AZ

Rusiyada və Fransada Makronu ələ salırlar...

Image

Fransa prezidenti Emmanuel Makron Çinin dövlət başçısı Si Cinpinlə birgə mətbuat konfransında bildirib ki, ölkəsi Rusiya ilə müharibə aparmır: “Biz nə Rusiya ilə, nə də rus xalqı ilə müharibə vəziyyətindəyik”. O qeyd edib ki, Paris Rusiyada hakimiyyət dəyişikliyinə də can atmır. 

Bütün bunlara Rusiyada olduqca maraqlı reaksiya verilib. Rusiya Federasiya Şurasının İnformasiya siyasəti və KİV-lə qarşılıqlı əlaqə Komissiyasının rəhbəri Aleksey Puşkov Makronun Parisin Rusiya ilə müharibə vəziyyətində olmaması barədə sözlərini şərh edərək, onu ikiüzlülükdə ittiham edib: “Makronun demaqogiyası boş və ikiüzlüdür. Ən əsası, məsələnin mahiyyətini dəyişdirmir. Əgər o, hərbçilərini Rusiya ilə döyüşməyə göndərsə, Fransanı Rusiyaya və xalqına qarşı vuruşan ölkəyə çevirəcək”. Eyni zamanda Puşkov Çin mənbələrinə görə Fransa qoşunlarının artıq Ukraynaya göndərildiyini vurğulayıb. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidentinin ölkəsinin Rusiya ilə müharibə vəziyyətinin olmadığını elan etməsi barədə fikirlərinin real vəziyyətlə ziddiyyət təşkil etdiyini vurğulayıb. Hətta Makronun açıqlamalarına görə, Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirinə bildirilib ki, Rusiya Parisin müharibənin daha da genişlənməsinə səbəb olan dağıdıcı və təxribatçı xəttini qəti şəkildə qınayır. Emmanuel Makron isə bildirir ki, Rusiyaya Ukrayna münaqişəsində qalib gəlmək imkanı verilə bilməz, əks halda Rusiyanın ballistik raketləri Avropa ölkələrini təhdid edəcək: "Ukraynada avropalıların təhlükəsizliyi təhdid altındadır, çünki o, bizim sərhədlərimizdən 1,5 min kilometr aralıda yerləşir. Rusiyanın ballistik raketlərinin gücü və mənzili hamımızı risq altında qoyur".  Makron Kremlin Ukraynaya potensial qoşun göndərilməsi ilə bağlı bəyanatlarını sərt tənqid etməsinə də cavab verib. O, Rusiyanın “əsəb reaksiyası”nı “strateji qeyri-müəyyənlik” strategiyası ilə əlaqələndirib. Xatırladaq ki, Makron fevralda ilk dəfə Qərb qoşunlarının Ukraynaya göndərilməsi imkanını təklif etmişdi. Daha sonra may ayında o, bunun yalnız iki şərtlə mümkün olduğunu açıqladı: cəbhədə Rusiya ordusu tərəfindən irəliləyiş olarsa və ya Kiyevdən rəsmi müraciət olarsa. Fransa lideri vurğulayıb ki, hadisələrin belə gedişatı Avropa İttifaqının təhlükəsizliyi və nüfuzu üçün zəruridir. Kreml Fransa prezidentinin bəyanatlarını kəskin tənqid edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov fransız siyasətçinin sözlərini “çox təhlükəli” adlandırıb. Kreml həmçinin xəbərdarlıq edib ki, NATO qüvvələrinin Ukraynada peyda olması Rusiya ilə qaçılmaz münaqişəyə gətirib çıxaracaq. Üstəlik, NATO ölkələri də Fransa prezidentinin təşəbbüsünü bəyənməyib.

Rusiya mediası isə yazır ki, Fransa öz xarici legionundan Ukraynaya qoşun göndərir və onlar artıq Donbasda rus hərbçiləri ilə döyüşürlər. ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan qeyd edib ki, fransız əsgərləri Ukrayna Silahlı Qüvvələrinin Slavyanskdakı 54-cü ayrı-ayrı mexanikləşdirilmiş briqadasının tərkibində olub. Artıq sosial şəbəkələrdə Fransanın xarici legionunun əsgərlərinin Ukraynada döyüşdüyünü iddia edən video yayılıb. Həmin görüntülərdə üzərində Fransa bayrağı olan əsgərlərin döyüş meydanında öldüyü əksini tapıb. Bununla da ruslar iddia ediblər ki, Ukraynada doğrudan da Fransa əsgərləri döyüşür. Rusiyalı hərbi ekspert İqor Korotçenko məsələ ilə bağlı bildirib: “Fransanın xarici legionunun əsgərləri artıq Slavyanskda yerləşdirilib, müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan “Asiya Tayms” nəşrində deyib. Onun sözlərinə görə, qabaqcıl dəstə 3-cü piyada alayından cəlb edilmiş 100-ə yaxın adamdan ibarətdir. Onların arasında artilleriyaçılar və kəşfiyyatçılar da var. Ümumilikdə, məqalədə deyildiyi kimi, Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün 1,5 min fransız əsgəri gələ bilər. “İsgəndər”lər üçün hədəf var”.   Fransanın ifrat sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen isə qeyd edir ki, Makron eqosu və imicini yaxşılaşdırmaq üçün Ukraynaya qoşun göndərmək məsələsini gündəmə gətirib: “Müharibə bir xalqın və ölkənin başına gələ biləcək ən pis şeydir və mən Emmanuel Makronun bu haqda rahat danışmasına heyrətləndim”. İstefada olan fransız generalı Kristof Qomar isə vurğulayır ki, Makronun Ukraynaya qoşun göndərməyə hazır olması ilə bağlı açıqlamaları cəfəngiyatdır. Fransa ordusu Ukrayna Silahlı Qüvvələrinin hazırda apardığı döyüşə qadir deyil: "Makronun sözləri çoxdur, amma arxasında hərəkət azdır. Əslində, bu halda biz üç mesaj oxuya bilərik. Fransızlara mesaj: "Ehtiyatlı olun, ora gedə bilərik". Digər Avropa ölkələrinə mesaj: “Görünür, biz yenidən silahlanmalıyıq”. Amma Fransa bunu etmədi, ona görə də sakitliyimizi qoruyaq. Üçüncü mesaj isə əslində ruslara ünvanlanıb: “Nə qədər irəli getdiyinizə diqqət edin, çünki sonda sizi dayandırmağa hazır olacağıq və ya buna cəhd edəcəyik". Qomarın sözlərinə görə, Makron tərəfindən Fransa ordusunun Ukraynaya hipotetik girmə ehtimalına hazırlanması üçün hələlik heç bir əməli addım atılmayıb.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla