AZ

“Ölkələr öz şəxsi ambisiyalarını kənara qoymalıdırlar”

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına  Tərəflərin Konfransının Bakıda keçiriləcək  29-cu sessiyası zamanı ölkələri atəşkəs rejiminə dəvət etməyi düşünür. Bu sözləri  Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Observer” qəzetinə müsahibəsində bildirib.

Bu çağırışı müsbət dəyərləndirən politoloq Tural İsmayılov qeyd etdi ki, Azərbaycan hər zaman bir çox qlobal məsələlərin həllində tam güclü və ləyaqətli bir dövlət prinsipindən iştirak edib. Ədalətin, hüququn təmin edilməsi məsələsinə böyük önəm verib:

“Bu zamanadək Azərbaycan dünyada istər koronavirus vaxtı vaksin məsələləri, istər beynəlxalq ətraf mühit məsələləri, istərsə də bütün yer kürəsini narahat edən məsələlərdə qlobal tendensiyaların, çağırışların önündə yer alıb. Bu günə qədər məhz Azərbaycanın ədalətli mövqeyi və dünya miqyasında beynəlxalq təşəbbüsü ələ alması, Azərbaycan-Fransa neokolonializmi də daxil olmaqla, beynəlxalq münasibətlər sistemindəki bir çox nizamsızlığa qarşı müqavimətin önündə yer alır”.

Politoloq həmçinin qeyd etdi ki, Azərbaycanda keçiriləcək COP29  tədbiri bütün Yer kürəsini narahat edən məsələnin müzakirə ediləcəyi bir platformaya çevrilib:  

“Burada artıq ölkələr öz şəxsi ambisiyalarını kənara qoymalıdırlar. Çünki Yer kürəsi bütün insanların yaşadığı planetdir və bu gün ətraf mühitlə bağlı məsələlərdə siyasi ambisiyalar, şəxsi düşmənçiliklər kənara qoyularaq vahid müzakirə aparılmalı və çıxış yolları məsələsi ortaya qoyulmalıdır. Bu baxımdan Azərbaycan COP29 kimi beynəlxalq əhəmiyyətli və çox vacib bir tədbirə ev sahibliyi edən ölkə olaraq savaşların dayanmasını və COP29 dönəmində hər kəsin diqqətinin bütün dünyanı narahat edən məsələlərə yönəlməyini istəyir. Azərbaycanın bu çağırışı kifayət qədər təqdirəlayiq və dünya tarixinə iz salacaq addımlardan biridir”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla