AZ

Sebastyan Kel: “Onu saxlamaq üçün əlimizdən gələni edəcəyik”

Dortmund “Borussiya”sının idman direktoru Sebastyan Kel ingilis hücumçu Ceydon Sanço ilə bağlı vəziyyət haqda danışıb.

Arena.az xatırladır ki, bu ilin yanvar ayından Almaniya klubunda icarə əsasında çıxış edən, müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan 24 yaşlı vingerin yayda İngiltərəyə qayıdacağı və ya Almaniyada qalacağı əsas müzakirə mövzularından biridir.

Almaniya mətbuatının iddiasına görə, Sanço icarə müddətinin sonunda “qırmızı şeytanlar”ın düşərgəsinə qayıtmayacaq. Bildirilir ki, hətta “Mançester Yunayted”in baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haq klubdan ayrılsa belə, Sançonun geri dönmək fikri yoxdur. Sançonun Almaniya klubunda xoşbəxt olduğu bildirilir, çünki ingilis futbolçu indi daimi əsasda futbol oynamaq imkanına malikdir.

Dortmund klubunun idman direktoru Sebastyan Kel Sançonun “Borussiya”dakı gələcəyi barədə bunları dilə gətirib:

“Ceydon Sançonun yanımızda olması üçün əlimizdən gələni edəcəyik. “Mançester Yunayted” onun indi nə qədər yaxşı olduğunu görür. Satmaq istəyəcəkləri ehtimalı var. Yoxsa icarədən sonra geri qaytara bilərlər”, deyə Kel bildirib.

Sanço özü də UEFA Çempionlar Liqasının yarımfinalında PSJ ilə ilk oyundan (1:0) sonra gələcəyi haqda danışıb. O, hazırda icarədə çıxış etdiyi “Borussiya”dan “Mançester Yunayted”ə mümkün geri qayıdışı haqda sualı belə cavablayıb:

“Borussiya”da qalacağam, yoxsa “Mançester Yunayted”ə qayıdacağammı? Həqiqətən bilmirəm. Hazırda diqqətimi indiki zamana yönəltmişəm”.

Ceydon Sanço “Mançester Yunayted”ə 2021-ci ilin iyulunda 85 milyon avro müqabilində məhz Dortmund “Borussiya”sından keçib. Bu müddətdə Sanço “qırmızı şeytanlar”ın heyətində 82 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib. Cari mövsümdə Sanço mankunianların heyətində cəmi 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Ceydon ötən mövsüm “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.

Sanço 2017-2021-ci illər aralığında formasını geyindiyi “Borussiya”da 137 oyun keçirib, 50 qol vurub, 64 məhsuldar ötürmə ilə yadda qalıb. O, vaxtilə yetirməsi olduğu “Mançester Siti”nin də uğurları üçün çalışıb.

Vinger 2018-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Sançonu 25 milyon avro məbləğində qiymətləndirir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
8
Mənbələr
Şərh ()
Bağla