AZ

Ədalətli rəhbər necə olur?

Elşən Bədirxanov İdarəetmə üzrə konsultant və təlimçi

Əvvəl deyim ki, “ədalət” sözü "ədl" sözündən əmələ gəlib, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Allahın 99 adından biridir. 

“Ədalətli rəhbər” məfhumu olduqca nisbidir, subyektivdir (biri üçün ədalətli sayılan digəri üçün ədalətsiz ola bilər), zamanla dəyişir (orta əsrlərin ədaləti müasir şirkətlərin ədalətindən çox fərqlənir), mədəniyyətlərə və digər parametrlərə (məsələn, Britaniyada və Yaponiyada, hətta bir ölkədə fərqli korporativ mədəniyyət daşıyıcısı olan şirkətlərdə ədalətli idarəetmə yanaşması müxtəlif ola bilər) görə dəyişir. Bu, o demək deyil ki, ümumi məxrəclər heç yoxdur. Yəqin ki, bu sualı cavablandıran bir çoxumuz ədalətli idarəetməyə ədalətli əmək haqqı, münasibət, inkişaf imkanları və digər məfhumları daxil edərdik.

Qədim yunan filosofu Platon o cəmiyyəti ədalətli sayırdı ki, burada hər bir insan daxili təbiətinə uyğun işlə məşğul olsun. Elə hazırda da bu yanaşma istedadların idarə edilməsində əsas prinsiplərdən biridir.

ABŞ sosial psixoloqu Adamsın nəzəriyyəsinə görə əməkdaşlar aldığı məvacibi ədalətli saymaları üçün iki şərt vacibdir (əməkdaşın subyektiv mülahizəsi əsasında):

•    Səylər müqabilində əmək haqqı və mükafatın ədalətliliyi 

•    Digərlərinin əmək haqqı və mükafatın həcmilə müqayisədə ədalətli olması (şirkət daxilində və xaricində)

Ailə korporativ mədəniyyətli şirkətdə əməkdaşlarla az qala ailə üzvləri kimi davranmaq ədalətli sayılırsa, rəqabətcil şirkətdə zəiflərin ələnməsi ədalətsizlik kimi qəbul edilmir. “Netflix” şirkətinin vacib prinsiplərindən biri istedadların yüksək konsentrasiyasıdır və çalışılır ki, hər mövqedə bazarda ən istedadlı insanlar cəlb edilsinlər. Əməkdaşları biri-biri ilə rəqabət aparmır, amma onlardan ən yüksək nəticələr gözlənilir. Bu olmadıqda istənilən səviyyədəki əməkdaşla sağollaşırlar. Sərt görünə bilər, amma bu yanaşma onların korporativ mədəniyyətinin bir parçasıdır, bu barədə hamı məlumatlıdır və əməkdaşlar bazarda ən yüksək əmək haqqı alırlar (Düzdür, bonusları yoxdur).

Ədalətli rəhbər hamıya eyni yanaşmır. Çox istedadlı əməkdaşlarınıza sıravilərlə eyni münasibət göstərsəniz, tezliklə şirkətiniz yalnız ikincilərdən ibarət olacaq. Amerikalı siyasi filosof Con Rolz bu yanaşmanı “ədalətli bərabərsizlik” adlandırmışdı. Məncə, gözəl ifadədir.

Ədalət eynilərə eyni yanaşmadır, hamıya eyni imkanlardır. Hamıya qarşı qaydalara, dəyərlərə uyğun davranmaqdır. 

Ədalətli rəhbər önyarğıdan, qərəzdən uzaq durur, Halo və Horn effektlərinin qurbanı olmur, qərar qəbul etdikdə çalışır ki, vicdanı ilə kompromisə getməli olmasın.

Ədalətli rəhbərin emosional intellekti yüksək olur, əməkdaşların ehtiyaclarını anlayır, mövqelərini başa düşməyə çalışır.

Şübhəsiz ki, ədalətli idarəetmənin bir sıra digər aspekləri mövcuddur, amma çalışdım əsas prinsiplər haqqında danışım.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla