AZ

Elmira Axundova saysız sualları cavablandırmaq zorundadır- qısa açıqlama işə yaramır...

Image

Sabiq deputat, eks-səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin şok məktubu ortaya çıxıb.

Məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub, oradan Daxili İşlər Nazirliyinə, DİN-dən isə Ağır Cinayətlər Məhkəməsinin ozamankı sədri Mahmud Nəbiyevə göndərilib.

Elmira Axundova 30 iyul 2018-ci ildə, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postunu tutduğu günlərdə ona ünvanladığı məktubunda tanınmış jurnalistlərin – Mirşahin Ağayevin, Ləman Ələşrəfqızının, Afət Telmanqızının adlarını çəkir, onları satqın adlandırır, onların barəsində tədbirlər görülməsi üçün addımlar atılmasını tələb edir. 

Elmira Axundova nazirin və bəzi deputatların barəsində də eyni tərzdə fikirlərini izhar etməklə onları müxalifətə işləməkdə ittiham edir.

Yazır ki, onda deputatların müxalifət qəzetlərini maliyyələşdirməsi barəsində məlumatlar var. Elmira Axundova Ramiz Mehdiyevə məktubunda respublikada Fərman Məmmədovun (Həbib Axundovun cinayət işi üzrə zərərçəkən) qabağına çıxarmaq üçün kişi axtardığını yazmaqla onu həbs etməyə çağırır.

Ən maraqlısı isə Elmira Axundovanın Ramiz Mehdiyevdən məktubunda hökumət mətbuatında “Fərman Məmmədov kimdir?” kod adı ilə yazılar təşkil etməsini tələb etməsidir.

Axundova məktubunda Ramiz Mehdiyevin diqqətinə sentyabrda mətbuat konfransı keçirəcəyini yazır, “bütün kartlarımı ortaya qoyacağam... bizim itirəcəyimiz heç nə yoxdur, amma onların itirəcəkləri var” deyir. 

Göründüyü kimi, Elmira Axundova adı müxtəlif qalmaqallarda hallanan Həbib adlı oğlunun müdafəsini dövlətin üzərinə qoymağı tələb edir. Hətta Ramiz Mehdiyevdən bu müdafiənin dövlət qəzetlərində təşkilini istəyir. Öz həmkarları olan jurnalistləri hədəf alan sabiq səfir onlardan oğlu Həbib barədə yazılan yazılara görə inciyir. Gəlin görək, media həmin vaxt Həbibdən təsadüfən yazıb? Həbinin adı özünə yaxın olan model bir qızın dənizdə batmasında, sonra isə elə anasının şikayət etdiyi şəxsə  8 milyon pul borcu olduğuna görə hallanıb. Borc məsələsi ilə bağlı məsələ hüquq müstəvisində araşdırılıb və məhkəməyə qədər uzanıb. Anası isə Həbibi mühüm bir şəxsiyyət, az qala dövlət adamı kimi təqdim edir. Hətta məktubda az qala bütün məmurları ikiarvadlıqda, nigahdankənar övladlarının olmasında günahlandırır. Elmira Axundovanın bu ritorikası onun özünə başucalığı gətirmir. İlk fürsətdən belə, hesabına  kifayət qədər bəhrələndiyi hakimiyyəti və onun məmurlarını ayaq altına almağa hazır olduğu təəssüratını yaradır. Hətta açıq şantajdan  belə çəkinmir. Adam səhlənkar və adı ciddi qalmaqallarda hallanan oğluna görə nələrə əl atır?

Əslində, Elmira Axundovanın məhz bu məktubla bağlı   cavab verməli olduğu çoxlu suallar var. Ancaq sabiq səfir sanki heç nə olmamış kimi bundan yayınır. 

Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə yazdığı danos-məktubu barədə qısa danışıb: “Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb "qol" çəkiblər?"

Göründüyü kimi, Elmira Axundova ortaya çıxan faktlardan və cavab verməli olduğu mətləblərdən səs-küy salmaqla yayınır. Ola bilməz ki, belə məzmunda olan məktub Elmira Axundovanın yadında olmasın. Hər ehtimala qarşı özünə “ayaq yeri” də qoyur ki, “bəlkə özləri yazıb, qol çəkiblər”,-deyir. Kimə lazımdır Elmira xanımın əvəzindən Ramiz Mehdiyevə “donos”  yazsın?

Ancaq Elmira Axundovanın barəsində şikayət etdiyi Fərman Məmmədov yayılan məktubla bağlı maraqlı açıqlama verib. O deyib ki, sabiq səfir onun barəsində  nəinki Ramiz Mehdiyevə, digər dövlət rəsmilərinə də dəfələrlə məktublar yazıb: “Dediniz, təəccüb etmədim. Həmin məktublarla bağlı dəfələrlə araşdırmalar aparılıb, hər dəfə də yazılanların cəfəngiyatdan başqa bir şey olmadığı üzə çıxıb.

Bəli, Elmira Axundova bizə oğlu Həbibin xaricdən katric və dəftərxana ləvazimatı gətirib Azərbaycanda satacağını demişdi. Əslində isə belə bir biznes ümumiyyətlə olmayıb! Sadəcə bir piramida qurulub, mənim və digər insanların pullarını alıblar, özümüzə də bir neçə ay hissə-hissə öz pullarımızdan qaytarıblar. Həbib Axundov da həmin zaman kəsiyində özünün “Favorit” marketlər şəbəkəsini genişləndirib. Yəni varlanıb. Sonra da Elmira Axundova “biznes ruxnul” dedi. Mənə də Həbib Axundov deyib ki, Fərman əmi, narahat olma, sənin pulunu qəpiyinə qədər qaytaracağıq”.

Həbib Axundovun əməlindən zərər çəkən Fərman Məmmədov bu məktubla bağlı hüquqi addımlar atacağını bildirib:  “Bununla bağlı vəkillərimlə məsləhətləşib hüquqi addımlarımızı müəyyən edəcəyik. Cinayət varsa, cəza da var. Əminəm ki, biz zərərçəkənlərə qarşı törədilən cinayət gec-tez araşdırılacaq, hər kəsin əməlinə hüquqi qiymət veriləcək”.

Göründüyü kimi, Elmira Axundovanın oğlunun əməlindən zərər çəkən şəxs haqlı olduğunu israrla sübut etməyə çalışır, ancaq Elmira Axundova mövzunu şərh etməkdən yayımır.

Axundovanın öz məktubunda ittiham etdiyi jurnalist Ləman Ələşrəfqızı məsələyə münasibətini açıqlayıb. Jurnalist qeyd edir ki, Elmira Axundova yenə hakimiyyətdən nəsə umur: “Çox güman ki, deputatlıq. Qulağına səs dəyib ki, aha, seçkilər var və oğulciyəzi Həbibin hoqqabazlıqlarını ancaq deputat mandatı ilə ört-basdır edə bilər. Amma 2018-ci ildə Ramiz Mehdiyevə yazdığı danos-məktubun bu gün mətbuata çıxması xanım əfəndinin əl-qolunu əminəm ki, yanına saldı. Adama xatırlatdılar ki, get, o tərəfdə oyna… Əslində bu məktub Elmira Axundovanın şəxsi keyfiyyətini ortaya çıxarır. Oxuduqca heyrətə gəlirsən. Adam evli oğlunun məşuqəsi haqqında danışarkən dostu Mehdiyevi həm də şantaj edir: tək o gəzmir ki, hamınızın qeyri qanuni nikahdan övladlarınız var deyir. Deputat həmkarlarını şantaj edir, naziri şantaj edir, hər kəsi baqaja qoyur. Ayağında 8 milyon pul, bir gənc qızın ölümü olan oğlu Həbibi mühüm bir şəxsiyyət kimi təqdim edir”.

Elmira Axundovanın müəllifi olduğu məktubda bir çox adamların adı hallanıb, hakimiyyətin müəyyən fərdləri, deputatlarla bağlı iddialar ortaya qoyulub. Artıq adları çəkilən şəxslərdən reaksiyalar gəlir. Çox güman ki, digər şəxslərin də reaksiyası olacaq və bu məktub hələ çox müzakirə ediləcək. İstənilən halda, yaranmış vəziyyət Elmira Axundovanın bu mövzuda gizlənməsini deyil, geniş açıqlama verməsini tələb edir.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla