AZ

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Bakı, 6 may, AZƏRTAC

Misirin arxeoloji missiyası qazıntılar zamanı Şimali Sinaydakı Tel Hebva (Taru) ərazisində firon III Tutmosun (eramızdan əvvəl 1479-1425-ci illər) çiy kərpicdən tikilmiş istirahət evinin qalıqlarını aşkar edib.

AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, bu kəşf qədim Misir tarixi ilə bağlı dəyərli məlumatlar təqdim edir. İlkin araşdırmalar, tapıntıların Qədim Misir hökmdarlarının 18-ci sülaləsinin fironu III Tutmosun hakimiyyəti dövrünə aid olduğunu göstərir. Bu barədə jurnalistlərə Misirin Antik Əsərlər Ali Şurasının baş katibi Məhəmməd İsmayıl Xalid bildirib. O qeyd edib ki, memarlıq quruluşu və istirahət evində tapılan saxsı qırıqları onun fironun istirahət evi kimi istifadə edildiyini göstərir. Baş katib əlavə edib: “Bu, çox vacib kəşfdir, çünki yeni tapıntı Misirin hərbi tarixinin, xüsusən də Yeni Krallıq dövründə Sinay bölgəsinin mühüm aspektlərini işıqlandırır”.

Hazırda arxeoloqlar bu ərazidə qazıntıları davam etdirirlər. İstirahət evi əlavə otaqları olan bir-birinə bağlı iki düzbucaqlı zaldan ibarətdir. “Sina Antiquities” firmasının direktoru və arxeoloji missiyanın rəhbəri Hişam Hüseyn bildirib ki, mərkəzi şimal tərəfdə yerləşən əsas giriş üç əhəngdaşı sütunla bəzədilmiş daha böyük salona aparır. Onun sözlərinə görə, şərq və qərb girişləri olan, iki metr diametrli əhəngdaşı sütun əsasları ilə əhatə olunmuş salon daha kiçik bir zalla birləşir. Bu girişlərin daş astanaları da üzə çıxarılan əsərlər sırasındadır. Bundan əlavə, arxeoloji missiya otaqların girişlərinin daş pillələrini və istirahət evinə bitişik, şərqə doğru uzanan kiçik otaqlar toplusunu da aşkar edib.

Hişam Hüseyn deyib: “Əhəmiyyətli odur ki, bu ərazi Qədim Misirin üçüncü aralıq dövründə qəbiristanlıq olub və burada 21-ci sülalədən 25-ci sülalələrə qədər uşaq dəfnlərində istifadə edilən yerli istehsal amforaları yerləşib.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla