AZ

Qərbi Azərbaycan hər bir azərbaycanlının həssas nöqtəsidir-Şəbnəm Həsənova- ÖZƏL

"Müharibə və münaqişə kimi fors-major səbəblərə görə insanların öz ölkəsini tərk etməyə məcbur edildiyi hallarda geri qayıtmaq hüququ şübhəsiz ki, şübhə altına alına bilməz. Bu prinsip o qədər təbii hesab olunmalıdır ki, özünü aydın hesab edən fundamental prinsipin nəticəsi də o qədər aksiomatik olmalıdır". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Şəxsin öz evinə qayıtmaq hüququ ənənəvi olaraq fərdin əsas hüquqlarına daxil edilmişdir. Bütöv bir xalqın böyük hissəsi öz torpağından qoparılmaq, sürgün edilmək və sonra geri qayıtmaq hüququndan məhrum edilmək kimi vəziyyət yarananda geri qayıtmaq hüququna milli miqyasda müraciət edilir ki, bu da nadir hallarda baş verir. Dövrümüzdə bu ölçüdə diqqətəlayiq hal, hərbi və siyasi əməliyyatlar nəticəsində öz ata-baba yurdlarını tərk etməyə məcbur olanlardan biri də Qərbi azərbaycanlılardır, bu icmadır. Bu insanların siyasi və hüquqi əsaslarla geri qayıtmaq hüququ mövcuddur. Sadə dildə desək bu insanlar hələ də sürgündədir, sürgün həyatı yaşayırlar. Ələlxüsus da şərq və islam mədəniyyətinə malik bir xalq kimi nəinki evindən didərgin düşmək, öz ata-babanın, doğmalarının qəbrini belə ziyarət edə bilməmək çox acıdır. 
    Məsələnin ədalətli və davamlı həlli çərçivəsində Qərbi azərbaycanlıların geri qayıtma, bərpa və təzminat hüquqlarının təşviqi strategiyaları paralel şəkildə beynəlxalq müzakirələrlə dəstəklənməlidir. Beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququnun əsaslarına dair elmi mülahizələr mütəmadi qaydada təşkil olunmalıdır. Bu məsələ Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin yeni prioritet istiqaməti kimi siyasətimizin mərkəzində dayanan mühüm məsələ kimi qəbul edilib. Bunu da dövlət başçımız bir neçə dəfə vurğulayıb ki, biz o torpaqlara da geri dönəcəyik. Xalq yenə də sorğulamadan Liderinin yanındadır. Verilən yeganə sual odur ki, niyə də axı dönməməliyik? Bölgədəki gələcək düyünlər bu insanların öz doğma və ayrılmaz hüquqları bərpa edilmədən açılmayacaq. Doğma yurdun çağırışının gücü isə hələ klassik dövrdə məlum idi. Klassik siyasi-hüquq nəzəriyyəsinin özü də daha dərindən insanın öz ölkəsini sərbəst və maneəsiz tərk etmək hüququ ilə bağlı idi. Hətta bir az araşdırma edərkən bəzi siyasi nəzəriyyəçilər onu son dərəcə şiddətli cəza hesab edərək ölüm cəzalarına da daxil edirlər.  Məsələn, isveçrəli hüquqşünas de Vattel "Le Droit des Gens" əsərində yazıb ki, səbəbsiz sürgünə məcbur edilən sürgün ona başqa yerə sığınmaq hüququ verir, çünki o, vətənə qayıtmaq təbii hüququndan məhrumdur. Obrazlı şəkildə ifadə edir ki, sürgün, məskənindən qovulmuş və ya onu tərk etməyə məcbur edilmiş, rüsvayçılıq ləkəsi olmayan şəxsdir, sürgün hətta qürbətə bərabər tutularaq bildirilir ki, bu insanın nə insani şəxsiyyətini, nə də haradasa yaşamaq hüququnu əlindən almaz. Müasir beynəlxalq hüquqşünaslar, əsasən, qayıdış hüququ məsələsini fərdin ənənəvi səviyyəsində araşdırırlar. "İnsan Hüquqları haqqında Ümumdünya Bəyannaməsinin 1-ci maddəsində də bu ilkin prinsipin və ya aksiomun belə ifadə olunduğu təsadüfi deyil: "Bütün insanlar azad, ləyaqət və hüquqlar baxımından bərabər doğulurlar".
    Bütün bu məsələlər Qərbi azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təmin olunmasını əsas hədəf kimi bəyan etmiş Qayıdış Konsepsiyasının müddəalarında mövcuddur. Bunun realizə olunmasını isə mümkün edən müasir beynəlxalq hüquqi alətlərdən istifadə yolları son zamanlar geniş şəkildə müzakirə olunur. Sırf bu sahə üzrə ixtisaslaşmış ekspertlər məsələ haqqında daha detallı biliyə malikdir. Azərbaycanda və xaricdə beynəlxalq hüquq üzrə təhsil almış, dünyanın nüfuzlu universitetlərində tədrislə, akademik tədqiqatlarla məşğul olmuş sözügedən sahə üzrə kifayət qədər kompotent ekspertlər mövcuddur. Onların bilik və bacarıqlarından faydalanılmalıdır. Bu, beynəlxalq hüquq çərçivəsində əsaslandırılaraq fərdi və kollektiv qayıdışı hüququ çərçivəsində araşdırılmalı, realizə edilməlidir. Məsələ həm də beynəlxalq hüququn əsasları olaraq qaytarma, geri qaytarılma və kompensasiya hüququnu əhatə edir. Beynəlxalq adət hüququ bütün köçkünlərə öz doğma yurdlarına qayıtmaq hüququnu verir. Fərdi qayıdış hüququ hər hansı bir kollektiv geri qaytarma hüququndan tamamilə ayrı olsa da, bununla belə, fərdi və kollektiv hüquqlar beynəlxalq hüquqa əsasən bir-birini istisna etmir, əksinə, əlavə edir və tamamlayır. Çünki bir hüququn həyata keçirilməsi heç vaxt digərinin həyata keçirilməsini ləğv edə bilməz və buna heç vaxt da belə baxılmamalıdır. Qayıdış hüququ adətən şəxsi, fərdi hüquqdur. Lakin böyük qruplar öz yurd-yuvalarından didərgin düşdükdə kollektiv bir ölçü götürülür. Burada fərq qoymamağın zəruriliyi müdafiə edilərək qrupun həmrəyliyi də önəmlidir ki, ümumi maraqlar naminə üzvlər koordinasiyalı iş ortaya qoysunlar. Bu məqamda onu da xüsusilə vurğulayım ki, cənab Prezident İlham Əliyev andiçmə mərasimində qarşımızda yeni üfüqlərin dayandığını bildirmişdi. Bu məsələ də xarici siyasətimizin prioritet istiqaməti olduğundan hər bir azərbaycanlının həssas nöqtəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla