AZ

Abşeronda maşınlar niyə suya aşır?– İcra və bələdiyyələr su kanallarının mühafizə zolaqlarını satır - VİDEO

Abşeron rayonu Saray qəsəbəsində avtomobil su kanalına aşıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 5-də səhər saatlarında qeydə alınıb. 99-SX-336 dövlət nömrə nişanlı “KIA” markalı avtomobil Yaşıl Dərə yaşayış massivində yerləşən su kanalına düşüb. Hadisə şahidlərinin iddiasına görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub. Sürücü və sərnişin son anda xilas edilib.  
Qeyd edək ki, avtomobil hadisə yerinə cəlb olunmuş FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb.
Xatırladaq ki, qeyd olunan su kanalına avtomobilin aşması ilk qəza deyil. Bundan öncə həmin kanala dəfələrlə maşın düşüb. Bəs bu qəzaların baş verməsinə səbəb nədir; sürücü məsuliyyətsizdir, yoxsa ərazi üzrə məsuliyyət daşıyan qurumlar? 
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Avtosfer.az-a bildirib ki, qəzaların baş verməsinə səbəb bəzi sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsidir: “Bəli, sözügedən ərazidə nəqliyyat vasitəsinin su kanalına düşməsi ilə bağlı 2-3 dəfə hadisə baş verib. Qəzanın baş verməsində əsas səbəblərdən biri bəzi sürücülərin yol hərəkəti qaydalarına qarşı biganə, qeyri-ciddi yanaşmalarıdır. Bu növ qəzaların qeydə alınmasında digər bir səbəb isə yolda təyin olunmuş sürət həddinin aşılması və diqqəti yayındıran hərəkətlərə (mobil telefondan istifadəsinə, manevr etmə qaydalarının pozulmasına) yol verilməsidir. Bu da sonda belə arzuolunmaz və xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır. Birmənalı olaraq sürücü sükan arxasında əyləşirsə yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməlidir, şəraiti nəzərə alaraq sürət həddini nəqliyyat vasitələrinin sayına və yol infrastrukturuna görə seçməlidir”.
Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli Avtosfer.az-ın sualına cavab olaraq məsələnin onların məsuliyyətində olmadığını və bununla bağlı “Azərsu” ASC-nin Sukanal idarəsinə müraciət etməyimizi bildirdi. 
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə müraciətimizə cavab olaraq qəzanın baş verdiyi kanalın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxlamağımızı qeyd etdi. 
Sonda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifovla əlaqə saxladıq. O, məsələnin agentliyin öhdəliyinə düşmədiyini vurğulayaraq bununla bağlı dəfələrlə müəyyən qurumlara məlumat verdiklərini  bildirdi: “Sürücü kanala düşürsə sürət həddinə nəzarət etməlidir. Əgər yolda qəza baş verirsə deməli günah yoldadır? Lap elə olan halda belə əraziyə yol mütəxəsisləri baxmalıdır. Biz kanalların təmirini və istismarını həyata keçiririk. Kanal keçirsə onun mütləq mühafizə zolağı olur. Bələdiyyə və ya icra mühafizə zolağında yol salırsa biz izah edirik ki, təhlükəlidir. Əslində, bu bizim də yaralı yerimizdir. Xəbardarlıq etməyimizə baxmayaraq uyğun olmayan ərazilərdə ya yol salırlar, ya ev tikirlər. Sonra da belə qəzalar baş verir. Hər kanalın su aparma qabiliyyətinə görə 150 metrdən 30 metrə qədər mühafizə məsafəsi var. Buna nəzarət olunarsa nə maşın kanala düşər, nə də adam boğular. Maşının dayanması üçün 150 metr məsafə kifayətdir. Lakin bunu nəzərə almadan yolu su kanalının üzərində salırlar. Məsələn Novxanı yolunda evləri və yolu su kanalının yaxınlığında inşa ediblər.”. 
Agentlik rəsmisi yolda problem olarsa belə onun aradan qaldırılması üçün aidiyyatı qurumların məsuliyyəti bir-birinin üzərinə atmamasının, əksinə bu işdə səfərbər olmalarının vacibliyini bildirdi: “Təəssüf ki, hər hansı bir problem yarananda aidiyyatı qurumlar bir-birinə yönləndirməklə işin içindən çıxmağa çalışırlar. Əslində, hər bir qurum bu işdə səfərbər olmalıdır. O zaman məsələ həll ola bilər”.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla