AZ

Yeni abzasdan

Anarın ilk fotosunu hələ uzaq 80-ci illərdən hafizəmdə çəkmişəm - o, qalın kürkünə bürünüb. Ondan ayırlmaq istəmir sanki. Bir çiyni ilə soyuq divarlara sığınmağı sevir. Yəni, bir tərəfini divarlara daha çox etibar edir, nəinki ətrafındakılara.
O xasiyyəti, deyəsən, dəyişib indi. Səlimə, Rəşada tam etibarı var deyərdim. Bir çiynini yalnız divarlara etibar etmir indi. Həm də çiyindaşlarına etibar edir.
***
Qırx il əvvəl təsadüfən bu ünvanda qısa müddət olmuşam. Eynəyim sürüşüb düşüb daş döşəməsinə. Qırılıb şüşələri. Sonra ürəyim də qırılıb.

Hə... Yazarlar Birliyi binası, ünvanı indiyədək məndən çox-çox uzaqlarda idi. Ancaq indi...

İndi bu bina sanki özü mənə yaxınlaşmaq istəyirdi.

Qapısı önündə Səlim dayanmışdı - Səlim Babullaoğlu.

Əlini havaya qaldırdı. Məni Yazarlar Birliyinə səslədi. Sahil bağının kol-kosları arasından, sanki baharın içindən sivişib çıxdım.

Səlimlə içəri daxil oldum. Əvvəl, təbii, Nizaminin xalça üzərindəki təsviri qarşıladı bizi. Sonra biz artıq Anar müəllimin otağındaydıq. Rahat, yaddaqalan kabinetində.

O, azca yanböyürtü oturmuşdu öz dərin kreslosunda. Sanki fərqli bir ünvana baxırdı. Söhbətimiz qızışdıqca baxışlarının istiqaməti, yönü də dəyişirdi yavaşcana.

Qəfil, nəzakətli baxışları öz istiqamətini dəyişdi. Düz, mənə tərəf çevrildi. Gözlərimin dərinliyinə sancıldı.
Anarla mən çoxdanın, qırx ilin tanışıyam. 1980-ci illərin əvvəlində "Qobustan" jurnalının redaksiyasında ilk görüşümüz indiyədək paslı yaddaşımdadı.

Həmin uzaq o görüşü, şükür, Anar müəllim də unutmayıb. Qırx il sonra o mənzərəni, söhbətləri bütün incəlilkləri, detalları ilə birgə yenidən danışır mənə.

Düzü, heyrətamizdir, bütövdür bu xatirələr. Çoxu mənim yaddaşımdan pozulub, hətta deyərdim, vallah.
Ancaq Anarın daxili diktofonu, kinokamerası, arxivi zərgər... yox...yox... Məhz yazıçı dəqiqliyi ilə həmin o əhvalatı yenidən... düz qırx il sonra mənə danışır, bir də xoş təbəssümünü gizləməyən Səlimə.
Bir də, görünür, böyük ədəbiyyatın özünə.

- O vaxt sən şeirlərini gətirmişdim redaksiyamıza. Bəyəndim şeirlərini. Dedim, Mircavadın rəsmləri ilə birgə çap edim jurnalımızın növbəti sayında.

Bayaqdan mənə "Siz" deyən Anarın qəfil mənə "sən" deməsi diqqətimdən yayınmadı.

Həəə... Day nə deyim burada?! Anarın xatirələri mükəmməldir. Unutduqlarım hələ də Anarın iti hafizəsində öz həyatını yaşayır.

Düz qırx il sonra o ilk görüşümüzün tam mənzərəsini gözlərimdə canlandırır.

Ancaq indi anlayıram aramızdakı o ilk dramatikliyi. Təsəvvür edin: gənc şair, yəni mən - Həmid Herisçi, modern şeirlərimi Anara təqdim etmişəm. Özü də "Ulduz" kimi, "Azərbaycan" kimi ədəbi dərgiyə yoxxx... "Qobustan" kimi sənət dərgisinə təqdim etmişəm öz şeirlərimi. Anar oxuyub. Bəyənib. Bəhanə də tapıb şeirləri çap etməyə - guya şeirlərim Mircavad kimi dahi rəssamımıza həsr edilib.

Beləliklə, hələ ilk görüşümüz zamanı o məni... gənc bir şairi Mircavadla bir sıraya gətirmək, eyni çəkili etmək istəyirdi. Çap olunmağımın yolunu, çəmini də yaxşı tapmışdı.

- Ancaq siz o vaxt buna etiraz etdiniz. Dediniz o şeirləri Mircavada yazmamısınız. Həmin etirazınızı çox bəyəndim.

Anar xatirələrini sonra bir başqa ahənglə davam etdirdi: "Ancaq sonrakı etirazlarınız... mənə qarşı, klassiklərimizə qarşı etirazlarınız qəti qəbuledilməzdir".
Anarın dilində klassiklərimizin sıralanması çox təsirli, axıcı və..
Və musiqili idi:

- Sabir, Cəlil, Axundov və digər çoxları toxunulmazlardır. Sonrakı etirazlarınız mənim üçün, məndən ötrü çox təəccüblü idi.

Nitqi çox səlisdir Anarın. Səs tellərini, hiss edilir, zaman özü kökləyib. Arıdıb. Nitqinə maneçilik törədən heç nə yoxdur boğazında. Deyəsən, elə ürəyində də. Elə bu görüşümüzdə də.

Axundov kitabxanasını bəzəyən daş heykəllər bu vaxt qəfil gözlərimdə canlanır. Anarı bir an unudub o heykəllərin mükəmməl sırasını görürəm qarşımda.

Sonra...

Sonra sanki bu sıraya o - Anarın özü də əlavə olunur. Bu cür də yenidən qayıdır reallığa. Söhbətimizə.

- Siz postmodern haqda dəqiq izah verə bilərdinizmi mənə?

Anarın postmodern mövzusunda mənə müraciəti, düzü, çox ruhlandırdı məni. Əvvəla, o bu məqamda yenidən "Siz" müraciətinə qayıtmağı ustalıqla bacardı. Postmodern mövzusunu sanki mənlə işarələdi.

Azca gülümsədim bu dar məqamda.

Gülümsəməyimi də tutdu havadaca.

Cürətlənib 1937-ci ilə qayıtmaq istədim sanki.

İstərdim, indiki ədəbi qarşıdurmalar elə 1937-ci ildəki kimi olsun. Dramatik olsun. Klassik olsun. Day indiki kimi məişət məzmununda qalmasın. Estetik olsun... bəlkə də qanlı.

- Yox... Mən istəməzdim. Yaxşı ki, o cür olmadı bu dəfə. Elə bu cür oldu.

Anar azca duruxdu. Çox dramatik ikinci görüşümüzü - 1990-cı ilin qanlı yanvar günlərini, Elmlər Akademiyasındakı ikinci görüşümüzü xatırladı.

Açdığım "1937-ci il" mövzusu bu vaxt çox dərinləşdi, bütövləşdi birdən-birə. Qanlı 1937-dən sonra qanlı 1990-cı il...

1937-də görüşməsək də, 1990-da görüşmüşük. O əzablı günlər... sözsüz, 1937-nin məntiqi davamı idi. Anarın xatirə dəftərimdəki ikinci fotosu da bax, o günlərdə çəkilib.

Hə...ikinci görüşümüz də olub axı. Qanlı yanvar günlərində. Akademiyanın binasında. Niyə tam unutmuşam onu? Niyə Anar unutmayıb o görüşü? Qorxuram, detallara keçim. Yaxşı ki, Rəşad Məcid bu vaxt qapıdan içəri keçərək ildırım sürətilə aramıza girdi.

1937-nin, 1990-nın qanlı, dramatik havasından bu cür ayılmağımız ikimizə - Anara da, mənə də xoş gəlir deyəsən. Məmnuniyyətlə Rəşada "takılırıq".

Rəşad, deyəsən, görüşümüzə gecikib. Sonra görüşümüz bitmədən bizi tərk edəcək o. Ancaq söhbətə müdaxiləsi, həəə... düz vaxtındadır.

Vaxt ölçüsü, düzəni, deyəsən, çox dəqiqdir onun. Bizi bəzi detallardan ayırdı o. Qayıtdıq nisbətən dinc xatirələrə:

- "525-ci qəzet"də işlərkən səni İrəvana göndərdim. Qrant Matevosyandan aldığın müsahibə əla idi. Robert Koçaryanın pişiyini də divara yaxşı dırmaşdırmışdın.

Rəşad sonra Anara barəmdə əlavə nələrsə danışanda beynim, qulaqlarım söndü, nədənsə. Fikrim getdi bayaqdan susan, söhbətimizə əsla müdaxilə etməyən Səlim Babullaoğluya. O da uşaq deyil. Sərrastdır, atıcıdır. Hiss etdi ki, söhbətə qoşulmaq vaxtıdır.

- Anar müəllim. Rəşad. Sənədlər hazırdır. Biz bu gün ədəbiyyatımızın çox maraqlı məqamını yaşayırıq.

Rəşad da, Anar da bu məqamda qoşalaşdılar, sanki. Eyni adam kimi, eyni mövqedən eyni sözü dedilər.

- Nə sənədlər?..

- Zəmanət-filan lazım deyil... Təqdimatı isə özüm yazdım, - əlavə edir Babullaoğlu.

Bir anlıq sükut fasiləsi Rəşadın xoş təbəssümü ilə yadda qaldı. Anarın baxışları bu dəfə çox yeni idi. Təzə idi, hətta deyərdim. Elə bil aramızdakı bir maneə, bir alçaq divar arxada idi artıq.

- Zəmanəti kim verib barəmdə? Səlim?

Səlim maşallah, eşidir lal sualımı. Başının bircə hərəkəti ilə ürəyimi rahatlayır.

Bu lal söhbətimizi Anar da eşidir, məncə, elə Rəşad da.

Əladır. Deyilməyənləri eşitməyə başladıq. Demək, söhbətimiz tam alınmışdı. Qalmışdı dəftərxanadakı darıxdırıcı cari məsələlər. Anarın 30 illik müşaviri Rauf Aslanov da bu vaxt görüşümüzün videokadrına düşdü. Fotosunda əks olundu.

Bioqrafiyam, bir başqa abzasa keçirdi indi.

Anarın xoş baxışları, Səlimin dik duruşu, Rəşadın siqareti bir nöqtədə birləşdi bu vaxt.

Tünd boyalarla çəkilmiş Rembrandt tablosunu gözlərimdə canlandırdı. Qalırdı indi bu mənzərəni qəşəng, qızıl çərçivəyə salmaq. Divardan asmaq.

İstəyirəm, AYB müəllifləri, dünya ədəbiyyatı nümayəndələrinin son kitabları haqda ardıcıl televerilişlər edim burada. Sosial şəbəkələrdə...
Ancaq deyəsən, bu xahişimi heç kim eşitmədi. Hamı bir başqa məqamı bölüşürdü indi.

Anar, Rəşad, Səlim və mən...

İndi bir masa arxasında idik.

Fotomuzu çəkənlər də var idi bu kabinetdə.

Masa üzərində unutduğum kağızda isə məni AYB-yə gətirən səbəblər bir-bir qeydə alınmışdı: "44 günlük müharibədən sonra Azərbaycanda heç nə, heç kim, o cümlədən, mən əvvəlki olmayacaq. Olmamalıdır da.
"Qalib xalq, qalib dövlət" modeli yeni ədəbi, mənəvi, bədii standartlar istəyir. Qələbədən sonra TV və radiolarda miqyas, görüntü, səs, keyfiyyət, ədəbi məzmun dəyişməlidir. İndi bizim qaltanlı səslərə, Levitan səsinə ehtiyacımız var. Qələbə səsinə ehtiyacımız var. Şəxsən mən bu qalib, peşəkar, oturuşmuş səsi həyat yoldaşım İlhamiyyə Rzayevanın təkrarsız nitqində, səsində tapmışdım.

Xəbərlər bir mətn kimi adətən çox ölü olur. Xəbəri diriltmək var. Onu da gərək peşəkar TV və radio aparıcıları diriltsinlər. Mən o səsi tapmışdım. Siz isə qələbədən sonra o səsi hələ axtarıb tapmalısınız.
Qələbə dövrü təkcə TV və radiolardan yeni standart, yeni səs, yeni görüntü, yeni rəng palitrası tələb etmir.
Heykəltaraşlar da qələbədən sonra monumental sənət əsərləri ilə meydanlarımızı bəzəməlidirlər. Ədəbiyyat da əvvəlki standartlarla, hava ilə yaşaya bilməz. İlk növbədə bu, elə mənim özümə də aiddir.

Erməni tərəfi bu gün ədəbi, mədəni müharibəyə üstünlük verir: nəticələr az deyil. Birisi götürüb əl telefonu ilə 44 günlük müharibə haqda film çəkib. Beynəlxalq aləmdə səs salıb. Ödülləri düzüb bir-birinin ardınca.
Etiraf edək - güc nazirliklərimiz bu müharibəni uddu. Ancaq mədəni qurumlarımız necə? Bu döyüşdə qalibdirmi? Sualı, özünüz cavablandırın.

Uzun götür-qoydan sonra qərar verdim, ədəbiyyatdakı mövqeyimi daha da dəqiqləşdirim. Ədəbiyyatımızdakı parçalanmanı, daxili müharibəni öz nümunəmdə bitirirəm.

Bizə indi başqa səngərlərdə döyüşmək mühümdür. Əsl düşmənlə döyüşmək lazımdır. Əsl düşmənlə!

Azərbaycan ədəbiyyatı dünyada, məncə, xüsusi çəkiyə, məna yükünə malikdir.

Birincisi, ən mühümü - bizdə şifahi ədəbiyyat hələ də çiçəklənməkdədir. Düzü, bu, yazılı ədəbiyyat ölçülərinə ziyan da gətirir hərdən. Ancaq razılaşaq: Azərbaycanda meyxana fenomeni son zamanlar yazılı şeir ənənəsini üstələyib. Xalq bu gün şair deyərkən, daha çox meyxanaçıları nəzərə alır. Ölkəmizdəki şou-biznes, toyxana fenomeni də əbədi məzmunludur. Başıbəlalı kinoseriallar kabusu da o cümlədən.
Və ciddi ədəbiyyat, o cümlədən, AYB bu sahədəki məsuliyyətini danmamalıdır.

Yəni, indi bizim daxili ədəbi davalarla baş qatacağımız vaxt deyil.

Unutmayaq, bu gün dünyada real, onlayn rejimdə, sinədən şeir demək ənənəsi də kiçik istisnalarla, deyəsən, yalnız bizdə - Azərbaycan meyxanasında qalıb. Mirzə Ələkbər Sabir də bir az həm bəhri-təvil, həm meyxanadır, bilənlər bilir. Ancaq bugünkü Azərbaycan filoloji cameəsi Sabiri qəbul edirsə, digər meyxanaçılara hələ də dodaq büzməkdədir. Gəlin, meyxana janrını süngüylə qarşılamayaq. Tam tərsinə, bu janrın da leqallaşması, leqitimləşməsi, hətta Azərbaycan Yazarlar Birliyi ilə dialoqa başlaması, məncə, ədəbi həyatımızın vacib məsələlərindən biridir. Sabir bu cür şeirlərlə Səttarxan inqilabını alovlandırmışdı. İndiki Təbrizdə də meyxanaya ciddi siyasi, inqilabi sifariş var. Ancaq o göydədir hələ. Reallaşmağı vacibdir. Günün tələbidir. Təbrizdəki Məşrutə inqilabı ənənələri şeirlə, Sabir şeiri ilə bağlıdır. Davamçılarına bu gün kəskin tələbat yaranıb. Şeirsiz, meyxanasız Güneydə inqilab olmayacaq. Dəqiq qənaətimdir. Dəqiq!
Azərbaycan ədəbiyyatında ta qədimdən iki saray ədəbiyyatı qarşı-qarşıya dayanıb: biri xərabət sarayıdır, digəri şah şeir sarayı. Azərbaycan yazarlarının son nəsli, o cümlədən, mən, meyxanaçılar, andeqraund şairlər kimi əvvəllər xərabət sarayındaydıq. Saqimizi ordakı sınıq kuzələrdən doldururduq. İndi iki saray birləşməlidir.

Bu gün mən "kütləvi ədəbiyyat, kütləvi mədəniyyət"ə qarşı səfərbərliyə çağırardım. Özümüz də bilmədən, ehtiyatsızlıqdan biz bu cini şüşədən buraxdıq. Onu şüşəyə qaytarmaq, vallah, çətin görünür mənə.
Bu gün hamı şairdir. Yazardır. Bloqerdir. TV aparıcısıdır.

Ədəbiyyat da kütləviləşir. Korrektorsuz, redaktorsuz, oxucusuz romanlar kitab dükanlarında, rəflərində tıxac yaradır. Kütləvi ədəbiyyat kabusu ilk olaraq elitarlığı, ədəbi münsiflər heyətini şübhə altına alır. Keyfiyyətsiz məhsulla beyinləri sıfırlayır.

Azərbaycan klassiszminin buna qarşı bircə səngəri, cavabı var - AYB.

Qərara gəldim yerdəyişmə edim öz ədəbi mövqeyimdə. Babullaoğludan AYB-dən gələn dəvətə müsbət cavab göndərim.

Bioqrafiyamda yeni abzas açıram...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
Mənbələr
Şərh ()
Bağla