AZ

Ermənistanı Ukraynanın taleyi gözləyə bilər: Qərbə bel bağlamaq olmaz

Bəzi qüvvələr 2026-cı ildə şəffaf şəkildə keçiriləcək seçkilərdə qalib gəlməyəcəklərini bildikləri üçün hakimiyyəti seçkilərsiz ələ keçirmək istəyirlər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülkü müqavilə” fraksiyasının deputatı Arsen Torosyan deyib.

Erməni deputat Azərbaycanla sərhəddə yerləşən Kirant kəndindən İrəvana doğru başladılan yürüşdən danışıb:

“Təbii ki, ölkəmizdə söz və sərbəst toplaşmaq hüququ var. 2018-ci il çevrilişi də bunun olmasına təminat verdi. Bu hüquqlar hakimiyyətə qarşı da həyata keçirilə bilər. Heç bir fəaliyyət mükəmməl deyil. Amma həmin yürüşün kimlər tərəfindən həyata keçirildiyinə baxmaq lazımdır. O qüvvələr anlayırlar ki, şəffaf seçkilərdə qalib gələ bilməyəcəklər".

Torosyan bildirib ki, iqtidarı seçkilər olmadan ələ keçirmək istəyirlər: "Tavuşdan başlayan demarkasiya prosesinə gəlincə, biz onun sərhədlərimizin və dövlətimizin təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətini dəfələrlə vətəndaşlarımıza izah etmişik və bundan sonra da izah edəcəyik".

Qeyd edək ki, Qazaxın kəndlərinin təhvil verilməsi və sülh prosesinin əleyhinə olduğunu bildirən “Vətən üçün Tavuş” hərəkatı Kirants kəndidən İrəvana doğru yürüşə başlayıb.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanı çoxdan devirmək istəyirlər.

Professorun sözlərinə görə, bu planı hazırlayan əvvəl Rusiya idi, indi İran da ona qoşulub:

"Bu iki ölkənin arxa cəbhəsi Ermənistan əleyhinə işləyir. Çünki Ermənistan Rusiya və İranın təsirindən çıxıb Qərbin himayəsinə keçməyə çalışır. Qərb İrəvana qarantiya sözü verir. Amma ABŞ və Avropa İttifaqının qarantiyasını Ukraynada gördük. Çox cəhd edirlər ki, Rusiya Azərbaycandan çıxardığı hərbçiləri və texnikanı Ermənistan ərazisində saxlasın. Belə gedişlə Ermənistanı Ukraynanın taleyi, hətta ondan daha acınacaqlı durum gözləyir. Qərbə bel bağlamaq olmaz, onların çörəyi dizlərinin üstündədir”.

Cümşüd Nuriyev:  Rusiya və İranın arxa cəbhəsi Ermənistan əleyhinə işləyir

Müsahibimizə görə, indiki halda Nikol Paşinyanın devrilməsi bizim üçün arzuolunmazdır. Nuriyev deyir ki, Paşinyan Ermənistanda ən ağıllı adamdır:

“Baş nazir Ermənistanın indiki ərazisini qoruyub saxlamağa çalışır. Əlbəttə, Azərbaycan istədiyini alıb, bundan sonra da hədəflərinə nail olacaq. Əgər Paşinyan gedərsə, bəlkə Azərbaycan Zəngəzur və Göyçəni, öz tarixi yurdlarını da geri qaytarmaq şansı əldə edəcək. Amma eyni zamanda Rusiya Cənubi Qafqazda yenidən möhkəmlənəcək. Bizim üçün elə də fərqi yoxdur, maraqlarımıza uyğun proseslərin baş verməsi qəbulumuzdur. Azərbaycan və Türkiyə Rusiya ilə münasibətləri yüksəldib, təhdid və riskləri aradan qaldırıb. Amma düşünürəm ki, Qərb Paşinyanın devrilməsinin qarşısını almaq üçün ciddi müqavimət göstərəcək".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
50
Mənbələr
Şərh ()
Bağla