AZ

Səfir Mark Libbin Xədicə İsmayılla nəyi müzakirə edə bilər? ANALİZ

Qərbin və ABŞ-ın qaranlıq dairələri ölkəmizin dünyada güc mərkəzinə çevrilməsindən ciddi narahat olmağa başlayıblar. Son vaxtlar ölkəmizə qarşı qarayaxma kampaniyasının və qərəzli qətnamələrin qəbul edilməsi, şər və böhtanlardan ibarət olan açıqlamaların verilməsi, bəyanatların səslənməsi, məhz məkrli xarici qüvvələrin ölkəmizin uğurlarına kölgə salmağa hesablanan fəaliyyətinin nəticəsidir. ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin özlərinə yaxın media nümayəndələrinin iştirakı ilə media azadlıqlarına dair gizli toplantı keçirməsi okeanın o tayından ölkəmizə qarşı qara niyyətli planların hazırlandığını deməyə əsas verir. Əgər səfirin niyyəti və məqsədi saf və aydın olsa idi, gizli toplantı keçirməzdir. Digər tərəfdən həmin toplantıya "Azadlıq" radiosunun keçmiş əməkdaşı, "Toplum" TV-nin təsisçisi və direktoru Xədicə İsmayıl kimi qazanda fırtına yaratmaq istəyən təxribatçıları başına toplayıb, Azərbaycanla bağlı dedi-qodu xarakterli müzakirələr aparmazdır. Sual olunur, bu tip görüşlə özünü hörmətsiz vəziyyət salan səfir X.İsmayılla nəyi müzakirə edə bilər? Yeni layihəmi, yoxsa növbəti hay-küy yaratmağa xidmət edə biləcək açıqlamaların verilməsinə təhrik edilməsi? Hər halda, "od olmasa tüstü çıxmaz", - deyiblər. Səfir boş yerə görkəmi və daxili aləmi tamamilə ləkdən ibarət olan şəxslə görüşməyə həvəsli olmaz. Yəqin ki, qısa müddət sonra görüşün məqsədi və müzakirə olunan məsələlər, qəbul edilən qərarlar cəmiyyətə aydın olacaq. El məsələdir, "Cidanı çüvalda gizlətmək mümkün deyil". Başqa bir el məsəli də var. Sadə məsəl etik qaydalara zidd olduğundan qeyd etməyə lüzum bilmədim. Sadəcə, onu qeyd etmək olar ki, səfir öz diplomatik missiyasından kənar hərəkətlərə yol verir.

Səfir diplomatik etiket qaydalarını pozur

Səfirin diplomatik etiket qaydalarını pozmasını sübut edən məsələlərdən biri də ondan ibarətdir ki, bu şəxs Azərbaycanın döyünən ürəyi olan Türk dünyasının mədəniyyət paytaxtı Şuşamıza getməkdən imtina edir. Niyə? Suala cavab verməkdə çətinlik çəkdiyi şübhəsizdir. Sadəcə iddia edir ki, "Şuşa kimi şəhərlərə koordinasiya şəkində getmək lazımdır". Fakt ondan ibarətdir ki, Fransanın ölkəmizdəki səfiri də işğaldan azad edilən Şuşa şəhərinə getməkdən imtina edib. Onu da nəzərə almaq lazımdır ki, istər ABŞ-ın, istərsə də Fransanın Azərbaycana qərəzli mövqe sərgilədikləri bütün tərəqqipərvər xalqlara, demokratik dövlətlərə bəllidir. Bu da hər iki dövlətin qaranlıq dairələrinin erməni lobbisinin təsiri dairəsində olduqları mübahisə mövzusu olmayan faktlardandır. Məhz erməni lobbisinin tələbi əsasında ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin Şuşaya getmədi və bu azmış kimi, təxribatçılardan ibarət olan xarici ölkələrin Azərbaycandakı media təmsilçilərinin iştirakı ilə səfirlikdə gizli toplantı keçirir. Həyasızlığı özündə ehtiva edən hal ondan ibarətdir ki, gizlin toplantının keçirilməsi ifşa olunduqdan sonra səfir üzrxahlıq etmədi, əksinə, hərəkətlərinə və əndrəbadi əməllərinə təəccüb doğuran formada don geyindirməyə çalışdı. Bu isə sözügedən şəxsin və onun xaricdəki erməni dostlarının xislətinin iyrəncliyindən irəli gəlir. Ümumiyyətlə, görünən ondan ibarətdir ki, artıq qara niyyətli xarici maraqlı dairələr və antimilli ünsürlər ölkəmizə qarşı qarayaxma kampaniyalarını açıq müstəviyə çıxarıblar. Yəni, əvvəllər pərdəarxası Azərbaycana qarşı qarayaxma kampaniyası aparırdılar, maskaların yırtılmasından və kimin kim olduğu məlum olduqdan sonra şəbəkə açıq formada ölkəmizə qarşı məkrli məqsədini nümayiş etdirməyə başlayıb. Hətta vəziyyət o həddə çatıb ki, bütün təxribatçı qruplar, trollar, antimilli ünsürlər böyüklü-kiçikli Azərbaycana qarşı qərəzli proqramı həyata keçirməyə səfərbər olunublar. Fikir verin, əvvəllər faşist dərnəyində adı sonunculardan olan Frank Şvabe gözlənilmədən meydana çıxıb, faşist ideologiyasının əsas təbliğatçılarından və ideoloqlarından olduğu nümayiş etdirildi. Hətta ona AŞPA - da Almaniya Bundenstaqının əsas sözçüsü statusu verildi. Araşdırmalarla bəlli oldu ki, ona xüsusi görəv verilməsinin başlıca səbəblərindən biri Almaniyanın Azərbaycana qarşı qərəzli planlarının həyata keçirilməsində yüksək fəallığının həyata keçirilməsinin istənilməsidir. Məhz tələblərin nəticəsidir ki, Frank Şveber AŞPA-da Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılması layihəsi ilə çıxış etmişdir. Lakin Azərbaycan nümayəndə heyəti məkrli plandan xəbərdar olduğundan F.Şveberi və onun ətrafında olanları rüsvayçı duruma saldı.Yəni deputatlarımız öncədən qurumu tərk etdilər.

"Qərb öncədən belə bir qərar qəbul etməsəydi, AŞPA-da Frank Şvabeni heç vecinə alan da olmazdı"

Xaricdə yaşayan, lakin son vaxtlar antimilli ünsürlərdən fərqli yanaşmalar ortaya qoyan müsavatçı Elbəyi Həsənli haqlı olaraq paylaşdığı statusunda qeyd edir ki, kollektiv Qərb öncədən belə bir qərar qəbul etməsəydi, AŞPA-da Frank Şvabeni heç vecinə alan da olmazdı. E.Həsənli F.Şveberin kimliyini də paylaşdığı statusunda açıq göstərməyə çalışır: "Mən Frank Şvaberin ingilis və alman dilində olan çıxışlarına nəzər salmışam. Ermənistan-Azərbaycan qarşıdurmasında o, hansı mövqedədir? Bu adamın Ermənistan və ermənilərə xüsusi simpatiyası var. Almaniya Parlamenti 2016-cı ilin iyununda qondarma "erməni soyqırımı"nı rəsmən tanıdı. Bu işdə Frank Şvabenin danılmaz xidmətləri var. AXCP rəhbərliyi bunu bilmirmi? Bilir. Frank Şvabe dəfələrlə bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağda olan erməni abidələrini məhv edir. Azərbaycan Naxçıvanda olan erməni abidələrini isə çoxdan yer üzündən silib. Xub, "prinsipial demokrat" bilmirmi ki, ermənilər işğal altında saxladıqları Azərbaycan torpağında olan abidələrin, xüsusən məscidlərin demək olar ki, hamısını darmadağın edib. Azərbaycan əsgəri o boyda Qarabağda bayraq sancmağa bir bina tapmırdı. Ağdamın Qafqazın Xirosiması adlandırılmasından da alman deputatın xəbəri olmayıb? Biri çıxıb mənə Frank Şvabenin bir çıxışını göstərsin ki, orada alman deputat erməniləri Azərbaycanın tarixi abidələrinə qarşı vandal münasibətə görə ittiham edib. Belə bir şey yoxdur. Frank Şvabe sizin dediyiniz kimi "prinsipial demokrat" olsaydı heç olmasa ayda-ildə bir dəfə erməniləri də tənqid edərdi. Etməyib, əksinə, həmişə Azərbaycana qarşı iftiralar yağdırıb. Məsələn, o tələb edir ki, Azərbaycan Qarabağı tərk etmiş separatçı ermənilərin geri qayıtmasını təmin etsin. O, ermənilərin Qarabağdan gedişini də "etnik təmizləmə" adlandırıb. Tutaq ki, bu, həqəqətən də etnik təmizləmədir. Bəs axı 30 illik işğal zamanı 1 milyona yaxın soydaşımız ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdı. "Prinsipial demokrat" nədən bu boyda məsələnin üstündən həmişə sükutla keçib. Nədən bir dəfə Xocalı qırğınından danışmayıb? Təbii ki, bu kimi sualların cavabı AXCP və digər müxalifətçilərə gün kimi bəllidir".

Əli Kərimli "PKK"-ya açıq şəkildə dəstək verir

Elbəyi Həsənli Əli Kərimlini və onun ətrafındakı trolları da F.Şveber kimi müdafiə etmələrinə görə tənqid edir: "Prinsipial demokrata salam olsun. Yox, bu mənim fikrim deyil. AXCP-nin parlaq simalarından olan Asif Yusifli belə deyir. Azərbaycan müxalifəti bütövlükdə Frank Şvabenin tərəfindədir, onu müdafiə edir. Dünənə qədər elə həmin bu insanlar Ermənistana görə Azərbaycanın üzərinə yeriyən Fransanı birbaşa və dolayısı ilə müdafiə edirdilər". Ümumiyyətlə, Azərbaycan müxalifəti milli və dövlətçilik məsələlərində son dərəcə sürüşkən mövqedədir".

E.Həsənli S.Həzinin "PKK" lideri A.Ocalının silahdaşı Dəmirtaşla bağlı mövqeyini də xatırladır: " AXCP-nin sədr müavini Seymur Həzi Türkiyədə keçirilən prezident seçkisi ərəfəsində Öcalanın heykəlini uçaltmağı təklif edən Dəmirtaşı "Türkiyə üçün kilid siyasətçi", "bu coğrafiya üçün cəsur nümunə" adlandırdı. Öncə düşündüm ki, bu, qurama söhbətdir. Az sonra bəli oldu ki, bu, həqiqətdir. Mən buna öncə nədən inanmadım? Çünki mən Seymur Həzini milli dəyərlərə və dövlət maraqlarına sadiq olan gənc və perspektivli siyasətçi hesab edirdim. Onun uydurma ittihamlarla həbs olunmasına da dəfələrlə etirazımı bildirmişdim. Nədən Seymur Həzi belə bir bəyanat vermişdi? Əminəm ki, o, Əli Kərimlinin tələbini icra edib. Bəs Əli Kərimli bu sifarişi haradan almışdı? Amerikadan. Düşünə bilirsizmi, Elçibəy kimi əfsanə bir ismin bir vaxtlar rəhbəri olduğu partiya "PKK"-ya açıq şəkildə dəstək verir. Səbəb o ki, Amerika, bütövlükdə Qərb Ərdoğanın yox, məhz ermənilərə qarşı daha xoş münasibətdə olan, müvafiq olaraq Azərbaycana dodaq büzən Kılıclaroğunu iqtidarda görmək istəyirdi. Deməli, AXCP hakimiyyətə gəlmək sevdası ilə faktiki olaraq ermənilərin maraqlarından çıxış edib".

Bir sözlə, görünən ondan ibarətdir ki, dağıdıcı müxalifətin və xaricdəki antimilli ünsürlərin, xüsusilə də onları idarə edən maraqlı şəbəkənin anti-Azərbaycan kampaniyası uğursuzluğa düçar olur. Onları rüsvay və ifşa edənlər isə daha çox özlərinin becərdikləri bağdan bəhrələnmiş şəxslərdir. Bu isə onu deməyə əsas verir ki, yaxın vaxtlarda dağıdıcı müxalifətin və xaricdəki antimilli ünsürlərin arasında ciddi çatlar yaranacaq. Bu çatlar sonrakı mərhələdə genişlənəcək və nəhayət, mərkəzdənqaçma meyilləri ilə müşahidə olunacaq.

İLHAM ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla