AZ

“Xeyir xəbər” gözləyin - Fotolar

“Xeyir

Mədəniyyət Nazirliyi öz yaradıcılıq potensiallarını reallaşdırmaq üçün gənc teatr rejissorlarına hər cür şərait yaratmağa çalışır. Bu dəfə gənc rejissor Fuad Cavadzadəyə dəstək verilib.

Reyting.az
xəbər verir ki, Fuad Cavadzadə Sumqayıt Dövlət Musiqili Dram Teatrında tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Xeyir xəbər” pyesinə quruluş verməyə hazırlaşır. Yeni səhnə əsərinin məşqlərinə başlandıqdan sonra Sumqayıt Dövlət Musiqili Teatrının direktoru Samir Şəfiyev, teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov yaradıcı heyətlə görüşüb, onlara uğurlar arzulayıblar. Gənc rejissor ona göstərilən etimada və yaradılan şəraitə görə Mədəniyyət Nazirliyinə, Sumqayıt teatrının kollektivinə minnətdarlığını bildirib.

Gənc və istedadlı rejissor Fuad Cavadzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur, bu ali məktəbdə teatr rejissorluğu ixtisasına yiyələndikdən sonra Mədəniyyət Nazirliyi xətti ilə Türkiyəyə göndərilib, İstanbul Universitetinin Dövlət Konservatoriyasında magistr dərəcəsi alıb.

Sumqayıt Dövlət Musiqili Dram Teatrında debüt etməyə hazırlaşan gənc rejissora bədii tərtibat işində Nizami Dadaşov, musiqi tərtibatında isə Telman Qəniyev kömək edəcəklər. Səhnə əsərinin qrafika və montajı ilə Sahil Nəzərov məşğul olacaq. Xalq artisti Firudin Məhərrəmov tamaşanın bədii rəhbəridir.

Tamaşaçılar rollarda Əməkdar artist Elmira Kərimovanı, aktyorlar Habil Xanlarovu, Şəmistan Süleymanlını, Siyavuş Mahmudovu, Akif Mirzəyevi, Cavanşir Eyyubzadəni, Elay Xasıyevi, Məryəm Hüseynlini və Aynur Hümbətovanı görə biləcəklər.

Əli Əmirlinin vətənpərvərlik mövzusunda yazdığı “Xeyir xəbər” pyesiəsasında hazırlanan yeni səhnə əsərinin gələn ay tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla