AZ

GDU-da “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gəncə, 6 may, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, elmi konfrans müasir kimya, biologiya, fizika və iqtisad elmlərinin aktual problemlərinə həsr edilib. Mövzu ilə bağlı 7 ölkədən daxil olan 700-dən çox məqalə 5 cilddə kitabda nəşr olunub.

Konfransdan öncə Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Elmi konfrans Gəncə Dövlət Universitetinin V tədris korpusunda təşkil edilib. Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub. Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov konfransı açaraq, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edib.

Türkiyə Respublikasının Gəncədəki baş konsulu Recep Öztop mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində və ətraf mühitlə bağlı problemlərin həll olunmasında konfransda dinləniləcək elmi məruzələrin faydalı olacağını vurğulayıb.

Elmi konfransda Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Akademik Vaqif Abbasovun “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, Yaşıl enerji, Pakistanın Sarqodha Universitetinin professoru Navar Məhəmməd Tahirin “5-nitro, 2 asetoamido kadmium kompleksinin sintezi və kristal quruluşu”, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzovun “Təmiz ətraf mühit və ekoloji tarazlığın qorunmasında çay hövzələrinin bitki örtüyünün rolu” mövzusunda elmi məruzələri və Rusiya Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor Axmet Matievin videomüraciəti dinlənilib.

Həmçinin ekoloji problemlər və onun həlli yolları, gənc nəslin maarifləndirilməsi istiqamətində görülə biləcək işlər müzakirə olunub.

Beynəlxalq elmi konfrans işini 16 bölmə iclası ilə davam etdirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla