AZ

Qələm dostumuzun yaradıcılıq çələngi

Əməkdar mədəniyyət işçisi, tanınmış şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun 18 cildlik “Seçilmiş əsərləri” nəfis tərtibatla nəşr olunub. 

Onu lap gənclik illərimizdən – hələ Sumqayıt ədəbi birliyinə getdiyimiz vaxtlardan tanıyıram. Yadıma gəlir ki, 1985-ci ildə Rafiq Yusifoğlu filologiya elmləri namizədi alimlik dərəcəsi alanda onun haqqında “Sumqayıt” qəzetində “Bir ürəyin üç dünyası” adlı oçerk də yazmışdım. Şair, müəllim və alim kimi yorulmaz fəaliyyətini işıqlandırmışdım. Sonra bir müddət dövlət televiziyasında eyni redaksiyada çalışdıq, əsl yaradıcı adam olduğuna yaxından şahidlik elədim. Bir gün onun, bir gün də mənim maşınımda işə gedib-gəlir, yolboyu ədəbiyyatdan, sənətdən söhbətlər edirdik. 

Bu gün Rafiq Yusifoğlu yetkin ədəbi imzalardandır. 100-ə qədər  şeir, nəsr, elmi və publisistik kitabın müəllifidir. Sumqayıt Dövlət Universitetində dərs deyir. Eyni zamanda, illərdir ki, bütün çətinliklərə baxmayaraq, baş redaktor kimi “Göyərçin” uşaq jurnalını da yaşadır. Təsadüfi deyil ki, şairin yaradıcılığının aparıcı qollarından birini uşaq ədəbiyyatı təşkil edir. Neçə-neçə əsəri məktəb dərsliklərinə salınıb.

Rafiq Yusifoğlunun Vətən Müharibəsində Böyük Qələbəmizin poetik salnaməsi sayılan sanballı “Zəfər dastanı” (şeirlər) və “Xiffət” (roman) kitabları ədəbi cameədə maraqla qarşılanıb. Onun çoxşaxəli yaradıcılıq  fəaliyyəti “Qızıl kəlmə”, “Qızıl qələm”, “Vətən”, “Araz”, “İlin ən yaxşı kitabı” mükafatlara layiq görülüb. 

Hər biri 512 səhifədən ibarət olan “Seçilmiş əsərləri”nin ilk 7 cildində Rafiq müəllimin poetik əsərləri yer alıb. Sonrakı cildlər uşaqlar üçün şeirlərdən, indiyədək çap edilməyən əsərlərdən, hekayə və povestlərdən (eləcə də “Xiffət” romanı), publisistik səpkili məqalələrdən, bədii tərcümələrdən və yumoristik yazılardan ibarətdir. Ölkənin sayılıb-seçilən ədəbiyyatşünaslarından olan müəllifin “Seçilmiş əsərləri”nin 15–18-ci cildlərinə “Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri”, “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri”, “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid” adlı sanballı monoqrafiyaları, eləcə də “Bədii söz və məna ocağının közləri” kitabından ədəbi-nəzəri məqalələri daxil edilib. 

Bir sözlə, Rafiq Yusifoğlunun “Seçilmiş əsərləri”nin 18 cildliyi müəllifin keçdiyi, axtarışlarla dolu, keşməkeşli yaradıcılıq yolu haqqında dolğun təsəvvür yaradır.

Ə.ƏLİYEV 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla