AZ

Geyimləri, məşqləri, gözləntiləri... - Özəl açıqlamalar!

Təmsilçilərimiz Fahree və İlkin Dövlətov “Firuzəyi xalı”da OLAY-a özəl açıqlamalar verib. 

Sənətçilər Malmödəki məşqlərindən və müsabiqə üçün hazırlanan geyimlərindən danışıb.

İ. Dövlətov bildirib ki, məşqləri yüksək səviyyədə həyata keçib:

“Hər gün məşq edirik. Səhnə böyükdür. Hər səhnənin özünün ağırlığı var. Ona öyrəşmək üçün bir zaman lazımdır. Bizim də məşqlərimiz yüksək səviyyədə davam edir. Ayın 6-ı axırıncı məşqimizdir, 7-i isə yarımfinalda çıxışımız olacaq. Geyimlərimizdə döyüşçü ruhu əks olunur. Məsələn, bu kostyumdakı detal müasir stildə tikilmiş milli xalçamızın və kəlağayımızın simvollarına işarədir. Mahnımızla kostyumlarımız tandem təşkil edir. Keçmişlə gələcəyi birləşdirir. Səhnədəki kosmik geyimlərimiz gələcəkdən, klipimizdəki paltarlarımız isə keçmişdən xəbər verir. Bunlar bir-birinə bağlıdır, gedişatı izləmək lazımdır. Biz də əlimizdən gələni edirik ki, ölkəmizi dövlətimizi, mədəniyyətimizi  yüksək səviyyədə təmsil edək. Siz də sağ olun ki, bizə mənəvi dəstək olursunuz”.

Fahree isə qeyd edib ki, geyimləri bir-birinə məna olaraq bağlıdır:

“Buradakı məşqlərimiz Bakıdakılardan daha çoxdur. Dayanmadan məşq edirik. Böyük tədbir və səhnədir. Artıq səhnədə də məşqlərimiz olub. Səsimiz də yorulur, özümüz də yoruluruq. Başqa təmsilçilərlə də danışmışıq. Hər kəsdə belədir. Səhnədə elə performans göstərəcəyik ki, hər kəs “halaldır sizə” deyəcək. Buna inanırıq. Geyimlərimizin hər biri bir-birinə məna olaraq bağlıdır. Gördüyünüz kimi, döyməmdə də 4 element var – hava, od, su, torpaq. Bu, insanın müəyyən xüsusiyyətlərini təmsil edir. 

Torpaqda əsas enerji toplaşır, geyimimin kürək hissəsində də bu işarə var. Dünən çıxış etdiyimiz partidəki geyimimdə olan qara və narıncı rəngli element də odu təmsil edirdi. Klipdəki boz kostyumum hava elementi idi. Səhnədə isə su elementi olacaq. Gördüyünüz kimi, parıldayır. Arxada da onun simvolu var. Beşinci element isə sevgidir. İlkinin isə bütün kostyumları insanın daxili dünyasını təmsil edir. Məsələn, səhnədəki kostyumu qaradır, insanın içindəki qaranlığı göstərir. Lakin parıldayır. Bu insanın özü ilə söhbət edəndə yaranan işığa işarədir”.

Elnur Nağıyev 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla