AZ

Yeni qayda ali məktəbi və ixtisasını dəyişmək istəyən tələbələri RAZI SALACAQMI?

Xəbər verdiyimiz kimi, ali təhsil alan tələbələrçün yeni qaydalar tətbiq olunur.

Ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmə yeni qaydalar əsasında keçiriləcək.

Bununla bağlı "Xəzər Xəbər"ə özəl açıqlamasında Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova məlumat verib.

Direktor bildirib ki, təhsil aldığı müddətdə müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamayan tələbələr təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirə bilməyəcəklər. Subbakalavrdan bakalavra müsabiqədən kənar qəbul olan tələbələrin köçürülməsinə də yol verilməyəcək.

Xaricdə ali təhsil alan tələbələr də diqqətli olmağa çağırılıb. Belə ki, tələbələr xaricdəki ali təhsil müəssisəsinə tam orta təhsil haqqında attestatla qəbul olublarsa, o zaman onlar köçürülə bilmək üçün müəyyən tələblərə cavab verməlidirlər.

Maraqlıdır, təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirə bilən tələbələrin təhsilalma səviyyəsi yüksələcəkmi?

Bu da yaxşı məlumdur ki, bəzən ixtisas uyğun olmur, amma, tələbə ali məktəbə qəbul olunur deyə oxuyur, bəzən müəyyən səbəblərdən dolayı qiyabi təhsil almaq istəyir, bəzən də yer baxımından təhsil aldığı universiteti dəyişdirmək lazım gəlir.

Mövzu ilə bağlı Referans.az-a təhsil eksperti Kamran Əsədov danışıb:

"İlk olaraq qeyd edim ki, tələbələrin bir yerdən digər yerə köçürülməsi qaydaları çox şəffaf həyata keçirilir. Bir neçə ildən bir daha da təkmilləşdirilir. Təbii ki, nəzarə alsaq ki, yeniyetmələr 17 yaşlarında 11- ci sinifi bitirib ali məktəbə qəbul olunurlar, o zaman onların universitet və ixtisas haqqında o qədər də məlumatları olmur. Belə olan halda, qəbul olduqları ixtisasda sonradan oxumağa davam edə bilməyib, yanıla bilirlər. Elm və Təhsil nazirliyi tələbələrə ixtisasını elektron qaydada dəyişməyə imkan yaradır. Hazırda köçürmə halları neqativ halları sıfıra endirib. Proses şəffaf olaraq həyata keçirilir. Amma, mən düşünürəm ki, müəyyən qədər qaydaları dəyişməyə ehtiyac var. Xüsusilə subbakalavrlarla bağlı. Subbakalavrlar təbii ki, o şəxslər hesab olunurlar ki, onlar kollec məzunlarıdırlar. Onlara sonradan ixtisası dəyişməyə icazə vermirlər. Hesab edirəm ki, bu yanaşma dəyişməlidir. Subbakalavr əgər həmin balla digər universitetlərə də qəbul ola bilərdisə, düşünürəm ki, bu köçürməni onlara da şamil eləmək lazımdır. Nəzərə alsaq ki, subbakalavrlar həm də işləyirlər. Ən azından yaxın qiyabi ixtisaslara köçürməyə icazə vermək olar".

Ekspert hesab edir ki, kəsrlə bağlı köçürmə eləmək doğru haldır. Çünki tələbələrin kəsir aldıqları fənnlər getdikləri universitetdə olmur və bunlar akademik borc olaraq problem yarada bilir.

Kamran Əsədov xaricdəki azərbaycanlı tələbələrin Azərbaycana köçürülməsi ilə bağlı olan qaydaları sərt hesab edib: "Xaricdən Azərbaycana tələbə köçürülmə qaydaları daha da yumşaldılmalıdır. Plan yerləri artırılmalıdır ki, onlar bura gəlsinlər. Onlar minumum keçid balını toplasalar, avtomatik olaraq onlara Elm və Təhsil nazirliyi icazə verir. Amma, biz daha da sadə qaydalarla tələbələri cəlb etməliyik ki, Azərbaycandan kənara maliyyə axını olmasın. Həmçinin, bizim özəl universitetlərin plan yerləri çox boş qalır, həmin tələbələr burda təhsillərinə davam etsinlər".



Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla