AZ

"Bölgələrdəki uşaqlar qızıl kimidirlər, çox vaxt kəşf edilməmiş qalırlar"

“Sabah” Futbol Akademiyasının “Azərlotereya”nın təşkilatçılığı ilə Tərtər rayonunda seçimlər keçirməsini xəbər vermişdik.

İstedad axtarışları Tərtərlə yanaşı, Ağcəbədi, Zaqatala, Ağsu, Naftalan, Bərdə, Yevlax və Goranboy rayonlarını əhatə edib.

2010-2015-ci il təvəllüdlü uşaqların iştirak etdiyi seleksiya məşqlərində 600-dən çox azyaşlı iştirak edib.

Məşqçilər korpusunun diqqətini cəlb edən 22 uşaq seçimlərin növbəti – Bakı mərhələsində iştirak etmək hüququ qazanıb.

Region səfərində "Sabah" Futbol Akademiyasının koordinatoru Adino Mustedanaqiç də iştirak edib.

Xorvatiyalı mütəxəssis Sportinfo.az-a açıqlamasında gördükləri barədə geniş məlumat verib:

"Uşaqların bu seçimlərə yanaşması, həvəsi və verdiyi enerji məni valeh etdi. Bundan onların, yoxsa bizim daha çox qazandığımızı deyə bilmərəm – futbol oynayan uşaqlar, yoxsa bundan böyük enerji, xoş hisslər qazanan biz məşqçilər. Seçim zamanı uşaqlara hansı xoşbəxtliyi verə biləcəyinizi düşünəndə, bir məşqçi kimi öz işinizə köklənmək çox çətin olur. Düzü, seçimlərə gələn uşaqların sayını görəndə bu mənim üçün xoş sürpriz oldu. Bu özü bizim regionlarda necə “qızıl mədənlər”inə sahib olduğumuzu göstərir. Bu uşaqlar qızıl kimidirlər, çox vaxt kəşf edilməmiş qalırlar. Mənim düşüncəmə görə istedadlar hər yerdə doğulurlar, sadəcə, onların itməsinə imkan vermək olmaz. Futbolun inkişafı yalnız kəmiyyəti keyfiyyətə çevirməklə mümkündür".

O, seçilən uşaqların istedadlarını paytaxtda da göstərmələrinin vacib olduğunu bildirib:

"Biz seçilmiş uşaqları akademiyamızda məşq etmək üçün Bakıya gətirməyi planlaşdırırıq. Onlar burada da məşqlər edərək nəyə qadir olduqlarını göstərməlidirlər. Bunun üçün ən uyğun vaxtı seçməliyik. Bu uşaqlar ən azı buna layiqdirlər. Onlar müxtəlif mühitdən gəlir və bəziləri akademiya təcrübəsinə malik deyillər. Növbəti mərhələ onların məhz akademiya ab-havasına uyğunlaşmasına yönəldilməlidir. Uyğunlaşma dövründən sonra onlar öz istedad və potensiallarını nümayiş etdirməlidirlər ki, Bakıda – akademiyamızda qalsınlar. Burada qalıb-qalmamalarından asılı olmayaraq onların yaddaşında həmişə yaşayacaq müsbət bir xatirə yaratmaq istəyirik".

Əcnəbi mütəxəssis bölgələrdə qalan istedadların peşəkar münasibəti haqq etdiyini sözlərinə əlavə edib:

"Kəmiyyət olmadan keyfiyyətə sahib ola bilməz və ya keyfiyyəti inkişaf etdirə bilməzsiniz. Sadə bir şeyi deyim, hər bir uşaq 9 yaşına qədər peşəkar məşqçilərin rəhbərliyi altında yaxşı məşq və rəqabətlə üzləşməlidir. Bu o qədər də çətin deyil. Bölgələrdəki uşaqlar buna layiqdirlər. Tərtərdəki seçimlərdə olan fotolara baxaraq nə demək istədiyimi görəcəksiniz".

Xanoğlan İmanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla