AZ

Elmira Axundova məmurları yoxsa, Ramiz Mehdiyevi şantajedirmiş? - İLGİNC MƏQAMLAR

Sabiq millət vəkili və  Azərbaycanın Ukraynadakı sabiq səfiri Elmira Axundova yenidən gündəmi zəbt edib. Bu dəfə də ənənə pozulmayıb. Yenə də Elmira Axundovanın ölçüyə gəlməyən hərəkətləri müzakirə obyektinə çevrilib. Yayılan məlumatlardan aydın olub ki, bu adam zamanında “az aşın duzu olmayıb”. Və özünə görə kifayət qədər geniş çevrəsi olub. Bu çevrənin başında isə Prezident Adminstrasiyasının  sabiq rəhbəri Ramiz Mehdiyev olub.

Maraqlıdır ki, bu günlərdə Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin başlayan məktubu ortaya çıxıb.

Məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib. Məktub da Ramiz Mehdiyevə təqdim olunub, oradan Daxili İşlər Nazirliyinə, DİN-dən isə Ağır Cinayətlər Məhkəməsinin o zamankı sədri Mahmud Nəbiyevə göndərilib. 30 iyul 2018-ci ildə tarixdə yazılan məktubda Elmira Axundova bəzi jurnalistlərin ən ciddi şəkildə cəzalandırılmasını istəyir. Həmin jurnalistlər arasında Mirşahin Ağayevin, Ləman Ələşrəfqızının, Afət Telmanqızının, Fərman Məmmədov və digərləri də var.

Maraqlıdır ki, məktubu yazarkən Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri postunu tuturdu. Bununla belə o məktubunda Ramiz Ənvəroviçdən təkcə xahiş etmir, bəzi məqamlarda isə təhdidlə danışır.

Məktubun ümumi tonu belədir ki, əgər onun dediyi adamlar haqqında tədbir görülməsə o zaman Elmira Axundova bir çox məmurların paxırını ortaya tökəcək. Məsələn, məktubda qeyd edilir ki, onun qanundan qaçaq düşmüş oğlu Həbib Axundovun 3 uşaq atasıdır. Bununla bərabər  o“Həbibin həyat yoldaşından əlavə daha bir qadın saxladığını gizlətmir, bunu adi bir hal kimi təqdim etməyə çalışır. Oğlunun həmin qadınla yayılmış açıq-saçıq videolarına toxunur, oğluna haqq qazandırmaq üçün Ramiz Mehdiyevə müraciətlə,- “Yaxşı, Həbib qanuni arvadından başqa bir qızla maraqlandı. Azərbaycan kişiləri arasında o qadınları kim sevmir, demək olar ki, hər kəsin rəsmi olaraq ikinci, üçüncü olmasa da, arvadı və onlardan qeyri-qanuni uşaqları var. İstəyirsənsə, adlarını da çəkim”,- deyə Ramiz Mehdiyevə xəbərdarlıq edir.

Ən maraqlı məqamlardan biri də Axundova Mehdiyevdən yazan jurnalistlər barədə iqtidar mətbuatında silsilə ifşaedici yazıların yazılmasını istəyir. Sonda isə açıq təhdidlə bildirir ki,“bütün kartlarımı ortaya qoyacağam…”

Elmira Axundovanın rus dilində yazdığı, 5 səhifəlik, yalnız “Ramiz Mehdiyevin oxuması üçün” girişli məktubu “Yeni Müsavat”ın redaksiyasındadır.

Sabiq səfirin bu məktubu əslində bir çox mətləbləri ortaya qoyur. Ən əvvəla ona görə ki, özünü Azərbaycan fədaisi sayan xanım jurnalist hakimiyyətin faktiki ikinci şəxsi olan Ramiz Mehdiyevə özünün istəyinə uyğun olaraq rus dilində yazıb. Və hesab edib ki, Ramiz Mehdiyev onu rus dilində daha yaxşı başa düşə bilər.

İkinci bir maraqlı məqamsa odur ki, Axundova niyə jurnalistlərin məhkəmə orqanları tərəfindən yox, ali icra orqanı tərəfindən cəzalandırılmasını istəyir. Əgər həqiqətən onun hüquqları pozulubsa və kimsə onun haqqında yalan-palan yazıbsa bunun ayırd ediləcəyi ünvan məhkəmədir. Amma sabiq səfir nədənsə başqa yol tutub. Bu da onu göstərir ki, o daha əvvəl bu yollasa kimlərəsə “həyatı başa salıb”.

Digər bir məqamsa odur ki, Azərbaycan məmurlarını topdan təhqir edib. Hamısını çoxarvadlılıqda ittiham edib. Ən əsası da odur ki, Axundova Mehdiyevi açıq şəkildə təhdid edib ki, onun əlində bir sıra məmurlar barəsində ifşaedici faktlar var. Bu isə artıq sözün bitdiyi yerdir. Çünki, nə bu təhdidlərin izahı var, nə də ki, Elmira Axundovanın hikkəsinin ölçüsü.

Amma bütün bunlardan sonra isə bir məntiq hasil olur. O da ondan ibarətdir ki, əslində Axundova başqa məmurları yox, məhz Mehdiyevi hədəfə alıb. Görünür onunla bağlı Elmira Axundovanın əlində çox biabırçı faktlar var.

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla