AZ

Diplomu tanınmayan şəxsləri işə götürürlər?

Tez-tez xaricdə təhsil alan bəzi şəxslərin ölkəmizdə diplomunun tanınmaması xəbərləri ilə rastlaşırıq. Bu şəxslər xaricdə universitet bitirsə də, diplomları ölkəmizdə tanınmır. Diplomu tanınmayan şəxslər arasında “Mənim üçün əsas təhsildir, diplomum tanınmasa da olar”, “Əsas gördüyün işdir, diplom çox da vacib deyil” kimi fikirlər səsləndirənlər də olur. Maraqlıdır, şirkətlər işçiləri işəgötürən zaman onların diplomunun tanınıb-tanınmamasına nə qədər əhəmiyyət verirlər? 

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov Valyuta.az-a açıqlamasında bildirdi ki, işəgötürənlər artıq diploma deyil, bacarığa baxırlar:

“Əgər işəgötürənlər sadəcə diplom ilə işəgötürsələr, o zaman heç iş müsahibəsi də olmaz. İşə qəbul prosesi sadəcə sənəd ilə baş tutar. Yeni gələn işçiyə müəyyən (3 ay, 6 ay) sınaq müddətinin verilməsi onun bacarıqlarına bələd olunması üçün nəzərdə tutulur. Elə bir şirkət yoxdur ki, şəxsi xaricdə təhsil aldığı üçün işə götürsün. Şirkət şəxsin sənətinə diqqət edir, diplomun tanınması çox da əhəmiyyətli deyil. Bir şəxs ixtisasın tələblərini yerinə yetirirsə, amma diploma yoxdursa, özəl müəssisələrdə işləyə bilər. Təhsil müəssisəsi deyilsə, digər sahələrdə - sənaye, istehsalat və bu kimi başqa sahələrdə çalışa bilər. Bir qisim insanların yanaşması “Yoxlama gəlib, diplomsuz işçi görərsə, narazılıq yaranar” deyə düşünür, bunun üçün də diplom almaq xatirinə təhsil alır. Yəni, həmin şəxs öz ixtisasına tam yiyələnib və gördüyü iş heç bir təhsil tələb etmir, sadəcə olaraq diploma alaraq özünü bir növ ehtiyata almış olur. Bu cür yanaşan şəxslər heç diplomu tanıtmağa ehtiyac da duymur”. 

Təhsil mütəxəssisi onu da qeyd edib ki, şəxsin bacarıqları yoxdursa və diplomu da tanınmayan universitetdən alıbsa, demək həmin şəxsin alternativ bir yolu var:

“Belə şəxslərin normal yollar ilə iş tapması və işdə qalması mümkün deyil. Alternativ yollar deyən zaman tanışlıqla iş tapmaq nəzərdə tutulur. Normal şərtlər altında bir insanın diplomu olmasa belə, o, işin tələbələrini yerinə yetirməlidir. Sənəd artıq ikinci dərəcəlidir. Sənəti olanın sənədi olmaya bilər. Diplomu olan sənəti olmayan insanlar da çoxdur. Sözsüz ki, şəxsin həm sənəti, həm də sənədi olsa, daha yaxşı haldır”.

Beynəlxalq Əmək Təşkilatının rəsmi təlimçisi, insan resursları mütəxəssis Saleh Həsənov da bildirdi ki, son dövrlərdə şirkətlər formal olmayan təhsil formasına daha çox üstünlük verirlər:

“Yəni, ola bilər ki, kimsə humanitar ixtisaslı bir şəxsdir, amma iqtisadi sahədə çalışıb və bu istiqamətdə müəyyən sertifikatlar alıb bu işi yerinə yetirsin. Qanunvericiliyin bununla bağlı tələbi olmasa, şirkətlər bunu problem etmir. “Əsas təhsildir, diplom tanınmasa da olar” misalı son dövlər daha çox qarşılaşdığımız ifadədir. Şəxsin bacarıqlarını, şirkətə olan faydasını ölçmək onun təhsilindən daha vacibdir”.

Mütəxəssis onu da vurğulayıb ki, hazırda, dünyada təhsildən daha çox yumşaq bacarıqlara üstünlük verilir:

“Bu zaman təhsil məsələsi bir az prioritetdən paralelə keçirilir. Yəni, şəxsin təhsili ilə yanaşı, bacarıqlarına da baxılır. Bacarıqları yaxşı olan şəxsin universitet bitirməsi və ya hansısa sertifikatlar alması arasında çox da fərq yoxdur. Bu baxımdan da onların diplomunun tanınmaması problem olmur. Dövlət şirkətlərində isə bu hallar ilə bağlı daha ciddi yanaşma var. Onlar diploma tanınmayan universitet məzunlarını cəlb etməyə meyilli olmurlar”.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla