AZ

Klopp Salahın meydana tez çıxmasını istədi, misirli onu acıladı - “Liverpul”un baş məşqçisi ilə ulduzu arasında nə baş verib?

Premyer-liqanın 35-ci turunda səfərdə “Vest Hem”lə heç-heçə edən “Liverpul”un çempionluq ümidləri faktiki “dəfn olundu”.

“Football-plus.az” xəbər verir ki, 79-cu dəqiqədə - “çəkicdöyənlər”in 2-ci cavab qolundan dərhal sonra meydanda maraqlı hadisə baş verdi. Qələbə üçün üçlü dəyişikliyə əl atan Yürgen Klopp yan xəttin yaxınlığında gözləyən Məhəmməd Salaha nə dedisə, misirli forvard qəribə şəkildə özündən çıxdı. Baş məşqçi ilə futbolçu arasında sözlü atışma zamanı misirli jestlərlə narazılığını ifadə etdi. Salah və Co Qomes ilə birgə meydana çıxmağa hazırlaşan Darvin Nunyes misirlini bir kənara çəkdi, aranı sakitləşdirə bildi. Təbii ki, bu münaqişə burda bitmədi, 2:2 bitən oyundan sonra çoxlu söz-söhbət yarandı.

Tərəflər nə dedi?
Komandası yenicə qol buraxdığına görə qəzəbli olan baş məşqçi ilə futbolçunun bir-birinə nə dediyi bəlli deyil. Ona görə ki, tərəflərdən heç biri açıqlama verməyə maraq göstərmədi. Almaniyalı mütəxəssis oyunsonrası mətbuat konfransında belə dedi:
“Salahla münaqişə? Biz bu məsələni paltardəyişmə otağında müzakirə etdik, vəssalam”.


Mikst-zonadan keçərkən jurnalistlərin bu mövzuda sualları ilə üzləşən misirli isə yalnız bu ifadəni işlətdi:
“Bu gün mən nəsə danışsam, yanğın olacaq”.


Onu da vurğulayaq ki, formadan düşən Salah son üç oyunda 2-ci dəfə ehtiyatda qalmışdı. Misirli 17 qolla hələ də bombardirlər yarışının içində olsa sa, sonuncu dəfə oyun vəziyyətindən martın 31-də - “Brayton”la oyunda qol vurub.

Klopp ilə Salah arasında nə baş verir?
Sirr deyil ki, 7 illik əməkdaşlıq zamanı Salahla Klopp arasında əla münasibətlər formalaşıb. Bu üzdən misirli forvardın sakitcə Səudiyyə Ərəbistanına yollanmaq üçün aradakı bütün körpüləri yandırmağa çalışdığı haqda deyilənlər o qədər də inandırıcı deyil. “Liverpul” da liderini saxlamaqla maraqlıdı. Xarici mediada yayılan son xəbərlərə görə, 31 yaşlı oyunçu 2025-ci ilin yayına qədər mersisaydlıların şərəfini qoruyacaq. Salah cari mövsümdə “Liverpul”un heyətində 41 oyuna çıxıb və 24 qol vurub.

Bu başqa məsələ ki, Klopp yanvarda mövsüm bitəndən sonra postundan ayrılacağını elan edəndə hamıdan çox təəccüblənən məhz Salah olmuşdu. Forvard deyir ki, komanda üzvlərinə iclas olacağı deyiləndə o tam fərqli informasiya eşidəcəyini düşünürmüş:
“Çox təəccübləndim, ona görə ki, Klopp heç kimə heç nə deməmişdi. İclası 10.30-da təyin etdilər, mən isə düşündüm ki, axı niyə 10.30, adətən, 12-də yığışmırıqmı? Mənə dedilər ki, baş məşqçi burdadı, onun agenti burdadı. Onda düşündüm ki, nə yaxşı, deməli, Klopp yeni müqavilə imzalayacaq. Və qəfil o gedəcəyini dedi. Təbii ki, öz-özümə “niyə” sualını verdim. Kloppun həmin açıqlamasından sonra bir-iki dəfə ünsiyyətimiz olub, qərarını mənə izah edib, baxış bucağını anlayışla qarşılamışam. Ancaq həmin gün ilk fikrim belə idi ki, Klopp niyə gedir? Axı hər şey yaxşıdı, biz çempionluq mübarizəsinin içindəyik, niyə indi gedəcəyini deyir? Nə etməli? Bu, Kloppun həyatıdı, istədiyini edə bilər”.

“Mən heç nə edə bilmərəm, heç nə”
Həmkarımız Con Kessidi dəyişiklik zamanı Klopp ilə Salahın bir-birinə nə dediyini aydınlaşdırmaq üçün dodaqların hərəkətini “oxuyan” ekspertə müracilət edib:
“Klopp Salahın əlini sıxmaq istəyəndə futbolçu yalnız yüngülcə əlini uzadıb və deyib: “Mən heç nə edə bilmərəm, heç nə”. Kloppun cavabı aydın olmasa da, belə görünür ki, baş məşqçi misirlinin meydana çıxmağa onun istədiyi qədər tez hazır olmamasından narazı qalıb. Kloop yaxınlaşaraq nə deyibsə, Salah özündən çıxıb. Hətta futbolçubu sözlərlə cavab verib: “Mən qırmızı vərəqə alacam, bunu edəcəm! 7 ildən sonra, 7 illik işdən sonra!”


Karragerin versiyası və izahı
“Liverpul”un əfsanələrindən biri Ceymi Karrager əvvəlcə münaqişə ilə bağlı öz versiyasını səsləndirib:
“Baş məşqçinin belə vəziyyətdə narazı qalmaq üçün yeganə əsası o ola bilər ki, futbolçu meydana çıxmağa hədsiz uzun müddət hazırlaşdı”.


Karrager baş məşqçi ilə futbolçunun münasibətlərini də izah etdi:
“Salahla Klopp “Liverpul”un əfsanələridi. Bizə kiminsə tərəfini tutmaq lazım deyil. Salah məyusdu və oynamağığına görə Kloppa qəzəblidi, həmin məqamda bossu qucaqlamaq istəmədi, baş məşqçi də məlum səbəbdən bunu anlayışla qəbul etdi. Monun oyunsonrası açıqlaması mənasız idi. Ancaq gəlin münasibətləri aydınlaşdırmağı, birgəliyin son həftələrindən ləzzət almağı öz öhdələrinə buraxaq. Onlar bu müddətdə klubun qazandığı uğurlarda bir-birinə çox yardım edib”.


Nevill Ferqyuson dönəmini xatırlatdı
“Mançester Yunayted”in sabiq oyunçusu Hari Nevill bu münaqişə ilə bağlı geniş açıqlama verib:
“Salah, sadəcə, kərpic divara dəydi. Ehtiyatlı olmaq lazımdı, burda (Şimali London derbisində - red.) Son adlı bir oyunçu var idi, düşünürəm ki, o da yəqin təxminən 18 ay əvvəl yoxmuş kimi görünən divara dəydi. Salah altı-yeddi ildi daim meydandadı. Sadəcə, elə bir məqam yetişir ki, fasilə lazım olur. Böyük məşqçi ilə böyük oyunçu arasında belə münaqişələr görmək xoş deyil. “Mançester Yunayted”də bir neçə dəfə belə halla qarşılaşmışam. Yalnız bir qalib var və baş məşqçinin getməsi Salaha bir qədər də kömək edir. Düşünürəm ki, mövsümün sonuna qədər belə davam etsə, müəyyən problem yaranacaq. İki böyük şəxsiyyət, iki xarakter. Bildiyim yeganə misal Aleks Ferqyusonun 2001/02 mövsümünün sonunda ayrılacağını elan etməsidi. Son dörd-beş ay sinirpozucu oldu, çünki bu açıqlama klubda qeyri-müəyyənlik yaratdı, çoxlu spekulyasiya oldu. Bir klubda hazırda nə etdiyinizlə bağlı yox, kimin gələcəyi və növbəti mövsüm nə olacağı ilə bağlı söhbət gedəndə bu heç də yaxşı nəticələnmir. Ferqyuson növbəti dəfə istefa verəndə bunu mövsümün sonunda açıqladı, çünki ilk dəfə səhvə yol verdiyini bilirdi. O, başa düşürdü ki, belə söhbətlər qətiyyən futbolçulara kömək etmir. Bu ona, azarkeşlərə, heç kimə kömək etmədi. Həmişə belə hesab edirəm ki, bir komanda haqqında mövsümün əvvəlindəki gözləntilərə əsasən mülahizə yürüdülməlidi. Və siz mənə desəydiz ki, “Liverpul” titul qazanacaq (“qırmızılar”ın fevralda Liqa kubokunun finalında “Çelsi”ni məğlub etməsini nəzərdə tutur – red.) və mövsümü 3-cü yerdə bitirəcək, deyərdim ki, çox yaxşı mövsümdü. Unutmayaq ki, komanda mövsümün əvvəlində orta sahəsiz qalmışdı və yenidənqurma ilə bağlı düşüncələrlə yaşayırdı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50
Mənbələr
Şərh ()
Bağla