AZ

Qeyri-neft ixracımızda bu qədər azalma var?..

Image

Fuad İbrahimov: “Azalma əsasən dünyada bu məhsulların qiymətinin ucuzlaşması ilə əlaqədardır”

İqtisadiyyatda makrosabitliyi təmin edən göstəricilərdən biri xarici ticarət dövriyyəsi, yəni bunun həcmi, idxalın ixracdan və ya ixracın idxaldan üstün olması faktoru sayıldığından, tədiyyə balansı və valyuta bazarında vəziyyət məhz buna əsasən müəyyən olunur. Təəssüf ki, bu ilin geridə qalan ilk üç ayı ərzində də sözügedən tendensiya davam edib. Xarici ticarət dövriyyəmiz 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz azalıb.

Ən narahatlıq doğuran məqam ondan ibarətdir ki, bu ilin 3 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin ilk üç ayında Azərbaycan neftdənkənar sektordan 912 milyon dollar qazandığı halda, bu il həmin rəqəm 674 milyon dollara enib. Başqa sözlə, ölkənin qeyri-neft ixracı 26 faiz azalıb. 

Maraqlıdır, qeyri-neft ixracı getdikcə artmaq əvəzinə azalır. Niyə? Nədir bu sahədə problem?

“Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bu ölkələrə mövsümi məhsulların daşınması çətinləşib” 

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Ümumən, qeyri-neft ixracı üzrə azalma əsasən dünyada bu məhsulların qiymətinin ucuzlaşması ilə əlaqədardır. Əsasən bu amil gəlirlərə öz təsirini göstərir. Bizim qeyri-neft sektorunun tərkib hissəsində ilk növbədə emal sənaye sektorunun payı artır. Bu baxımdan rüblər üzrə onu müəyyən etmək və tam qiymətləndirmək çətindir. Hesab edirəm ki, bu, düzgün metodologiya olmaz. Ona görə də iqtisadçı olaraq onu qeyd edim ki, bu ilin üç ayında qeydə alınan rəqəmləri, ötən ilin eyni ayı ilə müqayisə etmək hər hansısa bir iqtisadi vəziyyətin təhlili baxımından tam fikir formalaşdıra bilməz. Bir də gördün növbəti rübdə tamamilə fərqli vəziyyət yarandı. Ona görə də hesab edirəm ki, daha dolğun, bütün iqtisadiyyatı əhatə edə biləcək, iqtisadiyyatın vəziyyəti barədə, ixracımızın potensialı barədə bir fikir söyləyə biləcək bir məqam artıq 9-cu ayda, yəni üçüncü rübdə özünü göstərəcək. O zaman bununla bağlı daha dolğun fikir söyləmək olar. Hesab edirəm ki, bu kimi dəyərləndirmələrdə mövsümü anlayışdan kənarlaşmalıyıq. Azalmaya təsir edən və bizdən asılı olmayan faktorlar var. Məsələ ondadır ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bu ölkələrə mövsümü məhsulların daşınması çətinləşib. Əsasən də bəzi kənd təsərrüfatı məhsullarının ixracında müəyyən əngəllər yaranıb. Bütün bunlara baxmayaraq, proses gedir. Eyni zamanda Rusiyadan vəsaitin gətirilməsində də problemlər var. Bütün bunlara rəğmən, üçüncü rübdə real mənzərəni dəyərləndirmək üçün imkan olacaq”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla