AZ

COP 29-la bağlı Azərbaycan Prezidenti dünyaya maraqlı çağırış edə bilər...

Image

Samir Hümbətov: “Azərbaycanın bu çağırışı etməsi, təşəbbüsü belə irəli sürməsi müsbət hal kimi dəyərləndirilməlidir”

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda noyabr ayında iqlim dəyişikliyi ilə bağlı beynəlxalq tədbirin (COP 29)  keçirildiyi günlərdə dünyada müharibələrin dayandırılması çağırışının edilə biləcəyi bildirib. Adətən olimpiya oyunları günlərində müharibələrin dayandırılması çağırışı edilir. 

Hikmət Hacıyev bununla bağlı müzakirələrin və məsləhətləşmələrin aparıldığını deyib.

İllər əvvəl Azərbaycan Rusiya ilə Türkiyə arasındakı münasibətlərin tənzimlənməsində mühüm və uğurıu vasitəçilik etdi. Bakının bu təşəbbüsü də uğurla nəticələnə bilərmi?

Siyasi şərhçi Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin belə bir açıqlamasına o da rast gəlib: “Hesab edirəm ki, çox doğru və mühüm bir addım kimi dəyərləndirilə bilər. Çünki Azərbaycan bu təşəbbüsü irəli sürməklə, həm beynəlxalq birlik arasında özünün sülhpərvər olduğunu, həm də dünya dövlətləri arasında qalıcı sülhün rüşeymlərini formalaşdıra bilmək imkanına malik olduğunu göstərəcək. Bu baxımdan düşünürəm ki, belə çağırışlar çox mühümdür. Azərbaycanın bununla bağlı bir çox təşəbbüsləri olub. Həm Türkiyə ilə Rusiya arasında gərgin münasibətlərin, həm də İsrail-Türkiyə münasibətlərinin normallaşdırılması baxımından Azərbaycan aktiv iştirak edib və nəticə də alıb. Belə olan halda, təşəbbüs yenə də nəticə verə bilər. Ancaq burda dövlətlərin öz maraqları var. Azərbaycan, böyük ehtimal, rəsmi şəkildə COP 29 çərçivəsində bir çağırış edəcək. Bu çağırışı da söz xatirinə etməyəcək. Mən düşünürəm ki, diplomatik təmaslar da aparılacaq, ölkələrlə mütləq razılığın əldə olunmasına çalışacaq. Dövlətlərin bu çağırışda nə dərəcədə aktiv olacağı isə sonrakı məsələdir. Bu baxımdan düşünürəm ki, Azərbaycanın bu çağırışı etməsi, təşəbbüsü belə irəli sürməsi müsbət hal kimi dəyərləndirilməlidir”.

Rusiya dünyadan təcrid olunub, tərəfdaşlarının və müttəfiqlərinin sayı getdikcə azalır. Belə bir məqamda Rusiya qonşu və tarixi əlaqələri olan Azərbaycanla münasibətlərini korlamaq istəmir. Həmçinin, son zamanlarda Ermənistanın Qərbin təzyiqi ilə Rusiyadan uzaqlaşdığını da nəzərə almaq lazımdır. 

Ona görə də, Moskva Bakı ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini qorumağa çalışır. 

Azərbaycan Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilər. Şübhəsiz ki, Rusiyanın Azərbaycanla yaxşı münasibətlərində Ukrayna müharibəsinin də rolu var. Çünki Azərbaycan bu müharibədə neytral mövqe nümayiş etdirən tək-tük  dövlətlərdən biridir. Belə olan halda, Türkiyə ilə yanaşı Azərbaycanın da gələcəkdə Rusiya ilə Ukrayna arasında vasitəçilik etməsi gündəmə gələ bilər. Azərbaycan son vaxtlar dünya səviyyəli bir çox bəşəri problemlərin həlli ilə bağlı təşəbbüslər qaldırıb və onların həllinə nail olub.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla