Bəli! Kosmik miqyasa çatdıqdan sonra həmin bu qaydalar və şərtlər tətbiq olunacaq".

Kanadalı tədqiqatçıların, həm də birlikdə əməkdaşlıq etdikləri britaniyalı alimlərin fikrincə, bu müəmmanı aşkar etmək üçün fizik Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə qismən yeni və bəzi əlavələr etmək lazım gələcək.

Artıq uzun illərdir ki, birlikdə əməkdaşlıq edən bir qrup alim və tədqiqatçı məhz bu sahədə uğurlu elmi əlavələrə, eləcə də nəticəli tədqiqatlara, böyük irəliləyişlərə nail olmaqla kainatın cazibə qüvvəsində baş verən uyğunsuzluğa səbəb olan yeni, aşkar görünən nöqsanın tezlikdə elmi izahını verə biləcəklərinə ümid edirlər.

Tədqiqatçı alim Niayeş Afşordi bununla bağlı artıq bəzi nəticələrin əldə edildiyinisöyləyib. "Bu yeni fiziki model məkan və zamanda açmağa başladığımız kosmik sirr üçün ilk ipucu olacaq",- deyə N. Afşordi fikrini yekunlaşdırıb.

Oqtay QORÇU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla