AZ

Statistika onları təzyiqlərdən qorumur - Salah, Holann, Levandovski, Sane və Leao niyə çox tənqid olunurlar?

Avropanın əksər liqalarında mövsüm sona yaxınlaşır.

“Football-plus.az” xəbər verir ki, Belə məqamda arxaya boylanarkən bəzi aparıcı futbolçuların mövsüm ərzində həddən artıq tənqidə məruz qalması diqqətdən yayınmır. Maraqlısı odu ki, onlarla bağlı statistika 2022/23 mövsümü ilə müqayisədə çox da zəif deyil. Buna baxmayaraq, Məhəmməd Salah, Erlinq Holann, Robert Levandovski, Leroy Sane və Rafael Leaonun çıxışı böyük tənqidlərlə müşayiət olunur. İndi statistikaya görə tənqidlərin nə dərəcədə ədalətli olmasına nəzər salacağıq.

Məhəmməd Salah
(Liverpul)
“Everton”a 0:2 hesablı məğlubiyyət və “Vest Hem” ilə heç-heçədən (2:2) sonra “Liverpul”un premyer-liqada çempion olmaq şansı praktiki cəhətdən yox oldu. Məhəmməd Salah derbidə komandasını xilas edə bilmədi. O, bir neçə gün əvvəl Avropa Liqasının (AL) “Atalanta” ilə ev oyununda (0:3) da “qırmızılar”ı məlubiyyətdən qurtarmaqda aciz qalmışdı. Misirli futbolçu “Everton”a qarşı səfər oyunu ərzində qapıya 7 zərbə endirdi. Statistika onu tərəfində idi, lakin Məhəmmədin adı tabloda görünmədi.

Komandanın sabiq müdafəçisi, son illər idman telekanalında şərhçilik edən Ceymi Karrager “Liverpul”un indiki liderini derbidən sonra o ki var tənqid etdi:
“Salah indi bizim tanıdığımız möhtəşəm oyunçunun miskin kölgəsinə bənzəyir. O, xüsusilə də zədəsini sağaldandan sonra imkanlarından aşağı səviyyədə oynayır. O, “Liverpul”un əsanəsidi, superulduzdu, komandanın bütün dövrlər üçün ən yaxşı futbolçularından biridi. Amma indi ideal formasından çox-çox uzaqdadı. Fikrimcə, rəhbərlik yeni baş məşqçi ilə Məhəmmədin gələcəyi ilə bağlı ciddi müzakirələr aparacaq. Ona görə ki, onun müqaviləsinin müddətinin sonuna bir il qalıb”.


Yeri gəlmişkən, rəhbərlik artıq Kloppun xələfini müəyyən edib. “Feyenoord”u çalışdıran niderlandlı Arne Slotun alman həmkarının yerini tutacağı tezliklə rəsmən açıqlanacaq. Kloppun komandası artıq azarkeşləri məyus edib. Salah “Liverpul”u çoxlarının gözlədiyinin əksinə olaraq AL-in finalına daşıya bilmədi. Böyük ehtimalla İngiltərə çempionluğu da əlçatmaz hədəf kimi qalacaq. Amma statistika adamı çaş-baş salır: afrikalı futbolçu bu iki turnirdə ümumilikdə 23 qolun və 12 məhsuldar ötürmənin müəllifi olub. Buna baxmayaraq, Salahın oyunu mübahisələrə yol açıb. Fakt budur ki, o, bu mövsüm topu daha çox itirib, hərçənd mövsümün ilk yarısında çempionat oyunlarında Darvin Nunyesi kifayət qədər zərbə mövqeyinə çıxarıb.

Erlinq Holann
(Mançester Siti)
Erlinq Holann ilə bağlı vəziyyət klassik, yaxşı öyrənilmiş və kifayət qədər müzakirə olunmuş mövzudu. Bu mövzu İngitərədə sona çatmaqda olan mövsümün əsas müzakirə obyeklərindən birini təşkil edib. FİFA-nın 2023-cü il üçün ən yaxşı futbolçu adına namizəd kimi göstərsə də, mükafatı Lionel Messiyə verməsi dünya futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Axı bu dəfə argentinalı futbolçunun əsas qəhrəmanı olduğu DÇ-2022-nin nəticələri nəzərə alınmamışdı. 2022/23 mövsümü isə Holannın benefisinə çevrilmişdi: o, “Mançester Siti” ilə İngiltərə çempionatı, İngiltərə kuboku və Çempionlar Liqasının (ÇL) qalibi olmuş, üstəlik premyer-liqada 35 oyuna vurduğu 36 qolla ən yaxşı bombardir adını qazanmışdı.

Lakin norveçli hücumçu cari mövsümdə, belə desək, əvvəlki kimi parlamır. Erlinqin əsas matçların böyük əksəriyyətində uğursuzluğa düçar olması onun komandasının ötənilki uğurunu təkrarlamasına mənfi təsirini göstərib. Faktlar iri cüssəli futbolçunun məhz belə oyunlarda “kölgəyə çəkildiyini” sübut edir. Holann ÇL-də “Real” səddinin keçilməsi üçün “Siti”yə kömək edə bilmədi, premyer-liqada mərkəzi oyunlarda da sönük təsir bağışladı. Bu mövsüm çempionatda 21 qol vurub, amma qaçırdığı imkanlar bundan da çoxdu. Mövsüm ərzində Nunyesin “Liverpul”a qazandırmalı olduğu qollar daha çox müzakirə olunub, qol vəziyyətlərinə təkrar-təkrar baxılıb. Uruqvaylı hücumçu 26 real qol şansını boşa veribsə, Holannın hesabında 30 belə epizod olub. Təsəvvür edin ki, “Mançester Yunayted” ölkə kubokunun finalında əzəli rəqbini məğlub edir. Bəli, Xosep Qvardiolanın komandası MY ilə müqayisədə güclüdü. Amma “Uembli”də hər şey ola bilər. “Arsenal” premyer-liqada çempion olacağı halda da Erlinqin qaçırdığı 30 qol vəziyyəti mütləq xatırlanacaq.

Robert Levandovski
(Barselona)
“Barselona” bu mövsümü qəribə axarda keçirir. Xavi Ernandes yaşıl meydanlarda top qovduğu illərdə özünü kifayət qədər təmkinli aparıb. Lakin doğma komandasının başında olarkən tamamilə fərqli – emosiyalarını meydanın kənarında və oyundan sonra keçirilən mətbuat konfranslarında ən yüksək dərəcədə ifadə edən məşqçi kimi yadda qalıb. Əvvəlcə kiçik uğursuzluqlardan sonra komandanın başından ayrılmayacağını deyirdi. Lakin mövsümün ortasında klubda heç kimi xəbərdar etmədən yayda gedəcəyini bəyan etdi. Amma sözünün üstündə dura bilmədi: bir neçə gün əvvəl “Barselona”ya növbəti mövsümdə də başçılıq edəcəyini rəsmən açıqladı.
Xavinin davranışlarındakı belə yeknəsəklik Robert Levandovskinin İspaniya karyerasında keçirdiyi ikinci mövsümündəki çıxışı ilə həmahəng təşkil edir. Polşalı hücumçu ilk mövsümü əla keçirmişdi: La Liqada meydana çıxdığı 34 oyunda 23 qol vurmuş, 7 məhsuldar ötürmə etmiş və çempionluq qazanmışdı. İndiki statistika isə belədi: 13 qol və 8 məhsuldar ötürmə. Bunlara baxmayaraq, Robert“Barselona”nın oyununa rahatlıq və qüdrət qata bilmir.

Vurğulanası əsas amillər sırasında komandanın mövsümü titulsuz başa vurmaq təhlükəsi ilə bağlıdı. Levandovski “Barselona”nın titulu qorumasına ömək edə bilməyib: artıq “Real”ın çempion olacağı zaman məsələsidi. Ən pis faktlardan kataloniyalıların madridlilərə bir neçə dəfə uduzması da yada salınmalıdı. Xavinin komandası evdə “Vilyarreal”dan 5 top buraxdı (3:5), ölkə kubokunda “Atletik”ə qarşı da uğursuz oynadı (2:4). Parisdə 3:2 hesabı ilə qalib gəlsə də, “Kamp Nou”da darmadağına (1:4) məruz qalaraq ÇL-i 1/4 finalda tərk etdi.
Aydın məsələdi ki, Levandovski müdafiə xəttinin bərbad çıxışına görə cavabdeh deyil. Amma onun hücum xəttinə ilk mövsümdəki kimi fayda verə bilmədiyi dəqiqdi. Bununla Polşa yığmasındakı çıxışını xatırladır. Robert milli formada heç cür sabit çıxışı ilə seçilə bilmir: hansısa ortabab və ya zəif komandanın qapısını top atəşinə tutur, amma bir qədər güclü rəqiblə oyunda susur. Bu mövsümün Levandovskisi kataloniyalıların hücum xəttinin lideri deyil. Əks halda belə təcrübəli qolçunun oyunu Rafinya və Lamin Yamalın sabit çıxışı üçün töhfə verməli idi. Yeri gəlmişkən, polşalı 35 yaşındadı. Bəlkə də bu amil təsirini göstərir.

Leroy Sane
(Bavariya)
Robertin sabiq oyundaşı Leroy Sane də aparıcı liqalarda mövsümboyu ən çox tənqid olunanlar sırasındadı. Doğrudu, o, son illər Salah, Holann və Levandovski kimi “Qızıl top”a əsas namizədlərin sırasına düşə bilməyib. Amma “Bavariya” üçün mövsüm ərzində vacib fiqurlardan sayılıb. Statistikası heç də pis deyil: hələ sona çatmayan mövsümdə bundesliqada keçirdiyi 26 oyunda 8 qolun və 11 məhsuldar ötürmənin müəllifi olub. Bu göstəricilərinə baxmayaraq, komandasının hücum xəttində ağırlığını çox da hiss etdirə bilməyib. Leroy münhenlilərin sırasına ötən yay qoşulan Harri Keynin statistikasına (31 oyuna 35 qol) aşağıdan yuxarı baxır. Halbuki ingilis hücumçudan fərqli, “Bavariya”da 4-cü mövsümünü keçirir. Ondan göstəricilərini hər mövsüm gücləndirməli olduğunu gözləmək həm də bundesliqaya bələd olmasına görə normal sayılır. Lakin hər il artan təcrübəsi Saneyə klubun Aryen Robben və Frank Riberi kimi əfsanəvi hücumameyilli yarımmüdafiəçilərinin sırasına qoşulmasına hələ də kömək etməyib.
Bəzi mənbələr komandanın yeni baş məşqçisinin Leroy ilə birgə işləmək istəməyə biləcəyini istisna etmir. Yeri gəlmişkən, MS-nin sabiq oyunçusunun adı “Liverpul”la birgə hallanır: mersisaydlılar Səudiyyə Ərəbistanına yollana biləcək Salahın yerinə onu da namizəd kimi nəzərdən keçirirlər. Sane hələ yeniyetmə yaşlarından istedını əyani şəkildə sübut edə bilib. Problem ondadı ki, indi 28 yaşında olsa da, hələ də meydanda liderlik keyfiyyəti ilə seçilməyi bacarmayıb. “Bavariya” ÇL-in yarımfinalında “Real”la mübarizə aparacaq. Bu duelin Leroy üçün mövsümü titulla başa vurmaq üçün çox vacib əhəmiyyəti var. Artıq bundesliqda “Bayer-04” erkən, özü də ilk çempionluğu rəsmiləşdirib. Bunda Sane də günahkardı, oyundaşları da.

Rafael Leao
(Milan)
Hazırda İtaliya telekanallarından birində ekspert kimi fəaliyyət göstərən Antonio Kassano “Milan”ın vingeri ilə bağlı tənqidi fikirlər səsləndirib:
“Leao özünü dahi hesab edir, hərdən bu fikrinə görə onunla razılaşırlar. Mən isə bir neçə əvvəlki fikrimi dəyişməmişəm: onun, sadəcə, yaxşı futbolçu olduğunu düşünürəm. Zarafat deyil, Rafael A seriyası kimi zəif liqada 5 ayyarım ərzində qol vura bilməyib. O, bir neçə il əvvəl hətta bu turnirin 6-cıkomandasında belə oynamağı bacarmayıb”.


Vaxtilə “Roma”da və “Real”da oynamış Kassanonun bir fikri ilə razılaşmaq olmur: A seriyası onun qələmə verdiyi qədər zəif liqa deyil. Ötən mövsüm “İnter” ÇL-in finalında oynayıb, bu mövsüm isə İtaliya UEFA-nın əmsallar cədvəlində ən çox əmsal yığan ölkədi. Amma A seriyasında 7 qol və 8 məhsuldar ötürmənin müəllifi olan Leao həqiqətən də uzun müddət qapıya yol tapa bilməyib. Nəticə isə çox üzücüdü: 2021/22 mövsümündə həm də portuqaliyalı futbolçunun fenomenal çıxışı sayəsində çempion olan “Milan” ardıcıl ikinci mövsümü titulsuz başa vuracaq!

Son aylar Rafaelin mövsümün sonunda İtaliyanı tərk edə biləcəyi haqda xəbərlər səngimir. 24 yaşlı futbolçunun “Milan”ı azı 90 milyon avro irəli sala biləcəyi ehtimal olunur. Bu məbləğ arta bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla