AZ

Misgərlik babaların yadigarıdır

Misgərlik  ta qədimdən Azərbaycan xalqına məxsus olan el sənət növüdür. Avropa ölkələrində, eləcə Rusiya muzeylərində saxlanan ölkəmizə məxsus mis eksponatlar da bunu sübut edir.  

XIX  əsrdən başlayaraq Lahıc misgərliyin əsas mərkəzinə çevrilib.  Lahıc ustalarının  əlindən  çıxan  mürəkkəb və incə  naxışlı satil, dolça, sərnic, teşt,  sini,  kasa, cam, qazan,  güyüm, çıraq və digər məmulatlar   Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyədə yaxşı tanınıb. Deməyim odur ki,  uzun illərin sınağından çıxıb cilalana-cilalana  bugünədək yol gələn misgərlik əvvəlki gücünü saxlamasa da, respublikamızda onu yaşadanlar var. Onlardan biri Masallı rayonunun Boradigah qəsəbə sakini Taleh Ağayevdir. Qədim el sənətinin daşıyıcısı  artıq 40 ildir ki, misgər və qalayçı kimi el-obada tanınır.

Taleh Ağayev misgər ailəsində böyüyüb. Qədim el sənətinə uşaqlıdan könül bağlayıb. Hazırda öz işini kamil bilir. Hər nə düzəldirsə, adam ona baxdıqca baxmaq istəyir. Misgərlikdən söz düşəndə Taleh deyir:  

– Böyüklərdən eşitmişəm ki, keçmişdə misdən hazırlanan məişət və zinət əşyaları insanların gündəlik həyatında daha çox yer tutub. Həmçinin,  əvvəllər gəlin köçən qızlara cehiz olaraq mis qablar, mis samovarlar verilirdi. Bir ara istifadə olunmadı. Son zamanlar yenə buna tələbat artıb. Sənətimi çox sevirəm. Məndə 120–130 illik qədim mis parç,  samovarlar var. Mis qabda bişən yemək daha dadlı olur, həm də insanın sağlamlığına xeyirdir.

Onu da deyək ki, bu sənəti inkişaf etdirmək, öz ailə biznesini genişləndirmək üçün “ABAD”a müraciət edən Taleh Ağayev dizayn və satışın təşkili xidmətlərindən yararlanır. Artıq misgərin əl işləri respublikamızın müxtəlif yerlərində satılır. Ən çox maraq göstərilən yer isə Bakıdır. Onun misdən düzəltdiyi balaca suvenirlər  turistlər tərəfindən də  həvəslə alınır.

Zəfər ORUCOĞLU, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
Mənbələr
Şərh ()
Bağla