AZ

Bakı Musiqi Akademiyasında hesabat konserti - FOTO

29 aprel tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında Bəstəkarlıq Kafedrasının ənənəvi hesabat konserti baş tutdu. Tədbirdə Bəstəkarlıq Kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın K.Azimin tələbələri Həsən Bədəlzadə, Azər Babayev, Fatimə Məmmədli, Şahin Qarayev, Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyevin tələbələri Ağabəşir Bayramzadə, Nuray Əliyeva, Arsalan Navab Moghadam, Əməkdar müəllim, dosent Arzu Məmmədovanın tələbəsi Fatimə Məmmədzadə, dosent Gülnarə Məmmədovanın tələbəsi Vəfa Əhmədbəyova, dosent Aliyə Məmmədovanın tələbəsi Əsədli Xəyal iştirak etdilər. Proqramda adı keçən Əli Cəfərzadənin əsəri isə konsertdə səslənmədi.

Tədbirdə instrumental nömrələr sayca üstünlük təşkil edirdi. Konsertin yeganə vokal əsəri Şahin Qarayevin Zəlimxan Yaqubun sözünə yazdığı “Gəldim dünyaya” mahnısı idi. Həsən Bədəlzadənin müəllifi olduğu klarnet, fortepiano, violin və cello üçün iki pyesi ən orijinal və səmimi bəstə idi, ki, zəif ifaya rəğmən müəllifinin istedadını göz önünə sərdi. Dinləyicilər tərəfindən ən çox “bravo” alan əsər Fatimə Məmmədzadənin Simli kvatet üçün dörd Metamorfozu oldu. Konsertdə səslənən əsərlərin çoxu bədii cəhətdən Hollywood film soundtrack`lərini andırırdı. Bu cəhətdən həmin musiqi əsərləri mənə çox da səmimi gəlmədi.

Diqqətçəkən məqamlardan biri səslənən fortepiano əsərlərinin çox hissəsinin müəllifləri tərəfindən ifa edilməsi idi. Əslində, həmin əsərləri BMA-nın Fortepiano Kafedrasında təhsil alan pianoçular səsləndirsə, həm onlar müasirlərinin bəstələri ilə repertuarlarını zənginləşdirmiş olar, həm də bizlər ifaçı yorumunu dinləmiş olardıq. Bu baxımdan, bir çox əsərin ifası mexaniki prosesdən başqa bir şeyə dönüşmədi ki, bu, çox təhlükəli haldır. Musiqinin necəliyindən asılı olmayaraq ifaçı ona ciddi yanaşmağa borcludur. Zira hər əsərin incəlikləri, bədii və texniki çəkisi vardır ki, onun haqqını sonuna qədər vermək lazımdır. Bu halda bəstəkar ifaçı, ifaçı isə bəstəkar yetişdirir. Bəstəkar-ifaçı münasibəti yaradıcı sürəcdə çox önəmlidir.

Dinləyicilər sırasında BMA-nın tələbələri olduğu bəlli olan qrup-qrup gənclərin “azarkeşlik” etdikləri musiqiçi yoldaşlarının çıxışından sonra toplu şəkildə salonu tərk etmələri, ildə bir dəfə verilən yaradıcı hesabat konsertinin sonuna çatmayacaq qədər maraqlarının olmaması isə ayrı bir problemdir...

Konsertdə olan müsbət hallardan biri əsərlərin bədii yük cəhətdən rəngarəng olması, daha önəmlisi isə tələbələrin zəhmətkeşliyi, daim hərəkətdə olmalarıdır. Bütün müəllimləri, tələbələri, ifaçıları təbrik edir, yaradıcılıq uğurları arzu edirəm!

Leyla Həmid Əhməd Xan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla