AZ

“Neftçi” yenə “Qarabağ”a uduzdu: bu dəfə daha acınacaqlı! - REPORTAJ

Bir tərəfdə çempionluğu rəsmiləşdirəndən sonra keçirdiyi 4 oyunun üçündə qələbəyə həsrət qalan “Qarabağ”, digər tərəfdə isə cari “futbol ili”ndə “köhlən atlar” üzərində istər çempionatda, istərsə də kubokda heç bir qələbə qazana bilməyən, avrokuboklara vəsiqəyə can atan “Neftçi”.

Buna qədər keçirilən son 5 oyunun hesablarını (2:0, 2:0, 4:1, 4:0, 4:1) nəzərə alsaq, “Azərbaycan derbisi” ifadəsi belə artıq formal xarakter daşıyırdı. “Neftçi”nin şansını artıran yeganə məqam “Qarabağ”ın motivasıyasızlığı ola bilərdi.

Köhnə-yeni çempion elə ilk dəqiqələrdən rəqibə “dişini göstərməyə” başladı. Artıq 5-ci dəqiqədə “ağ-qaralar”ın qapısı önündə yaranan qarışıqlıq qonaqların daha diqqətli olması üçün siqnal idi. Görünən odu ki, bakılılar bunu ciddi qəbul etmədi. Bunun nəticəsində də 12-ci dəqiqədə topu qapılarından çıxarmalı oldular. İki “44 nömrə”nin mübarizəsində Matiası yerə sərən Cəfərquliyev “çərçivə”ni nişan aldı. Qolkiper bu zərbəni dəf etməyi bacarsa da, ardından Nərimanın zərbəsinin qarşısını almaq mümkün olmadı - 1:0. Hesabda geri düşən Bojoviçin yetirmələrinin hücum cəhdləri isə meydan sahibləri üçün ciddi təhlükə yaratmadı. 39-cu dəqiqədə Toral baxımlı qola imza atmağa yaxın oldu. Lakin zərbəsində azacıq dəqiqlik çatmadı. Buna baxmayaraq, cəmi 2 dəqiqə sonra “günahını yudu” - 2:0. Təbii ki, burda Veşoviçin məhsuldar ötürməsini də qeyd etməliyik. Qonaqlar “köhlən atlar”ın qapısına yol tapmaqda çətinlik çəkirdi. İlk yarıda uzaq məsafədən “çərçivə”yə qeyri-dəqiq zərbə vuran Rəhman bu dəfə dəqiq ola bildi. Sadəcə, Lunyov topun tora qovuşmasına imkan vermədi. Epizodun davamında künc zərbəsiylə matça başlayan “ağ-qaralar” bu dəfə qola çox yaxın olsalar da, yenə bacarmadılar. Belə ki, Şinyaşikinin Yankoviçdən qayıdan zərbəsindən sonra Valdes “qayçı” fəndi işlətdi. Amma yenə də qapıçı yerində idi. 62-ci dəqiqədə Yankoviçin müdafiənin arxasına baxımlı ara ötürməsi zamanı Cəfərquliyev işlək olmayan sağ ayağıyla “çərçivə”yə düşə bilmədi. Bundan cəmi 3 dəqiqə sonra “Qarabağ” 3-cü qolu vuraraq qonaqların xal ümidini “dəfn etdi”. Bakılıların təcrübəli futbolçusu Ozobiçin Romaoyla mübarizədə topu itirməsindən sonra hücuma keçən “köhlən atlar” Leandronun sayəsində tablodakı rəqəmi bir daha öz xeyrinə dəyişdi - 3:0. Hər şey çox sakit şəkildə, sanki belədə olmalıymış kimi davam edirdi. 77-ci dəqiqədə Zubirin qapıçının üzərindən aşırdığı topa Nəriman son anda toxunaraq dublunu rəsmiləşdirdi - 4:0. Bu qolda oyuna sonradan qoşulan Benzyanın Zubiri Rza ilə təkbətək qoyan incə ara ötürməsini də gördük. Qonaqların növbəti darmadağına uğradığı, əsəblərinin tarıma çəkildiyi vaxtda Matias da “qırmızı” aldı. Artıq elə bil Azərbaycan derbisini yox, “Qarabağ”ın məşqin izləyirdik. 85-ci dəqiqədə mövqeyinin ən yaxşılarından olan Silvanın ötürməsini Zubir başla qola çevirdi - 5:0. Daha gözlər tablodakı rəqəmlərə yox, 90 dəqiqənin tamamlanmasına yönəlmişdi. Görünür, İnqilab Məmmədov da publikanın intizarını nəzərə aldı, 2-ci hissəyə vaxt artırmadı. Yeri gəlmişkən, sonuncu dəqiqədə Benzya cərimə zərbəsindən baxımlı qola imza atmağa, hesab arasındakı fərqi 6-ya çatdırmağa yaxın idi. Bu dəfə qapı dirəyi “ağ-qaralar”ın köməyinə çatdı.

Beləliklə, cari mövsümdə kubok və çempionat çərivəsində 6-cı dəfə qarşılaşan komandaların duelində Ağdam təmsilçisi yenə parlaq qələbə qazandı.

Gözdən qaçmadı
* Epziodların birində yan xətt hakimi autu səhv istiqamətə göstərdi. İnqilab Məmmədov onun səhvini düzəltdi (belə hal iki dəfə yaşandı).
* Azarkeşlərdən biri oyunu “Xəzər-Lənkəran” bayrağıyla izləyirdi.
* “Qarabağ” azarkeşlərinin stadiona lent atmasına görə oyunun gedişində fasilə yarandı.
* Azarkeşlərdən bəzisi yerinin tutulmasına görə narazı idi.
* Oyundan öncə meydan çox sulandığına görə futbolçular sürüşürdü.
* “Forza Neftçi” polislərlə mübahisə yaşadı.
* “İmarət Tayfa” fanklubu “Samir Abasov”, “Forza Neftçi” “Neftçi”nin çörəyi haramız olsun” şüarını səsləndirdi.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla