AZ

“İlk vaxtlar burdakı templə ayaqlaşa bilmirdim” - Komanda yoldaşları Arda Gülərə necə müraciət edir?

Türkiyə futbolunun yeni ulduzu və göz bəbəyi Arda Gülərin İspaniya karyerası istənilən səviyyədə keçmir.

“Football-plus.az” xəbər verir ki, ötən yay “Fənərbaxça”dan transfer edilən və həm uyğunlaşma, həm də zədə problemi ilə üzləşən 19 yaşlı futbolçu indiyə qədər “Real”da cəmi 8 rəsmi oyuna çıxaraq 2 qol vurub. Qarşıdan gələn Avropa çempionatında Türkiyənin aparıcı oyunçularından olacağı gözlənilən Arda İspaniyaya yollanandan bəri ilk dəfə geniş müsahibə verib. “Yutub”da yeni “Kafa Sports” layihəsi yaradan türkiyəli jurnalist, köşə yazarı və aparıcı Candaş Tolqa İşık bugünlərdə Madridə yollanaraq Ardadan müsahibə götürüb.

- Futbola başlayanda ən böyük arzun nə idi? Uşaqlıqda belə klubda oynamaq arzun var idimi?
- Uşaqlıqda bu dərəcədə böyük arzular qurmamışdım. Çünki “Real”da oynamaq adama yuxu kimi gəlirdi. Televizordan bəzən “El Klasiko”ları izləyirdim. Ən çox Türkiyə çempionatını və “Fənərbaxça”nı izləyirdim. Aleksi daha çox təqib edirdim. Böyüyəndə onun kimi olmaq xəyalları ilə yaşayırdım.

- “Real”ın məşq bazası “Valdebebas” bizi heyran etdi. 12 məşq meydançası var. Sizin məşq etdiyiniz stadion Türkiyədə bir çox klubun stadionundan böyükdü. Belə klubda oynamaq necə duyğudu?
- Burda hər şey futbolçunun özünü rahat hiss etməsinə hesablanıb. Baza və burdakı stadionların ot örtüyü də bura daxildi. Klubun bütün işçiləri, eləcə də rəsmiləri yalnız futbolçuları xoşbəxt etməyə çalışırlar. Mən də, təbii ki, burda özümü olduqca rahat hiss edirəm.

- “Real”dan sənə ilk təklif nə vaxt gəldi və həmin an nələr hiss etdin?
- Həmin vaxt Samsunda yığmanın düşərgəsindəydim. Uelslə oyun ərəfəsində ilk dəfə “Real”ın mənə maraq göstərdiyini eşitdim. Həmin oyun mənim üçün çox uğurlu alındı və sonra bir neçə günlük istirahətim oldu. Transfer məsələləri ilə yalnız atam məşğul olurdu. Mən bütün diqqətimi “Fənərbaxça”dakı çıxışıma yönəltmişdim. Atam ilk dəfə “Real”ın mənlə maraqlandığını deyəndə çox həyəcanlanmışdım. Bəlkə də mənim üçün bir az erkən idi. Amma çox sevinmişdim və sonda bir qərar verməli idim.

- Təkliflər çox idi. Nə üçün məhz “Real”ı seçdin?
- “Real” dünyanın ən böyük klublarından biridi və məncə, hər uşağın arzusu belə klubda forma geyməkdi. Həm də mənə təklif etdikləri uzunmüddətli layihə çox xoşuma gəldi. Mənə Modriçin davamçısı gözü ilə baxdıqlarını söylədilər. Bu, məni çox qürurlandırdı. Çünki Modriç inanılmaz futbolçudu. Zatən “Real”la danışıqlar masasına oturduğum anda artıq bu məsələ bitmişdi. Tez-tez “yutub”da onların məşqlərini izləyirdim. İndi isə özüm həmin futbolçularla birlikdə məşq edirəm.

- Kroos və Modriçdən nələr öyrənirsən?
- Daim mənə yardım etməyə çalışırlar. Xarakterim elədi ki, hər kəsdən nəsə öyrənməyə çalışıram. Məni maraqlandıran nəsə olursa, dərhal onunla bağlı suallar verirəm. Bacardığım qədər onlardan çox şey öyrənməyə çalışıram.

- Sənin daha bir mövsüm “Fənərbaxça”da qalmaq şansın da var idi. Elə deyilmi?
- Düşünmək üçün elə də çox vaxtım yox idi. “Real”ın adını və onların təklif etdiyi layihəni eşidən kimi qərarımı verdim. Düzdü, “Fənər”də bir mövsüm də qala bilərdim. Amma mən “Fənər”li bir türk gəncinin Avropada, xüsusilə də “Real” kimi klubda nələr edə biləcəyini göstərmək istədim. İnşallah, göstərməkdə də davam edəcəm.

- Bu transfer zamanı çoxlu şayiə yayılmışdı. Onlardan biri “Fənər”in daha çox pul qazana biləcəyi ilə bağlı idi. Belə ehtimal var idi
- Müqaviləmdə 17,5 milyon avroluq təzminat maddəsi var idi. Əslində bu pulu ödəyən klub danışıqlar aparmadan məni birbaşa transfer edə bilərdi. Amma mən və ailəm “Fənər”in daha çox pul qazanması üçün son ana qədər “Real”la danışıq apardıq. Onlardan əvvəlki klubuma daha çox pul vermələrini istədik. Yəni “Fənər” bu proses zamanı maksimum qazana biləcəyi pulu qazandı.

- Həmin dönəmlə bağlı incikliyin varmı?
- Xeyr. Ailə içində heç bir inciklik olmur. Bəlkə də bəzi “Fənər”lilər məndən inciyib. Çünki klubda qalmağımı istəyirdilər. Amma az öncə də dediyim kimi, belə klubdan təklif gələndə düşünməyə ehtiyac qalmır.

- Başqan Əli Koç “Arda özü “Real”a getmək istədi” açıqlamasını vermişdi. Bəs ondan incikliyin varmı?
- Xeyr. Əksinə, “Real”da vurduğum ilk qoldan sonra məni ən birinci təbrik edənlərdən biri Əli Koç oldu. Zədəli olduğum və çətinlik yaşadığım dönəmlərdə də tez-tez mənlə əlaqə saxlayırdı. Həm də onunla aramızda daha bir özəl durum var. Anam iki il əvvəl əməliyyat olunarkən Əli Koç bizə çox yardım etmişdi. Ona görə də tək mənim üçün yox, ailəmiz üçün də özəl bir isimdi.

- Daha bir şayiə atanın bu transferdən külli miqdarda komissiya haqqı qazanması ilə bağlı idi. Bu həqiqətdimi?
- Mümkün deyil. Bəlkə də adamlar belə transferlərin necə peşəkar şəkildə reallaşdığını bilmir. Həm də az öncə söylədiyim kimi, atam da, mən də, ailəm də yalnız “Fənər”in daha çox pul qazanmasına səy göstərdik.

- İspaniya və Türkiyədəki futbol arasında ən böyük fərq nədədi?
- Tempin yüksək olmasında. Türkiyədə xüsusilə derbilərdə topun oyunda qaldığı müddətlə bağlı zatən tez-tez xəbərlər çıxır. Top oyunda nə qədər çox qalsa, futbolçular bir o qədər çox qaçar və temp də bir o qədər yüksək olar.

- Bura gələndən sonra ilk növbədə hansı keyfiyyətini inkişaf etdirməli olduğunu gördün?
- Ən önəmli məqam uyğunlaşmadı. Burdakı sosiyal həyata mümkün qədər tez uyğunlaşmaq məcburiyyətindəydim. İspan dilini də mümkün qədər tez öyrənməli olduğumu anladım.

- Dil məsələsi sənə ilk vaxtlarda hansı problemlər yaratdı?
- Çox sıxıntı yaşadım. İngilis dilində danışa bilsəm də, burda ingilis dilində danışmağa üstünlük vermirlər. İspanlar öz dilləini çox sevirlər və bu da normaldı. İlk məşqlərdə problemlər yaşadım. Çünki baş məşqçi bütün məşqi ispan dilində keçirdi. Tərcüməçi də yox idi. Digər tərəfdən bütün bunlar məni dili öyrənməyə məcbur etdi. İndi özüm danışmaqda çətinlik çəksəm də, artıq bir çox sözü başa düşürəm. Hərəsi bir saat olmaqla həftədə iki dəfə ispan dili dərsinə gedirəm.

- Fiziki cəhətdən çox dəyişmisən. Bura gələn Arda ilə indiki Arda arasında böyük fərq var.
- Zədəli olduğum dönəmdə daha çox trenajor zalına getmək fürsətim oldu. Həmişə bilirdim ki, fiziki cəhətdən möhkəmlənməyə ehtiyacım var. Burda məşqlərin tempi də inkişafıma yardım edir. Uyğunlaşma dönəmini geridə qoyandan sonra fiziki cəhətdən inkişaf etməyə başladım. Amma eyni zamanda oyunumu da inkişaf etdirməyə çalışıram. Rəqiblə təmas etmədən və top mənə gəlmədən artıq qərar verməliyəm. Mənim mövqeyim elədi ki, daim ikili mübarizələrə girmək olmur. Tez düşünüb bir toxunuşla topu komanda yoldaşıma çatdırmağa, oyun zəkamı genişləndirməyə çalışıram.

- Sənin ardıcıl zədələrindən sonra Türkiyədə məşq və hazırlıq səviyyəsinin yetərli olmaması barədə çox söz-söhbət gəzdi. Sən bu haqda nə düşünürsən?
- “Türkiyədə məşqlərin səviyyəsi yetərli deyil” ifadəsi düzgün yanaşma deyil. Biz, sadəcə, Türkiyənin səviyyəsinə görə məşqlər edirik. İspaniyadakı səviyyə isə fərqlidi. Mən də bura Türkiyədən gəldiyim üçün ilk vaxtlar sıxıntı yaşadım. Məşqdəki templə ayaqlaşa bilmirdim. Bu da zədə almağıma, əməliyyat olunmağıma səbəb oldu. Bu qış ölkəmizdən xaricə yollanan bəzi başqa futbolçular da zədə problemi ilə üzləşdilər ki, bu da normaldı. Çünki hər ölkənin futbolunun öz səviyyəsi, fəlsəfəsi var.

- Sənə bu qədər az şans verilməsi barədə nə düşünürsən?
- Təbii ki, hər futbolçu 90 dəqiqənin hər anında meydanda qalmaq istəyir. Amma bu klubun fəlsəfəsi fərqlidi. Gənc oyunçuları əvvəlcə hazırlayırlar. Əlbəttə, mən üzülürəm. Daha çox oynamaq üçün əlimdən gələni edirəm. Məşqçi ilə bu barədə çox söhbətimiz olur. Ançelotti dürüst şəkildə mənə həmişə planları barədə məlumat verir. Nə qədər çox hazır olsam, bir o qədər çox oynayacağımı söyləyir. Məşq performansımdan razıdı. Çünki həqiqətən də üzərimdə çox çalışıram. O da 2-3 ay əvvəli dönəmlə müqayisədə indi daha yaxşı durumda olduğumu deyir. Mövsümün sonuna yaxın daha çox şans qazanacağımı söyləyir. Mən də ona inanıram.

- “Selta”ya vurduğun ilk qoldan sonra nələr hiss etdin? İndi olsa, yenə həmin məqamda qapıçını keçməyə çalışardınmı?
- Mənim üçün çox gözəl an oldu. Sanki bir anlığa həyat dayandı. Çünki daim bu anın arzusu ilə yaşayırdım. Bəli, indi olsa, yenə qapıçını keçib qol vurmağa çalışardım. Çünki hər iki küncü bağlamışdı. Təbii ki, qapıçını keçməyə çalışmaq riskdi. Çünki topu ayağından buraxa da bilərsən. Amma həmin an düzgün qərar verdim.

- Qoldan sonra bir əlini yuxarı qaldırıb bir əlini də ürəyinə qoyursan. Bu sevincin mənası hər kəsə maraqlıdı.
- Əvvəlcədən planlaşdırdığım bir sevincdi. Qol sevincim təvəkkülə əsaslanır. Mən hər şeyin Allahdan gəldiyinə inanıram. Bəzi çətin anlar və zədələr yaşadım. Amma üzərimdə çalışmağa davam etdiyim müddətdə sonda hər şeyin yaxşı olacağına inanıram.

- “Osasuna” ilə oyunda mərkəzdən vurduğun və tirdən qayıdan həmin o məşhur zərbədən sonra ilk növbədə nə düşündün?
- Şok yaşadım. Çünki qol olacağını düşünürdüm. Həmin matçda ehtiyatda oturaraq oyunu izləyərkən qapıçının tez-tez irəli çıxdığına fikir vermişdim. Hətta meydana çıxarkən qapıçılar üzrə məşqçimiz də mənə “fürsət düşən kimi uzaqdan vur” dedi. Mən də top ayağıma düşən kimi vurdum. İndi də həmin anı anladarkən üzülürəm...

- Komandada ən yaxşı anlaşdığın oyunçular kimdlərdi?
- “Real”da gözəl ab-hava var. Hər kəslə münasibətim yaxşıdı. Braim Dias, Valverde, Kurtua, Alaba ilə daha çox vaxt keçirirəm. Bəzən onlara türk dilində sözlər öyrətməyə çalışıram.

- Türkiyə futbolundakı son 6-7 ay, yəni sənin olmadığın dönəm haqda nə düşünürsən?
- Bəzi üzücü olaylar yaşandı. Bizim futbol və çempionat daha yaxşı şeylərə layiqdi. Orda pis hadisələr baş verdiyi zaman burda komanda yoldaşlarım da mənimlə zarafatlaşırlar. Pozitiv olaylarla gündəmə gəlmək bizim xalq üçün daha yaxşı olardı.

- Türkiyə çempionatında ən çox bəyəndiyin futbolçu kimdi?
- Fərdi Kadıoğlu. Həm xarakterli, həm də çalışqan futbolçudu.

- Türkiyənin ən çox nəyi üçün darıxırsan?
- Yeməkləri üçün. Buranın da yeməkləri pis deyil. Amma bizim yeməklər başqa aləmdi.

- Ən çox hansı yemək üçün darıxırsan?
- Anamın bişirdiyi yeməklər üçün.

- Anan burda səninlə qalır?
- Bəzən burda, bəzən Türkiyədə qalır. Burda olanda da tam Türkiyədə bişirdiyi yeməklərdən bişirə bilmir. Çünki burdakı ədvaların, yeməklərin dadı fərqli olur.
- Hər mövsüm bütün titulları qazanmaq üçün oynayan bir klubda oynamaq futbolçuların üzərində təzyiq yaradırmı?
- Xeyr. Çünki zatən bura gələn hər kəs bu klubun belə fəlsəfəyə malik olduğunu bilir. Hər kəs özünü əvvəlcədən bu təzyiqə hazırlayır. Əksinə, təzyiq bizi daha da motivasiyalandırır.

- Bu qədər ulduzla birlikdə məşq etmək necə duyğudu?
- Diqqətimi çəkən məqam odu ki, burdakı futbolçular ÇL matçına necə motivasiya ilə çıxırlarsa, adicə məşqdəki ikitərəfli oyuna da eyni hirs və istək ilə çıxırlar. Yəni məşqdə belə heç kim uduzmaq istəmir! Daha öncə futbolçuların hər məşqə eyni konsentrasiya, intizam və istəklə çıxdığını görməmişdim. Təbii ki, bütün bunların mənə də böyük faydası dəyir. Onlar hər gün nəinki özlərindən, komanda yoldaşlarından da daha artığını, meydanda can qoymalarını tələb edirlər.

- Madrid necə şəhərdi və burda sənə münasibət necədi?
- Vaxt azlığından şəhəri çox da gəzmək fürsətim olmayıb. Amma Madrid də, əhalisi də gözəldi. İnsanları səmimidi. Türkləri də sevirlər. Küçədə gəzərkən tez-tez mənə yaxınlaşıb imza, ya da şəkil çəkdirmək istəyirlər.

- Sənə ən çox necə müraciət edirlər?
- “Turko” və “Turkiş” deyirlər. Burda ən çox sevdiyim şey “siesta”dı. Günorta burda istər adi insanlar, istər futbolçular yatmağa, dincəlməyə üstünlük verirlər. Dükan sahibləri hətta dükanlarını bağlayırlar. Çox maraqlı ənənədi. Orqanizmin dincəlməsinə yardım edir.

- Bu yaxınlarda Alaba ilə çəkdiyin video və onun türk dilində danışması böyük marağa səbəb olmuşdu.
- Avstriya ilə oyundan sonra ikimiz də eyni təyyarə ilə Madridə qayıtdıq. Alaba çox yaxşı insandı və mənə həmişə yardım etməyə çalışır. Avstriyada türklərin sayı çoxdu. O da türklərin çox olduğu məhəllədə böyüyüb. Hətta “Qalatasaray” azarkeşidi. Tez-tez bu haqda danışırıq. Ona da türkcə kəlmələr öyrətməyə çalışıram.

- Deyəsən, Rüdigerə də bəzi sözlər öyrətmisən.
- Rüdiger də Almaniyada böyüyüb və türkcə bəzi sözləri bilirdi. Hətta mən ilk gəldiyim günlərdə paltardəyişmə otağında türkcə eşitdiyim söyüşlərə çox təəccüblənmişdim. Oyunçular türk dilində bir çox söyüşü bilirmiş.

- Komanda yoldaşların sənə necə müraciət edir?
- “Abi” deyirlər və bu da mənə təəccüblü gəlir. Hətta qəribə səslənsə də, Modriç də mənə “abi” deyir. Mən özüm bəzən onlara “abi” deyirəm. Çünki adla çağırmağa öyrəşməmişəm. Məsələn, Modriçə “Luka” yox, “Luka abi” deyirəm. O da məni eyni şəkildə çağırır, ya da öz dilində “brate” deyir. “Abi” sözünün, adətən, yaşca özündən daha böyük insanlara deyildiyini bilirlər. Buna baxmayaraq, məni belə çağırırlar. Kroosa da “Toni abi” deyirəm. Çünki yaşca məndən çox böyükdü. Mən bu cür görərək, bu mədəniyyətdə böyümüşəm. Adla çağırdıqda sanki qarşımdakına hörmətsizlik etmiş oluram. Düzdü, onlar belə düşünmür. Amma mən “abi” dedikdə özümü daha rahat ifadə edirəm.

ƏLİ RAUFOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
football-plus.az

1Mənbələr

Şərh ()
Bağla