AZ

Fransanı nə xilas edə bilər?

Makronun tutduğu yol dövlətin siyasi qürubunu tezləşdirir

XXI əsrin inkişaf hədəfləri özündə müasir siyasi-iqtisadi çağırışları, yeni texniki imkanları, əməkdaşlıq və tolerantlığı, xalqların, insanların hüquq və azadlıqlarının daha geniş kontekstdə qorunmasını, xüsusilə ədalətin və beynəlxalq hüququn təminini təcəssüm etdirməkdədir. Bu gün dünya qlobal münasibətlərin artıq coxtərəfli maraqlar üzərində qurulmasına və yürüdülməsinə istinad edir. İstismar etmək, zorla tabe etdirmək, iqtisadi resursların sömürülməsi, fərqli xalqların azadlıq mübarizəsini görməməkdən gəlmək kimi qeyri-sivil davranışlar isə neokolonialist arzuların, düşüncələrin nəticəsi kimi meydana çıxır. Fransa dövlətinin XXI əsrin ortalarına yaxınlaşdığımız bu zaman kəsiyində analoji fəaliyyətlə məşğul olması isə bu ölkənin siyasi rəhbərliyinin imperialist və nekolonialist istəklərindən xəbər verir. 

Vurğulandığı kimi, yeni əsrdə yeni dünya uğrunda mübarizə birliyə, əməkdaşlığa və sülhə əsaslanmalıdır. Bu kimi dəyərləri qorumaqla yanaşı, həm də onları bəşəri, qlobal çağırışlara çevirmək lazımdır. Dünyanın yeni inkişaf mərhələsini formalaşdırmaq istiqamətindəki addımlar məhz bu tezislərə söykənmələdir - yaşadığımız əsr demokratiya, sülh və əməkdaşlıq, humanizm prinsiplərinə söykənən zaman kəsiyinə çevrilməlidir. Fransanın neokolonist həvəsi, müstəmləkəçilik arzuları, irqi və diskriminasiyaya əsaslanan siyasəti, beynəlxalq hüquqa qarşı qeyri-adekvat davranışı bu mənzərənin formalaşmasına imkan vermir. Paris XIX və hətta XX əsrin ilk yarısında olduğu kimi müstəmləkə havasında yaşamaq həvəsindədir, insanları milliyyətinə, irqinə və ya dininə görə fərqləndirir. Zorakılıq bu dövlətin prioritet siyasi vasitəsi kimi çıxış edir - “tarixi təcrübə”lərinə əsaslanaraq insanları qorxu və gücün zoru ilə əsarətdə saxlamaqla bütövlükdə xalqlara qarşı amansız neokolonizm siyasəti həyata keçirilir. İllərlə törətdikləri amansız soyqırımları isə tarixə qara bir ləkə kimi yazılır. 

Neokolonialist arzular...

Fransanın bu çirkin addımları günü-gündən genişlənməkdədir. Məsələn, Korsikanın azadlıq mübarizəsi Fransa üçün artıq uzun illərdir ki, “baş ağrısına” çevrilib - hətta Korsika dilinə qadağa qoyulub. Eyni zamanda, sərhədlərindən çox uzaqda yerləşən ərazilərə belə iddialarını davam etdirən rəsmi Paris Mayot adasını müstəmləkəsinə çevirib - Mayot adası hazırda departament formasında Fransanın nəzarətində olan adadır. Hətta Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanıyıb. Fransa isə beynəlxalq hüquqa hörmət göstərməyərək özünün müstəmləkəçilik siyasətindən əl çəkmir - Mayot adası əsl sahiblərinə təhvil verilmir. Bu isə özünü Avropa demokratiyasının ən əsas dayaqlarından sayan Fransanın əsl xislətini ortaya çıxarmış olur. 

Eyni zamanda, Yeni Kaledoniya, Poleniziya kimi torpaqlar da Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumları sayılır. Fransa hökumətindən bu ərazidə “öz müqəddəratını təyinetmə prosesinin ədalətli və səmərəli qurulmasını asanlaşdırmaq və sürətləndirmək”, eləcə də Polineziya əhalisinin müstəqilliyə qərar verə biləcəyi referenduma və ya öz müqəddəratını təyinetmənin ara statusuna yol açmaq tələb olunub. Amma Fransa yenə də beynəlxalq hüququ ayaqlar altına alaraq özünün müstəmləkə siyasətinə son vermir.

BTQ-nin uğurları...

Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır. Ölkəmiz kolonializmin bütün təzahürlərini pisləyir və insan hüquq və azadlıqlarının qorunmasına böyük önəm verir. Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyini göstərir. Vurğulandığı kimi, Fransa müstəmləkəçiliyinə qarşı yaradılan Bakı Təşəbbüs Qrupu hətta BMT müstəvisində bir sıra sənədlər yayaraq Fransanı ifşa edib. Bu mübarizə dünyada ədalətin bərpasında, həqiqətlərin üzə çıxmasında, Fransanın ifşasında mühüm faktoloji əhəmiyyətə malikdir. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər baş tutub. Yeri gəlmişkən, aprelin 30-da BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans təşkil olunub. Konfransda BMT-nin Vyana bölməsində akkreditə olunan 25 ölkənin diplomatları, 20-dək səfir, 20 ölkənin, xüsusilə də Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti kimi ölkələrin milli hərəkatlarının rəhbərləri və müstəqillik tərəfdarları, müstəqil ekspertlər, beyin mərkəzlərinin nümayəndələri, həmçinin yerli və xarici media təmsilçiləri iştirak ediblər. Konfrans çərçivəsində “Assimilyasiya siyasətinin yerli icmalara mənfi təsiri”, “Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər çərçivəsində insan hüquqlarının inkişafı” və “Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər” mövzularında üç paneldə müzakirələr aparılıb. Konfrans çərçivəsində əlaqələrin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və əməkdaşlığının genişləndirilməsi məqsədilə Fransız Polineziyasının “Tavini Huiraatira” siyasi partiyası ilə Bakı Təşəbbüs Qrupu arasında memorandum imzalanıb. Bakı Təşəbbüs Qrupunun təklifi ilə ATƏT-in media azadlığı nümayəndəliyinə, eləcə də onun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna açıq məktub ünvanlanıb. 

Azərbaycan ifşa etdi...

Bu kimi tədbirlər Fransanın nekolonialist simasının ifşası üçün vacib şərtə çevrilir. Əslində, Fransanın dövlət siyasətinin əsl mahiyyəti hər kəsə bəllidir - özünü təsdiq etmək, Avropada lider statusa yüksəlmək, bu yolla da neokolonialist simasını gizlətmək üçün ağlasığmaz addımlar atan Makron hökuməti bütün sferalarda fiasko ilə qarşılaşır. Son illərdə var gücü ilə Cənubi Qafqazda sülhün və ədalətin bərpasına mane olmağa çalışan Paris bunun qarşılığını aldı - Makron və komandası dünyanın aparıcı siyasi təşkilatlarının toplantılarında ifşa edildi, məğlubiyyət yaşadı. Müharibə dövründə, eləcə də post-müharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Parisin arzuları gözündə qaldı. Cənubi Qafqazda da yürütdüyü neokolonizm siyasətinin fərqli bir mənzərəsini formalaşdırmağa çalışan Fransanın bütün kartları açıldı - Frankafoniya məğlubiyyəti, BMT TŞ-da düşdüyü rəzil durum, Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı boşa çıxan bütün çabaları Fransa üçün ağır zərbəyə çevrildi. İstər prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri, istər Fransa parlamentinin qəbul etməyə çalışdığı qondarma “qətnamə”lər heç bir işə yaramadı. Fransanın regionla bağlı “müstəmləkə arzuları” ürəyində qalır. Bəli, özünün imperialist niyyətini gizlətməyən Fransa Cənubi Qafqaza yönəlik hədə və təhdidlərini artırmaqla hansısa uğura nail ola biləcəyini düşünürdü - amma tam əksinə, Bakı cəsarətlə Fransanın ifşa olunması, qlobal neokolonialist niyyətinin üzə çıxarılması üçün beynəlxalq təşəbbüs məkanı kimi çıxış etdi. Məhz Bakıda formalaşan Təşəbbüs Qrupu bu gün Fransanın apardığı bu çirkin siyasətin bütün təfərrüatı ilə üzə çıxmasını şərtləndirən addımlar atmaqdadır. Beləliklə, Fransanın ifşasında Bakının oynadığı rol əvəzsizdir. Prezident İlham Əliyev Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bildirdi ki, bu, elə bir məsələdir ki, hesab edirəm hər bir normal insan məhz bu hüququ müdafiə edər: “Bir sözlə, bu, çox vacib məsələdir. Bu, həmçinin mədəniyyətlərarası dialoq üçün vacibdir. Biz burada ikiüzlü ola bilmərik, ikili standartları tətbiq edə bilmərik. Yaxud da ki, əgər görürüksə ikili standartlar nümayiş etdirilir, biz buna göz yuma bilmərik. Əgər siz insanlara xoş olan tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma digər tərəfdən, siz dənizdə olan 10-dan artıq ərazidə bunun əksini edirsinizsə, bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil”.

Avropadan təcrid edilir...

Fransanın yürütdüyü bu çirkin siyasi kurs ölkənin Avropa qitəsində də artıq “dışlanmasını” təmin edir. Diqqət yetirsək, son aylarda bir sıra mühüm siyasi proseslər məhz Fransanın iştirakından və ya razılığından kənarda baş tutmaqdadır. Parisin önə çıxmağa çalışdığı bütün məsələlər isə fiasko ilə nəticələnir. Adi bir misal - əksər dövrlərdə eyni mövqedən çıxış edən Almaniya artıq özünün yanaşmlarını Paris ilə uzlaşdırmır. Və ya Şərqi Avropaya, Ukraynaya münasibətdə Aİ üzvü olan dövlətlərin hər biri öz dəsti-xəttini Fransadan fərqli istiqamət üzrə müəyyənləşdirir. Son aylarda Ukraynaya qoşun yeridilməsi ilə bağlı müzakirə edilən məsələdə ortaya qoyulan mövqe bunun bariz sübutudur. Makronun fikirləri cəmisi 24 saat keçməmiş təkzib edildi. Eyni zamanda, Ukraynaya əsgər  göndərən Fransanın addımlarının presedent sayıla bilməyəcəyi demək olar ki, bütün Aİ üzvləri tərəfindən bəyan olundu. 

Aparılan siyasətin konturları ortadadır - neokolonialist düşüncə və addımları ilə özünün siyasi qürubunu tezləşdirən Fransa dövlət olaraq çətin bir durumdadır. Bütün kartlar, bütün əməllər ifşa edilir, beynəlxalq tribunalardan Makron hakimiyyətinin apardığı siyasətin əsl üzü ortaya qoyulur. Avropanın mərkəzində özünü “demokratik dövlət” adlandıran bu ölkənin istismara hədəflənən siyasətinin bütün xırdalıqları üzə çıxır. Bir sözlə, siyasi fiasko reallaşır. Fransa bundan tez bir zamanda çıxış yolu tapmasa... Vəziyyət çətin olacaq. Ən real çıxış yolu isə neokolonialist siyasətdən əl çəkmək, bütün müstəmləkələrə azadlıq vermək və ən əsası Azərbaycan başda olmaqla bütün ölkələrdən üzr istənilməlidir...

P.SADAYOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla